23 Fevral 2021 16:36

Agentliyin İdarə Heyəti sədrinin müavini “Caspian Energy Club”un “Online B2G Forum”unda iştirak edib

23 fevral 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib.

Forumda həmçinin dövlət qurumlarının və özəl şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumu giriş nitqi ilə açan “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev təşkilat barədə məlumat verib. Onun sözlərinə görə, “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və təşkilatın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından ibarətdir.

Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova bildirib ki, dövlətin diqqət və qayğısı sayəsində əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər görülür: “Ölkə başçısının respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı verdiyi fərman da səhiyyə sisteminin daha sürətlə inkişaf etməsinə imkan yaratmışdır”. N.Bayramova qurumun fəaliyyəti, icbari tibbi sığortanın tətbiqi və 2550 sayda tibbi xidməti əhatə edən Xidmətlər Zərfi barədə iştirakçılara ətraflı məlumat verib: “İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator və stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, eləcə də, stasionar şəraitdə dərman təminatı və  cərrahi əməliyyatlar daxildir”.

Daha sonra N.Bayramova “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.

Telman Əliyev açıq və səmimi dialoqa görə Nigar Bayramovaya təşəkkür edib. Bütün dünyada hökm sürən pandemiya dövründə hər kəsin sağlamlığına diqqət etməsini tövsiyə edib.

N.Bayramova öz növbəsində koronavirusa qalib gəlmək üçün vaksinasiya strategiyasında nəzərdə tutulmuş əhali qruplarının peyvənd olunmasının və vətəndaşlara sosial məsafə saxlamağın, maskadan istifadə etməyin vacibliyini bildirib.