25 Oktyabr 2018 14:20

“Artıq həkim xəstənin əlinə baxmır”

Gülmirə Məmmədova: “İnsanların məlumatlılıq səviyyəsi ilk aylarda çox aşağı idi, “Bütün günü danışırdıq” desəm yalan olmaz”

“İlk vaxtlar çox çətin oldu, çünki kvota qoyulurdu ki, filan qədər xəstəyə baxmaq lazımdır, əks halda maaş qaneedici olmurdu. Amma işimizi qurandan sonra problemlər həll olundu. Artıq ikinci ildir ki, pilot layihə davam edir. Yanvar ayından bu pilot layihədən çıxıb daimi bir sistem kimi tətbiq olunacaq”. Müsahibimizin fikrincə, bu layihənin ikinci ili daha uğurlu olub. Belə ki, həkimlərin özlərinin ixtisaslaşması, kompüterdə xəstəni qəbul etmək, xəstə haqqında məlumatları və proqramların üzərində işləmək, treninqlər keçmək və s. istiqamətlərdə faydalı olub. Deyir ki, indi isə rahatdır, çünki artıq həkim xəstənin əlinə baxmır. Xəstə də rahatdır, həkim də. Onun sözlərinə görə, İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlər ancaq xəstə və onun xəstəliyi haqqında düşünür.

İcbari tibbi sığortanın tətbiqində ən çox müzakirə olunan məsələ bunun həkimlərə sərf etməyəcəyi ilə bağlı idi. Maraqlıdır, görəsən sərf edirmi? Bu istiqamətdə həmsöhbətimiz pilot ərazilərdə pediatr kimi çalışan Gülmirə Məmmədovadır.

- İcbari tibbi sığorta tətbiq olunmamışdan əvvəl və sonra. Həkim olaraq ümumi işinizdə, iş rejiminizdə nələr dəyişdi?

- Ümumi işimizdə çox şey dəyişdi. Ən birincisi stimul yarandığı üçün işləməyə marağımız artıb. İcbari tibbi sığortada hazırda sağlam rəqabət var. Yəni, kim daha çox xəstəyə baxarsa, daha çox qiymətləndirilir. Biz həkimlərin gəliri iki hissədən ibarətdir: əsas və əlavə mükafat. Nə qədər çox xəstəyə baxarıqsa, əlavə bonus hissə o qədər yüksək olur. Ona görə də bizə maraqlıdır. Mən əvvəl Ailə Sağlamlıq Mərkəzində (əvvəlki Uşaq Xəstəxanası) pediatriyada işləyirdim, stasionara xəstə aparmırdım. İndi həm ambulator xəstə baxıram, həm də stasionarda xəstə aparıram. Tək maddiyyat məsələsini deməzdim, həm də öz üzərimizdə işləyirik, layihələrə qatılırıq, kurslara gedirik. Şəxsən mən razıyam. Keçən il iki ay ərzində Türkiyənin Samsun şəhərində “19 Mayıs” universitetində yenidoğulmuşların reanimasiya şöbəsində olmuşam. Bu kurs da mənim inkişaf etməyimə hərtərəfli şəkildə müsbət təsir göstərdi. Üzərimizdə işləyərək, yeni şeylər öyrənərək, kurslara qatılaraq biliklərimizi dərinləşdirməyə çalışırıq.

- Yəqin ki, sizin özünüzün də bu sistemə uyğunlaşmağınız müəyyən qədər vaxt aparıb. Öyrəşmək çətin olmadı ki?

- İlk vaxtlar çox çətin oldu, çünki kvota qoyulurdu ki, filan qədər xəstəyə baxmaq lazımdır, əks halda maaş qaneedici olmurdu. Amma işimizi qurandan sonra problemlər həll olundu. Artıq ikinci ildir ki, pilot layihə davam edir. Yanvar ayından bu pilot layihədən çıxıb daimi bir sistem kimi tətbiq olunacaq. Fikrimcə, bu layihənin ikinci ili daha uğurlu oldu. Həkimlərin özlərinin ixtisaslaşması cəhətdən, kompüterdə xəstəni qəbul etmək, xəstə haqqında məlumatları və proqramların üzərində işləmək, treninqlər keçmək və s. istiqamətlərdə faydalı oldu. İndi isə rahatdır. Artıq həkim xəstənin əlinə baxmır. Xəstə də rahatdır, həkim də. Həkimlər ancaq xəstə və onun xəstəliyi haqqında düşünür.

- Sığortanın tətbiqi həkim olaraq hansı işinizi asanlaşdırır?

- Ən birincisi xəstə ilə kontaktımı asanlaşdırır. Növbə məsələləri var, xəstə kompüterdən barkod götürüb gəlir. Rayon yeridir, növbə məsələsində əvvəllər problemlər yaşanırdı. Demək olar ki, artıq İcbari tibbi sığortanın nəticəsində bu problem aradan qaldırılıb. İnsanlar artıq anlayır ki, barkod alaraq növbəsini gözləməlidir. Bu, bizə də rahatdır, çünki əziyyət çəksəm də bilirəm ki, ayın axırında maaşım alacam, yəni əziyyətim qiymətləndiriləcək. Xəstəni başqa xəstəxanaya yönləndirmək mənə çox rahatdır. Bir həkim kimi çox sevinirəm ki, kiminsə pulsuz əməliyyat olunmasında mənim də rolum olur.

- Çətin olan nələrdir?

- Bizdə bəzi limitlər var, o aradan götürülsə, çox sevinərəm. Belə ki, gün ərzində ən azından on xəstəyə baxmalıyıq, özü də birincili xəstə olmalıdır. Elə xəstə uşaq olur ki, üç-dörd gün gəlir, artıq bu kontrol sayılır. Kontrol da bizim hesabımıza xəstə olaraq vurulmur. Çünki hesabımıza ancaq ilkin olan xəstələr vurulur. Bu da bizə o qədər də sərf etmir, çünki burada 35-dən çox pediatr var. Bunlardan dörd nəfəri stasionarda, yeddi-səkkiz nəfəri acildə, yerdə qalanları isə Ailə Sağlamlıq Mərkəzində işləyir. Ona görə də həmin limiti keçmək bir az çətin olur. İlk aylarda demək olar ki, keçə bilmirdim. 180-200 manat maaş alırdım. İndi isə öhdəsindən gəlməyə çalışıram.

- İcbari sığorta sahəsindən danışanda ən çox narahatlıq doğuran məsələlərdən biri də həkimlərə bu sistemin maliyyə cəhətdən sərf etməyəcəyi ilə bağlı fikirlərdir. Bu sahədə çalışan bir həkim olaraq nə deyə bilərsiniz?

- İşə təzə başlayan vaxtları bizə deyilmişdi ki, maaşlar çox qalxacaq, hardasa 3-4 dəfə artım olacaq. Düzdür, pediatrların maaşında elə də çox artım olmadı, amma ümumilikdə bir çox sahə həkimlərinə sərf etdi. Ultrasəs müayinəsində, radiologiyada, lor həkimi, kardioloq, nevropatoloq və s. bu sahənin həkimlərin maaşı daha yaxşıdır. Çünki onlarda maaşın əlavə hissəsi çox olur. Müqayisə etdikdə dar ixtisaslı həkimlərlə pediatrların maaşı arasında böyük fərq var. Sadəcə biz çalışırıq ki, xəstə baxmaqla, stasionarda xəstə aparmaqla konpensasiya edək.

- İnsanlarımızın məlumatlılıq səviyyəsi necədir? İşə ilk başladığınız vaxtla indini məlumatlılıq səviyyəsi cəhətdən müqayisə edə bilərsiniz?

- İnsanların məlumatlılıq səviyyəsi ilk aylarda çox aşağı idi. “Bütün günü danışırdıq”, desəm yalan olmaz. Xəstəyə baxmaqdan çox insanlara məlumat verirdik, maarifləndirirdik. İndi artıq yavaş-yavaş düzəlir, insanlar məlumatlanırlar. Bilirlər ki, bütün bu proseslər kompüterləşmə ilə həyata keçirilir. Belə ki xəstələr xəstəxanaya qəbula gəlirlər, kompüterdən qeydiyyatdan keçirlər, həkimin adına sığortanın xəzinəsinə 3 manat pul ödəyirlər, barkod alırlar və daha sonra həmin kodla həkimin qəbuluna gəlirlər. Yəni xəstə orda qeydiyyatdan keçməmiş qəbul etmirik. Onu da qeyd edim ki, xəstə Ailə Sağlamlıq Mərkəzindən göndərilirsə bu zaman ödəniş tələb olunmur. Bəziləri olur ki, qeydiyyatdan keçməmiş birbaşa gəlir. Belə olan halda geri göndəririk ki, barkod alıb gəlsin. Barkodu olan xəstəni qəbul edirik. Hansısa xəstə problem yaratdığı halda mühafizəni çağırırıq və xəstəxanadan kənar edilir.

- İnsanların məlumatsız olması sizin işinizi nə dərəcədə çətinləşdirirdi?

- Çox çətin idi, Yevlax rayonun camaatı indi-indi bu sistemə adaptasiya olur. Bilirlər ki, anket açdırmaq, kompüterdən qeydiyyatdan keçmək lazımdır. Həkimin qəbuluna gəlmək qaydasını artıq öyrəniblər. Düşünürəm ki, çox əziyyət çəkdik, amma nəticə yaxşı oldu.

- İnsanlar məlumatlandıqca icbari tibbi sığorta ilə bağlı fikirlərində nələr dəyişir?

- Müsbət istiqamətə doğru dəyişikliklər oldu. “Bu nə sistemdir, beş-üç manat verirdik canımız qurtarırdı” şəklində danışırdılarsa, artıq bu fikirləri müsbət istiqamətə doğru dəyişib. Çünki artıq daha rahatdırlar və bu sistemə öyrəşiblər.

Könül Əhmədova, http://ucnoqta.az/news/70183

Zəng sifariş et