01 Aprel 2022 17:35

AZƏRTAC-ın əməkdaşları üçün icbari tibbi sığorta sistemi mövzusunda təlim keçirilib

Ötən ilin aprelin 1-dən Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta sahəsində maarifləndirmə işini də həyata keçirir. Qurumun ekspertləri kollektivlərdə görüşlər keçirir, icbari tibbi sığorta sistemi barədə məlumat verir, sualları cavablandırırlar.

Belə görüşlərdən biri aprelin 1-də AZƏRTAC-ın əməkdaşları ilə aparılıb.

Görüşdə bildirilib ki, sığortaolunanların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə vətəndaşlar istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndərişsiz müraciət edə bilirlər.

Qeyd olunub ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Bu ilin ilk iki ayının göstəricilərinə görə, ölkə üzrə 1 milyon vətəndaşa 5 milyondan çox xidmət göstərilib. Bu, ölkə əhalisinin 13 faizi deməkdir. Bakı şəhəri üzrə həmin dövrdə 400 mindən çox vətəndaşa 500 mindən çox xidmət göstərilib və bu, ümumi göstərilən icbari tibbi sığorta xidmətinin 37 faizini təşkil edir. Ölkəmizdə icbari tibbi sığorta xidməti tətbiq olunandan həkim və orta tibb işçilərinin əməkhaqqında da xeyli artımlar yaranıb. Səhiyyədə tətbiq olunan həmin xidmətlərdən sonra 10 min manata yaxın maaş alan həkimlər var.

Agentliyin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov və Marketinq və tədbirlər şöbəsinin rəhbəri Pərvin Baxşəliyeva təlimdə əvvəlcə icbari tibbi sığorta haqqında ümumi məlumat verib, icbari tibbi sığorta haqları, xidmət zərfində yer alan tibbi xidmətlər, özəl tibb müəssisələrində sığorta çərçivəsində tibbi xidmətdən istifadə etməyin qaydaları, agentliyin müqaviləsi olan özəl tibb müəssisələrinin siyahısı və icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilmə qaydası izah edilib.

Təlimdə, həmçinin sığortaolunanların hara müraciət etmələri, ailə həkimi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə təminat, ambulator müalicələr üçün qəbul qaydaları, stasionar müalicə üçün göndəriş qaydaları və s. barədə də ətraflı məlumat verilib, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

azertag.az