05 Oktyabr 2022 10:30

Agentliyin icra etdiyi Proqramla işə qəbul olunan həkimlər öz uğur hekayəsini yazır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icra etdiyi Proqramla işə qəbul olunan həkimlər öz uğur hekayəsini yazır...

Bu ildən dövlət tibb müəssisələrində xarici ölkədə təhsil alan 30 həkim-mütəxəssis işə başlayıb. Proses İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icra olunan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində həyata keçirilib. Məqsədi tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, tibb və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi olan Proqramın icrası nəticəsində 17 nəfər pediatrik, terapevtik, 13 nəfər isə cərrahi və radioloji profillər üzrə Türkiyədə təhsil alaraq ixtisaslaşan ümumilikdə 30 həkim-mütəxəssis TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində işə başlayıb. Onlar həm xarici təcrübəni və müasir müayinə-müalicə metodlarını tibb müəssisələrində çalışan yerli kadrlara öyrədəcək, həm də həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirəcəklər.

Bəs, gənc uzmanlar bu işin öhdəsindən gələ bilirmi? Onlar işə qəbul olunduqları müəssisələrə adaptasiya olunubmu?

“Karyeradakı ən böyük hədəfim yaxşı həkim kimi ad qazanmaqdır”

Mütəxəssislərdən biri Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində çalışan ümumi cərrahiyyə üzrə uzman həkim Zümrüd Əliyevadır. O, işə may ayında başlayıb. Dediyinə görə, işə başlamazdan əvvəl kifayət qədər həyəcanlı olub: “Müsahibələr zamanı bizə 3 yer seçmək imkanı verilirdi və mən ilk növbədə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə üstünlük verdim. Mərkəzlə elə müsahibələr vaxtı maraqlanmışdım və mənə ən uyğun yer olduğunu düşünürdüm. Digər xəstəxanalardan fərqli olaraq burada uzman həkim fəaliyyət göstərmirdi. Yəni Mərkəz üçün ilk uzman həkim mən oldum. Bu amil üstünlüklə yanaşı, həm də məsuliyyətimi və həyəcanımı artırırdı. Bəzi qorxularım vardı. Xüsusən, burda qəbul olunmamaqdan ehtiyat edirdim. Mərkəzi seçmək mənim üçün cəsarətli addım idi”.

Kifayət qədər peşəkar bir komandaya daxil olmağın məsuliyyəti, əlbəttə ki, ağırdır: “5 aydan çoxdur ki, Mərkəzdə çalışıram və sözün əsl mənasında “xalqa xidmət edirəm” deyə bilirəm. Öz haqları olan, yəni icbari tibbi sığorta ilə tam təmənnasız əməliyyat olunma imkanına sahib insanlara öz hüquqlarından yararlanmalarında kömək edirəm. Bu, mənim üçün xoşbəxtlik səbəbidir. Özümlə qürur duyur, işimdən zövq alıram. Xəstələrimizin də bizdən məmnun qalması xoşbəxtliyimi ikiqat artırır”.

Özünün də kifayət qədər uğurlu tərcümeyi-halı var. Belə ki, Zümrüd Əliyeva tələbə biletini Azərbaycan Tibb Universitetindən alsa da, ona diplomu On Doqquz May Universitetindən veriblər: “Türkiyə universitetləri ilə ATU arasında bağlanan müqaviləyə əsasən təhsilimi Türkiyədə davam etdirdim. Sonra uzmanlıq imtahanlarını uğurla başa vuraraq, İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində ümumi cərrahiyyə üzrə uzmanlıq dərəcəsi

aldım. “Acıbadəm” xəstəxanalar şəbəkəsində uzman həkim olaraq fəaliyyət göstərdikdən sonra ölkəmizə qayıtdım”.

Qayıtma səbəbini isə belə izah edir: “Ölkəmə xidmət etmək qayıdışımın əsas məqsədi idi. Əvvəlcə Masallıda işlədim. Çünki bölgələrdə xidmətin zəif olduğunu, həkimə daha çox ehtiyac olduğunu düşünürdüm”.

Z.Əliyeva bir müddət sonra şəxsi səbəblərlə əlaqədar Bakıda özəl xəstəxanada çalışmağa başlayıb: “Özəl xəstəxanada çalışaraq xalqa xidmət etmək olmur. Buna görə də Agentliyin xaricdə təhsil alanlarla bağlı proqram elan etdiyini eşidəndə sevindim. Bir neçə uzman həmkarımla bu proqramın iştirakçısı olmaq üçün komissiyaya müraciət etdik və uğur qazandıq”.

Təhsil və karyerasındakı çoxsaylı uğurlara baxmayaraq, Agentliyin həyata keçirdiyi “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı özünün şansı hesab edir: “Bu layihə məhz mənim kimi gənclər üçündür. Çünki Elmi Cərrahiyyə Mərkəzinin qapısını özüm birbaşa döysəydim, qapılar üzümə dərhal açılmaya bilərdi. Axı, bu xəstəxanada kifayət qədər mürəkkəb əməliyyatlar icra edən peşəkarlar var. Proqram mənə qapıları daha rahat açmağa imkan yaratdı. Hesab edirəm ki, layihənin məqsədi də elə budur - gənc mütəxəssislərin mövcud qapılardan rahat keçə bilmələrini təmin etmək”.

Dövlətin həyata keçirdiyi gənclərə yönəlik çoxlu proqramlar olduğunu xatırladan gənc mütəxəssis bu prosesin bir parçasına çevrildiyinə sevinir: “Ümumiyyətlə, dövlətimiz gənclərin xaricdə təhsil alması üçün böyük vəsait ayırır, bir-birinin ardınca dövlət proqramları həyata keçirilir. Xaricdə olan yeniliklərin Azərbaycana inteqrasiya olunması üçün icra olunan böyük layihələrdən biri də məhz Agentliyin bu proqramıdır və biz bu prosesin bir hissəsinə çevrilmişik. Yenicə dönməyə başlayan çarxın hərəkətverici qüvvəsi olmaqdan qürur duyuram. Agentlik gənc uzman həkim olaraq mənə kifayət qədər təcrübəli bir heyətlə, peşəkar mühitdə yetişmək, öyrəndiklərimi tətbiq etmək, öz bacarığımı ən yüksək səviyyədə nümayiş etdirmək və bildiklərimi paylaşmaq imkanı qazandırdı. Bir sözlə, dövlət icbari tibbi sığortanın tətbiqi ilə insanların sağlamlığını qoruduğu kimi, belə layihələrlə də biz həkimlərə xalqımıza xidmət etmək imkanı yaradır”.

Bəs bu xidmətdən əldə etdiyi gəlir onu qane edirmi?

Dediyinə görə, gördüyü işdən müəyyən maddi qazanc əldə edir, ancaq mənəvi qazancı daha böyükdür: “Çox istərdim ki, bütün həkimlərin qazancı bizim proqramdakı kimi nizamlansın. Həkimlərin gəliri məsuliyyətinə uyğun olmalıdır. Hesab edirəm ki, belə də olacaq. Bəlkə tez deyil, amma mütləq reallaşacaq”.

Z.Əliyeva bir ay ərzində 30-a yaxın əməliyyat etdiyini söyləyir və bu rəqəmin artmasını istəyir: “Dövlət xəstəxanalarında həm xəstəyə xidmətlə bağlı, həm də təchizat baxımından irəliləyişin olması üçün lazımi işlər görülür və onun miqyasını genişləndirmək lazımdır. Bir həkim kimi

istərdim ki, öz potensialımı tam göstərim, daha çox insanın həyatını xilas edim. Agentlik də bu şəraiti yaratmağa çalışır”.

Z.Əliyevanın ən böyük hədəfi yaxşı həkim kimi tanınmaqdır: “Hədəflərim var və onlara çatacağam. Karyeradakı ən böyük hədəfim yaxşı həkim kimi ad qazanmaqdır. Status, vəzifə, dərəcə, kabinetin mənim üçün önəmi yoxdur. İstəyirəm desinlər ki, Zümrüd xanım yaxşı həkimdir”.

“Proqramın mənə verdiyi bu imkandan lazımınca yararlanıram”

“Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində dövlət tibb müəssisələrində işə qəbul edilən 30 gənc mütəxəssisdən biri də Elnurə Salmanovadır. Respublika Perinatal Mərkəzində 6 ay əvvəl işə başlayan süni mayalanma mütəxəssisi Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə təhsil alıb, Nərimanov Tibb Mərkəzində (5 nömrəli Şəhər Klinik Xəstəxanasında) təcrübə keçib və 1 il yarım Horadizdə çalışıb.

Haşiyəyə çıxaraq qeyd edək ki, müsahibim Füzuli rayonundandır. Neştəri olduğu kimi, qələmi də əlinə ilk dəfə burada alıb. Ancaq 1 milyondan çox azərbaycanlı kimi, onun da taleyinə məcburi köçkünlük yazılıb. O, çadırda belə yaşayıb, amma mənəvi və psixoloji problemlərdən sarsılıb, ruhdan düşməyib. Öncə öz yaralarını sarıyıb ayağa qalxmağı bacarıb, sonra əlinə tibb alətlərini alıb başqa yaralara məlhəm qoymağa çalışıb.

Bir neçə il əvvəl bilik və bacarıqlarını artırmaq qərarına gəlib. Bunun üçün Türkiyənin İstanbul Universitetinə müraciət edib və müsbət cavab alıb. 6 aylıq kurs üçün Bakıdan İstanbula yollanıb: “Ancaq anladım ki, kurslarla istədiyim nəticəni əldə edə bilməyəcəyəm. Türkiyədə tibb təhsili almağa qərar verdim və əvvəlcə Mərmərə Universitetinin Qadın Xəstəlikləri və Doğum bölümünə qəbul olundum, sonradan Konya şəhərində yerləşən Nəcməddin Ərbəkan Universitetinə keçdim”.

E.Salmanova uzmanlıq təhsilini hələ tamamlamadan Azərbaycanda növbəti dəfə həkim kimi fəaliyyətə başlayıb. Belə ki, təhsilini tamamlamağa bir neçə ay qalmış Vətən müharibəsi başlayıb. O günlərdə ürəyi Azərbaycanla döyünən həkimlərdən biri də məhz o olub. Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkil etdiyi xüsusi təyyarə ilə ölkəmizə qayıdan ilk 50 nəfərlik qrupun tərkibində Bakıya gələrək vətəni üçün əlindən gələni etməyə çalışıb.

Bir sözlə, vətənində növbəti dəfə əlinə tibbi ləvazimatlar götürüb, özü də məhz Füzulidə: “Bizi ehtiyac olan xəstəxanalara göndərirdilər. Öz istəyimlə Füzuliyə getdim. Füzuli Müalicə Diaqnostika Mərkəzində əlimdən gələn hər şeyi edirdim - gips qoyur, anesteziya edir, lazım olanda əməliyyata girirdim. Hər gün xəstəxanaya 300 yaralı gəlirdisə, mən onların 280-ni görürdüm”.

Müharibənin bütün ağırlığını üzərində hiss edənlərdən biri olub və elə bu savaş onu qərarlarını yenidən gözdən keçirməyə məcbur edib: “Müharibəyə qədər həyatımı və karyeramı Türkiyədə qurmağı düşünürdüm. Aldığım təhsil sənədi, tibbi bacarıqlar harda istəsəm, işləməyimə imkan verir. Artıq Türkiyədə yaxşı maaşla iş təklifi almışdım. Amma ora mənim vətənim deyil. Ona görə də təhsil sənədimi aldıqdan sonra birdəfəlik qayıtdım və özəl xəstəxanaların birində işə başladım”.

Bu arada “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ın icrası lap yerinə düşüb: “Xaricdə təhsil alan tələbələrin dövlət tibb müəssisələrinə cəlb edilməsi ilə bağlı layihə barədə eşidəndə elə düşündüm ki, Proqram sanki sırf mənə görə elan olunub. Bu layihənin iştirakçısı olmaq mənim üçün çox önəmli idi. İlk növbədə ona görə ki, Proqramın həyata keçirilməsində başlıca məqsəd tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması idi. Deməli, mənim vətənimə ehtiyacım olduğu kimi, burada da mənə ehtiyac var. Məhz bu ehtiyacı ödəmək üçün oxumadımmı? Vətənimin dar günündə sarıq qoydum, yara bağladım, o dar gün bitdi. Bu dəfə də ixtisaslı kadr ehtiyacının ödənməsində iştirak etməliyəm, deyə düşündüm. Bu, həm də mənim ehtiyacım idi. Öz bacarığımı nümayiş etdirmək üçün mənə meydan təklif edilirdi, öyrəndiklərimi tətbiq etmək üçün şans verilirdi. Bu şansdan yararlanmamaq olmazdı. Proqramın da məqsədi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır, mən də xalqıma göstərilən xidmətin keyfiyyətinin artmağında iştirak etmək istəyirəm. Bu, Proqrama olan marağımı artırdı və mən də müraciət etdim. Budur, burdayam və daha əvvəl Respublika Perinatal Mərkəzində aparılmayan əməliyyatları icra edirəm. Proqramın mənə verdiyi bu imkandan lazımınca yararlanıram. Artıq neçə aydır ki, işə başlamışam, hələ eyni həvəs, eyni maraqla çalışıram”.

Ancaq edə biləcəkləri bununla məhdudlaşmır. O, vətənindən daha böyük şans istəyir: “İstərdim ki, burada kafedra təşkil olunsun, təhsil verilsin. Xaricdə təhsil alan bir həkim kimi söz verirəm ki, tələbələri ən yaxşı şəkildə öyrədəcəyəm. Bundan başqa, laboratoriya xidmətlərimizin daha operativ şəkildə qurulmasını istərdim”.

E.Salmanova təklif edir ki, həkimlər gördüyü işə görə dəyərləndirilsin: “Bu gün burada aldığım dualar məni qane edir. Çünki vətənimdə çalışıram. Bura qaməti əyilmiş halda gəlib, qapılarımızdan dik çıxan qadınlarımızı görməkdən zövq alıram. Bununla yanaşı, daha yüksək əməkhaqqı hər həkim kimi mənim də gözləntimdir”.

Etməkdən zövq alacağı işlərin sayı isə çoxdur: “Bir xəyalım vardı, ana bətnində əməliyyat icra etmək. Hələlik bu xəyallarımın gerçəkləşməsi mümkün deyil. Türkiyədə belə sadəcə 6-7 universitetdə tətbiq edilən həmin əməliyyatlar mənim üçün hələlik uzaq xəyal kimi görünür”.

Buna baxmayaraq, ümidləri də böyükdür: “Bilirik ki, icbari tibbi sığorta bütün ölkədə cəmi 2 ilə yaxındır ki, tətbiq olunur. Mən səhiyyəmizdəki bu yeni sistemi yenicə pöhrələnən ağaca bənzədirəm. İnanıram ki, biz 5-10 ilə çox daha yaxşı yerdə, yüksək səviyyədə olacağıq. Uzaq gördüyümüz xəyallarımız real planlara çevriləcək”.

qafqazinfo.az