27 Noyabr 2019 16:37

Ekspert: İcbari tibbi sığortanın tətbiqi 2020-ci ilin ən böyük sosial islahatlarından biri olacaq

Gələn il Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Bu mühüm islahat tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi və əlçatanlığın artırılması məqsədi daşıyır. AZƏRTAC mövzu ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseynin müsahibəsini təqdim edir.

- 2020-ci ildən ölkə miqyasında icbari tibbi sığortanın tətbiqi bizə nə vəd edir?

- İlk olaraq onu deyim ki, gələn il Azərbaycanda həyata keçiriləcək ən böyük islahat tədbirindən biri icbari tibbi sığortanın tətbiqidir. Mən tibb işçisi deyiləm, amma bir iqtisadçı və ölkəmizdə iqtisadi islahatların təhlili ilə məşğul olan bir qurumunun təmsilçisi kimi icbari tibbi sığortanın tətbiqi məsələsinə münasibət bildirə bilərəm. Hər şeydən öncə mən bir vətəndaş kimi bu islahat təbirinin uğurlu olmasını və cəmiyyətimizin hamılıqla bu sahədəki islahatlara dəstək verməsini arzulayıram. Bu islahatın uğurla həyata keçirilməsi nəticəsində əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı yaxşılaşacaq. Yəni, səhiyyə sistemində islahatların aparılması, icbari tibbi sığortanın tətbiqi təkcə dövlətin və ya tibb işçilərinin yox, hər bir vətəndaşın maraqlarına uyğundur. Çünki icbari tibbi sığorta dünyaya göz açan körpədən tutmuş yaşlı vətəndaşa kimi hamını əhatə edəcək. İlkin mərhələdə bu islahatın əsas maliyyə yükü dövlətin üzərinə düşəcək. Amma öncədən onu deyək ki, icbari tibbi sığortanın tətbiqi mərhələlərlə həyata keçiriləcək. Xarici təcrübəyə də baxsaq görərik ki, bir çox ölkələrdə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşır. Odur ki, cəmiyyət olaraq bu islahatları dəstəkləməliyik və hər bir vətəndaş onun uğuru üçün öz töhfəsini verməlidir. Çünki bu islahatın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Nəzərə alaq ki, icbari tibbi sığorta həmrəylik və sosial ədalətlilik prinsipinə əsaslanır. Ölkə miqyasında icbari tibbi sığortanın tətbiqini bu il ölkəmizdə həyata keçirilən sosial islahatların davamı kimi qiymətləndirə bilərik.

- İcbari tibbi sığorta haqlarının ödənilməsi necə həyata keçiriləcək?

- İcbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin böyük bir hissəsi dövlət tərəfindən qarşılanacaq. Hamı ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardımdan istifadə edəcək. Xüsusən də imtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək. 18 yaşına çatmamış şəxslər, əyani təhsil alan tələbələr, işləməyən təqaüdçülər və aztəminatlı ailələr diqqətdə saxlanılacaq. Məhz burada bir nüansı da nəzərə alaq ki, 2020-ci ilin dövlət büdcəsinin layihəsində “Səhiyyə” bölməsi üzrə bu ilin gözlənilən icra göstəricindən 34 faiz çox vəsait nəzərdə tutulub. Gələn il səhiyyə ilə bağlı xərclərin cəmi büdcə xərclərində xüsusi çəkisi 5,1 faiz təşkil edəcək. Bu, dövlətin əhalinin daha yaxşı səhiyyə xidmətlərinə çıxışını təmin etmək məqsədini daşıyır.

Digər vətəndaşlar üçün də sığorta haqlarının ədalətli olması istiqamətində iş aparılır. Bildiyiniz kimi, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişiklərə əsasən, 2020-ci il keçid ili olduğu üçün qeyri-neft-qaz sahəsində fəaliyyət göstərən özəl sektora xüsusi yanaşma tətbiq edilib. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar neft-qaz sahəsində fəaliyyəti göstərənlərdən və dövlət sektorunda işləyənlərdən daha az sığorta haqqı ödəyəcəklər. Bu, qeyri-neft sektorunda çalışan işçinin əməkhaqqının 8000 manata qədər olan hissəsi üçün 1 faiz, 8000 manatdan yuxarı olan hissəsi üzrə isə 0,5 faiz sığorta haqqı ödəyəcəyi ilə izah olunur. Vətəndaş bu sığorta haqqını ödəməklə xidmətlər zərfindəki müxtəlif xidmətlərdən istifadə imkanı qazanacaq. Onu qeyd edək ki, icbari tibbi sığortanın tətbiq edildiyi ölkələrlə müqayisədə Azərbaycanda faizlər aşağıdır. Məsələn, qonşu Rusiyada bu ödənişlər 5,1 faiz, Türkiyədə 12,5 faiz, Estoniyada 13 faiz təşkil edir. Dünya ölkələrinin təcrübəsinə baxsaq görərik ki, bu sahədə islahatlar davamlı xarakter daşıyır. Azərbaycanda da növbəti illərdə vətəndaşların daha yaxşı səhiyyə xidmətləri ilə təmin olunması məqsədilə islahatlar daha da dərinləşdiriləcək.

- İcbari tibbi sığortanın mərhələli tətbiqi ilə bağlı nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihə Mingəçevir şəhəri və Yevlax rayonunun müəyyən ərazilərini əhatə edib, ötən ildən isə Ağdaş rayonu ərazisində də tətbiq olunub. Bunu biz həm də başlanğıc mərhələsi hesab edə bilərik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı təkliflərini açıqlayıb. Belə ki, agentlik ölkədə icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir. Çünki icbari tibbi sığortanın tətbiqi zamanı riskləri azaltmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün mərhələli keçid zəruridir. Etiraf edək ki, bu çox böyük islahat tədbiridir və onun həyata keçirilməsi, eyni zamanda, vətəndaşların məmnunluğuna səbəb olmalıdır. Yəni ölkədə fəaliyyət göstərən tibb işçiləri də yeni qaydalara və standartlara uyğun fəaliyyət göstərəcəklər. Tibb müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq olunacaq. Buna görə də agentlik islahatın əhatə dairəsinin genişliyini nəzərə alaraq, prosesə yumşaq keçid etmək istəyir.

İcbari tibbi sığortanın tətbiqi ilə xüsusən də paytaxtda yerləşən tibb müəssisələrinə müraciətlərin sayında ciddi artım gözlənilir. Amma bu kütləvi müraciətlər tibbi xidmətlərin keyfiyyətinin aşağı düşməsinə səbəb olmamalıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də mərhələli keçidi təklif edərkən məhz bu amilləri nəzərə alıb. Mən prosesə ilk olaraq regionların cəlbinə müsbət yanaşıram. Çünki regionlarda vətəndaşlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması daha aktualdır və bu, vətəndaşların səhhətindəki kiçik problemlərdən ötrü paytaxta müayinəyə gəlməsindən xilas edəcək. Mərhələli keçid dedikdə burada regionlar arasında bir neçə ay fərqindən söhbət gedir. Yəni 2020-ci ildə bütün ölkədə icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar xidmətlər göstəriləcək.

- Məgər icbari tibbi sığortanın paytaxtdan başlayaraq regionlarda tətbiqi prosesin daha sürətli getməsinə səbəb olmazdımı?

- Burada söhbət tibbi xidmətlərə daha çox ehtiyac duyulan bölgələrə üstünlük verilməsindən gedir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, ölkə üzrə tibbi kadr potensialının əsas hissəsi paytaxta cəmləşib. Belə ki, dövlət tibb müəssisələrində işləyən həkimlərin 59 faizi və ya 17 min 231 nəfəri Bakıda fəaliyyət göstərir. Paytaxtımızda əhalinin hər 10 min nəfərinə 77,4 həkim düşür ki, bu da ölkə üzrə orta göstəricidən 2,5 dəfə çoxdur.

Oxşar tendensiya tibb müəssisələrinin ölkə üzrə bölgüsündə də müşahidə edilir. Səhiyyə Nazirliyinin tabeliyindəki xəstəxanaların şəbəkəsinə daxil olan 472 stasionar tibb müəssisəsini təhlil edərkən məlum olur ki, xəstəxanaların 19 faizi, çarpayı fondunun isə 37 faizi Bakıda cəmləşib. Paytaxtda əhalinin hər 10 min nəfərinə 62,6 xəstəxana çarpayısı düşür ki, bu da ölkə üzrə göstəricidən 1,6 dəfə yüksəkdir. Burada bir faktı da qeyd etmək yerinə düşər ki, bu sahədəki elmi-tədqiqat institutları, Azərbaycan Tibbi Universitetinin tabeliyində olan xəstəxanalar da paytaxta yerləşir. Təhlillər göstərir ki, Bakıda hər 100 nəfərə düşən stasionar xidmət və cərrahi əməliyyatların sayı ölkə üzrə göstəricidən 2 dəfə yüksəkdir.

Bu rəqəmlərdən göründüyü kimi, prosesə ilk olaraq regionlardan başlamaq daha məqsədəuyğundur.

- İcbari tibbi sığortanın səhiyyə sisteminə və həkimlərə nə kimi faydası olacaq?

- Bəli. Ümumilikdə bu proses əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və əlçatanlığın yaxşılaşmasına səbəb olacaq. Bunun tibbi personala faydasına gəlincə isə səhiyyə sistemində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək və tibb müəssisələrinə müstəqil idarəçilik hüququ veriləcək. Tibb işçilərinin əməkhaqlarının baza hissəsi artırılacaq və nəticədə həkimlər arasında sağlam rəqabət üçün zəmin yaranacaq. Onların motivasiyası məqsədilə yeni iqtisadi mexanizmlər tətbiq olunacaq. Həmçinin tibb müəssisələrinin maddi-texniki təchizatı güclənəcək, IT infrastrukturu yaxşılaşacaq. Xüsusən də tibb müəssisələrinin dərmanlarla təchizatındakı problemlər aradan qalxacaq və həkim-xəstə münasibəti yeni mərhələyə qədəm qoyacaq. Pasiyentin məmnunluğu həkimin nüfuzuna müsbət təsir edəcək.

Sahibkarlara gəldikdə, sağlam kollektiv yüksək əmək məhsuldarlığı deməkdir. Yəni işçi müalicə xərcləri üçün sahibkarın qapısını döyməyəcək. İşçinin motivasiyası artacaq və bu da sahibkarlar üçün faydalıdır.

Ümumiyyətlə səhiyyə sistemində ictimai nəzarət güclənəcək və vətəndaş iştirakçılığı, şəffaflıq təmin ediləcək. Səhiyyə islahatları savadlı həkimlərin xaricə axınını azaldacaq. Hətta bu islahatların uğurlu davamı xaricdə fəaliyyət göstərən həkimlərin ölkəyə qayıdışını stimullaşdıra, Azərbaycan vətəndaşlarının müalicə üçün xaricə getməsini azalda bilər.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan inqilabi islahatın uğuru vətəndaşlar üçün yüksək keyfiyyətli səhiyyə xidmətlərini əlçatan edəcək və ölkəmizin modern səhiyyə sisteminə malik olmasına töhfə verəcək.