23 Oktyabr 2018 16:15

Daha həkimə gedəndə əlimiz cibimizdə olmayacaq

İcbari tibbi sığorta nədir və onun hansı modelləri var?

Mozalan satirik kinojurnalının bir nömrəsi, yəqin, çoxunuzun yadındadır. Xəstəxanaya yeni baş həkim təyin olunur. Bu iri cüssəli, zəhmli adam tibb ocağına ayaq basar-basmaz əmrlər yağdırmağa başlayır. İşçiləri ən çox təşvişə salan məqam isə baş həkimin cibsiz xələt geyinməsi olur. Tibb bacısının “vaxsey, təzə xələt verdim götürmədi, özü ilə gətirdiyi xələti geyindi, o da cibsiz”, deyir. O biri həkimlər də “cibləri yoxdur, deməli alan deyil”, “müalicə pulsuz olacaq, uşaqlarımız acından qırılacaq” deyib, qorxuya düşürlər. Xəstəxananın ən qocaman həkimindən “kolleqa, qabaqlar da cibsiz xələt olub?” deyə soruşanda isə ağsaqqal “dədə-babadan belə şey görməmişəm, ay oğul”, deyir. Axırda məlum olur ki “Hippokrat andını ürəyinizdə yox, cibinizdə gəzdirirsiz, qənim olsun sizə o kişinin andı” deyə asıb-kəsən baş həkim xələtını tərsinə geyinibmiş. Yəni, baş həkimin də xələtinin cibləri var, özü də necə lazımdı...

Mozalandakı yaşlı həkimin dediyi kimi, bizdə elə dədə-babadan, hətta kollektiv mülkiyyət sisteminə əsaslanan sovet hökumətinin vaxtında belə həkimin xələtinin cibinə pul basmaq adi hal olub. Hami fikirləşib ki, həkimə hörmət eleməsə, xəstəsinə yaxşı baxmayacaq. Heç birimiz də xəstələnməkdən xali deyilik. Bəs tibbi xidmətin ən bahalı xidmət növündən biri olduğunu nəzərə alsaq, bu problemi necə həll etmək olar ki, həm vətəndaşların sağlamlığı qorunsun, həm də həkimlər normal maaş alsın? Dünyanın qabaqcıl ölkələri bu sahədəki çətinlikləri icbari tibbi sığorta sisteminin sayəsində aradan qaldırırlar.

İctimai həmrəylik prinsipi

Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var və dövlət səhiyyənin bütün növlərinin inkişafı məqsədilə zəruri tədbirlər görməklə yanaşı, tibbi sığortanın müxtəlif növləri üçün də imkan yaratmalıdır. İcbarı tibbi sığorta – sığortalanmış şəxsin pulsuz tibbi yardım almasını təmin etmək məqsədilə dövlət tərəfindən yaradılan hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. Əslində burada “pulsuz” sözü bir qədər nisbi xarakter daşıyır. Çünki icbari tibbi sığorta ictimai həmrəylik prinsipi ilə işləyir. Adından da göründüyü kimi bu sığorta növü məcburi sosial sığortalara aiddir. Hamı (dövlətin himayəsi altında olan əhali qrupları istisna olmaqla) məcburi şəkildə illik müəyyən miqdarda tibbi sığorta haqqı ödəyir. Amma bütün vətəndaşlar eyni vaxtda xəstələnib həkimə müraciət etmədiyi üçün bu durumda sağlam vətəndaş xəstə soydaşının xərclərini ödəmiş olur. Bununla belə, səhhəti qaydasında olan insan da nə vaxtsa xəstələnməyəcəyindən əmin deyil. Odur ki, sabah azarlayıb yatağa düşsə, xəstəxana xərclərinin qarşılanacağını bildiyi üçün ürəyi rahat olur. Dövlət isə sığorta olunanların hüquqlarının təminatına zəmanət verir.

Dünya təcrübəsi nə deyir?

Yuxarıda bəhs olunan qayda icbari tibbi sığortanın ümumu prinsipidir. Dünyada həmin prinsip əsas götürülməklə, fərqli maliyyələşmə modelləri tətbiq olunur. Onlardan biri 22 ölkədə, o cümlədən, Böyük Britaniya, Kanada və Avstraliyada da istifadə olunan “büdcə” modelidir. Bu zaman vətəndaşların səhiyyə xərcləri dövlət büdcəsinə daxil olan vergi vəsaitləri hesabına qarşılanır. Bu sistemin mənfi cəhəti ondadır ki, vətəndaşlar hər şeyi dövlətdən gözləməyə başlayır, tibb müəssisələri isə bir-biri ilə rəqabət aparmaqda maraqlı olmurlar.

Dünyada səhiyyənin maliyyələşdirilməsində ən geniş yayılmış model - sosial tibbi sığortadır. Almaniya, Fransa, Yaponiya kimi ölkələr də daxil olmaqla, 30 dövlət əhalisinin səhiyyə xərclərini bu yolla ödəyir. Xərclər dövlət, işəgötürən və işçilər tərəfindən qarşılanır. Sosial tibbi sığorta sistemində bütün tərəflər sağlamlığın təminatında öhdəlik daşıdığı üçün keyfiyyət və effektivlik də yüksək olur.

Əsasən ABŞ-da tətbiq olunan özəl tibbi sığorta növü də var ki, bu da işəgötürənlərin və işçilərin könüllü vəsaitləri hesabına maliyyəşdirmə sisteminə əsaslanır.

Tibbi sığortanın Sinqapur modeli

Cənub-Şərqi Asiyanın bu ada-dövləti tətbiq etdiyi tibbi siğorta modeli ilə bütün dünyanın diqqətini özünə cəlb edə bilib. Hətta vaxtilə Barak Obama administrasiyası ABŞ səhiyyə sistemində islahatlar apararkən Sinqapuru nümunə götürüb. Sinqapurun səhiyyə sistemi 2000-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən Asiyada ən yaxşı modellərdən biri elan olunub. Political and Economic Risk Consultancy (PERC) təşkilatı isə 2003-cü ildə Sinqapur tibb sistemini bütün dünyada ən uğurlu 3-cü səhiyyə modeli kimi qiymətləndirib. Bir sözlə, hazırda Sinqapurda əlçatan qiymətlərlə bütün növ tibbi xidmətləri almaq mümkündür. Məsələn, həkim-terapevtin qəbulu 20-30 dollar, qan analizi və rentgen müayinəsi isə 50-80 dollar arasında dəyişir. Bu ölkədə həm dövlət, həm də özəl xəstəxanalar fəaliyyət göstərir. Sinqapur vətəndaşları subsidiyalaşdırılmış tibbi xidmət almaq hüququna malikdir. Bu xidmətlər dövlət xəstəxanaları vasitəsilə göstərilir və subsidiyalar 50-80 fazi təşkil edir. Səhiyyə xərclərinin qalan hissəsi isə Mərkəzi Ehtiyat Fondu (Central Provident Fund -CPF) tərəfindən qarşılanır. Fonda vəsaiti hər kəs öz əmək haqqından ödəyir. Və sosial tibbi sığorta sistemindən fərqli olaraq, burada kim fonda nə qədər vəsait qoyursa, həmin pul son qəpiyinə kimi onun öz müalicəsinə xərclənir. Başqa sözlə, Sinqapurun tibbi sığorta sistemində yuxarıda haqqında danışdığımız “ictimai həmrəylik” prinsipi keçərli deyil.

Estoniya keçmiş SSRİ-də birincidir

SSRİ dağılandan sonra bu məkanda icbari tibbi sığorta sistemini ilk tətbiq edən ölkələrdən biri Estoniya oldu. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, 1992-ci ildən bu sistemə keçən Estoniyada hazırda vətəndaşların 74 faizi tibbi sığorta ilə təmin olunub. Tibbi sığortanın maliyyələşdirilməsi hər bir işləyən şəxsdən tutulan sosial vergi hesabına yerinə yetirilir. Amma bir qrup insanlar da var ki, onların səhiyyə xərclərini dövlət öz üzərinə götürüb. Bura 19 yaşına kimi uşaq və yeniyetmələr, doktorantlar da daxil olmaqla bütün tələbələr, pensiyaçılar, rəsmi qeydiyyatda olan işsizlər, hamilə qadınlar, əlillər və onların himayəçiləri, işləməyən və 3 yaşına kimi uşağı olan valideynlər, hətta vətəndaş nikahında olub, 8 yaşına çatmamış övlad sahibi olanlar da daxildir. Bu ölkədə sosial sığorta haqqını bütünlüklə işəgötürən ödəyir və onun həcmi də əmək haqqının 33 faiz qədərdir. İşləməyən və güzəştli kateqoriyaya daxil olmayanlar isə tibbi sığorta haqqını özləri ödəməlidir. Bu məbləğ də ölkədəki minimum əmək haqqının (2016-cı ildə 1146 avro həddində olub) 13 faizi qədərdir. Nəticələrə gəlincə, hazırda Estoniyada icbari tibbi sığorta sayəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan xərci xeyli azaltmaq mümkün olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, 2015-ci ildə bu ölkədə Ümumi Daxili Məhsulun yalnız 6 faizi səhiyyəyə xərclənsə də, insan ömrünün müddəti təxminən 69 yaşdan 78 yaşa qədər yüksəlib.

Bununla belə, Avropa İttifaqının “Azərbaycanda İcbari Tibbi Sığorta sisteminin tətbiqinə dəstək” layihəsinin rezident tvinninq müşaviri Gediminas Çerniauskasın sözlərinə görə, icbari tibbi sığortanın tətbiq olunduğu ölkələr dövlətin maliyyə mənbələrindən tamamilə imtina etmirlər. Məsələn, Estoniyada səhiyyə xərclərinin 92 faizi icbari tibbi sığorta, yerdə qalanı isə dövlət vəsaiti hesabına qarşılanır.

Azərbaycanda vəziyyət necədir?

Bizdə icbari tibbi sığorta hələlik yalnız bir şəhər, iki rayon - Mingəçevir, Yevlax, Ağdaşı - əhatə edir və pilot layihə şəklində tətbiq olunur. Layihəyə Avropa İttifaqı dəstək verir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanovun sözlərinə görə, hazırda bu ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar və məcburi köçkünlər baza zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilirlər. Yerdə qalan tibbi xidmətlər isə ödənişli əsaslarla həyata keçirilir. Baza zərfinə 1829 tibbi xidmət daxildir.

Artıq layihənin nəticəsindən danışmaq da mümkündür. Agentliyin monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirovun verdiyi məlumata görə, sözügedən ərazilərdə 2016-cı illə müqayisədə 2017-ci ildə əhali sağlamlığı üzrə maliyyə yükü baza zərfi çərçivəsində 100 faiz azaldılıb. Bundan başqa, cərrahiyyə əməliyyatlarının sayı 50 faiz artıb. Məsələn, 2017-ci ildə təkcə 375 nəfərə ürək-damar cərrahiyyəsi üzrə xidmət göstərilib.

Qeyd edək ki, Azərbaycan modelində icbari tibbi sığorta haqqının işləyən vətəndaşın maaşından vergi şəklində çıxılması nəzərdə tutulub. Digər vətəndaşlar isə illik 120 manat ödəməklə tibbi xidmətlərdən yararlana biləcəklər. 18 yaşadək uşaq və yeniyetmələr, əyani təhsil alan tələbələr, pensiyaçılar, hamilə qadınlar, sosial müavinət və ünvanlı sosial yardım alanlar bu haqqı ödəməkdən azaddır.

Aynurə Haqverdiyeva, bizimyol.info 

Zəng sifariş et