13 Avqust 2020 23:43

Azərbaycanda kubalı həkimlərin işi müsbət qiymətləndirilir

Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondo Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə baş çəkib və bu səhiyyə ocağının direktoru İlham Qafarovla görüşüb.

Səfirlikdən Azvision.az -a verilən məlumata görə, xəstəxananın direktor müavini Hüseyn Məsimov, Beynəlxalq Əlaqələr departamentinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin protokolunun rəhbərləri də görüşdə iştirak edib.

Tərəflər Kubanın “Henry Reeve” tibb briqadasının Azərbaycanda fəaliyyətə başlamasından ötən müddət ərzində xəstələrə olan xidmət keyfiyyətinin yüksəlməsi, habelə yerli tibb işçiləri arasında yoluxma riskinin azalmasında onların birbaşa müsbət təsirini vurğulayıblar.

Səfir öz növbəsində 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində iki ölkənin prezidentinin görüşü zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələsinə xüsusi diqqət ayrıldığını qeyd edib. Eyni zamanda, kubalı həkimlərin buraya gəlişinin ikitərəfli münasibətlərə, xüsusilə də hər iki xalqın bir-birinə yaxınlaşmasına təkan verdiyini vurğulayıb.

Fürsətdən istifadə edərək, diplomat qarşı tərəfi “Hamı üçün sağlamlıq” şüarı altında Kubada keçirilən elm və səhiyyə sahəsində tədbirlərə, habelə xəstəxanalararası tvinninqə dəvət edib.

Həkim briqadasının rəhbəri doktor Dalsi Torres Avila və Kubanın Xarici İşlər nazirliyinin ikinci katibi Liset Kamaço Vivo müalicə protokolları və Kuba istehsalı olan bəzi unikal biotexnologiya dərman preparatları məsələsinə toxunub. Hər iki tərəf göstərilən isti münasibətə görə təşəkkürlərini ifadə ediblər.
Həkim İlham Qafarov və müavini Hüseyn Məsimov kubalı həkimlərin bu səhiyyə ocağında gördükləri işə görə təşəkkürlərini bildiriblər, xəstəxananın bölgüsü və fəaliyyəti barəsində məlumat veriblər.

Məlumatda vurğulanıb ki, 13 avqust tarixində, Baş Komandanın anadan olmasının 94-cü ildönümündə, Kubanın 42-ci tibbi briqadası “Henry Reeve” Azərbaycanda COVİD-19-la mübarizənin birinci ayını qeyd edəcək.

7 avqust tarixinə olan rəqəmlərə görə, Kuba tibb briqadası 3688 xəstəni müalicə edib, 97 nəfərin həyatını xilas edib, 4688 tibbi prosedur həyata keçirib.

Zəng sifariş et