06 İyun 2022 10:00
Hepatit B və C viruslarına yoluxmuş şəxslərə ödənişsiz dərman preparatları verilir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yaradılmış müvafiq komissiyanın fəaliyyəti çərçivəsində cari ilin aprel-may ayları ərzində 40 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.
Agentlik tərəfindən təchiz edilən dərman preparatları “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunur. Qeyd edək ki, hepatit B virusunun müalicəsi üçün pasiyentlərə “Tenofovir”, hepatit C virusuna qarşı üçün isə “Sofosbuvir” və “Daklatasvir” dərman preparatları verilir.
Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin aprel-may ayları müddətində ümumilikdə 83 vətəndaş qəbul edilib. Onlardan 40 nəfərin müalicəyə cəlb olunmasına dair qərar qəbul olunub və həmin şəxslər dərman preparatları ilə təmin ediliblər. 30 nəfər müvafiq müayinələrə göndərilib və müayinə nəticələri əsasında onlara müalicənin təyin olunub-olunmaması barədə qərar veriləcək. 9 nəfərə hazırda müalicəyə ehtiyac olmadığı bildirilib və onlara həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. 4 nəfərin isə xəstəlikdən sağaldığı aşkarlanıb.
Komissiyanın sədri, Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, infeksion xəstəliklər üzrə həkim-mütəxəssis Fərrux Sədirovun sözlərinə görə, vətəndaşın tibbi xidmətdən yararlanması üçün ilk növbədə onun sağlamlıq vəziyyəti qiymətləndirilməlidir: “Hepatit B və C xəstəsi və ya daşıyıcısı olan, eləcə də xəstəliyin əlamətlərini özündə hiss edən və yaxud infeksiyaya yoluxmuş şəxslə təmasda olmuş vətəndaşlar müayinə və müalicə üçün müraciət edə bilər. Bununla bağlı şəxs öncə qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzinə yaxınlaşmalıdır. Burada pasiyentlər həkim-infeksionist və ya ailə/sahə həkiminin göstərişinə uyğun olaraq müayinələrdən keçirlər. Müayinələrin aparılması poliklinika və ya Ailə Sağlamlıq Mərkəzlərində mümkün olmadıqda, vətəndaş göndərişlə müvafiq dövlət tibb müəssisəsinə istiqamətləndirilir. Vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi müayinə nəticələrinə və tibbi göstərişə əsasən pasiyentin tibbi sənədlərini müraciət qaydalarına uyğun olaraq Komissiyaya təqdim edir".
Məlumat üçün bildirək ki, pasiyent həkimə virusa yoluxma faktını təsdiqləyən son 3 aya aid sənəd təqdim etdiyi halda yeni laborator və instrumental müayinə tələb olunmur. Onun Komissiya tərəfindən qəbul olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzi Komissiyanın katibinə elektron müraciət ünvanlayır.
Vətəndaşlar Komissiya tərəfindən əvvəlcədən təyin olunan tarixdə, növbəlilik prinsipi və yalnız qeydiyyat əsasında həftənin çərşənbə günü qəbul olunurlar. Vətəndaşlar qəbul tarixi ilə bağlı Komissiya katibi tərəfindən öncədən məlumatlandırılır və dəvət olunur.
F. Sədirov qeyd edir ki, Komissiya pasiyentin müalicəyə ehtiyacı olub-olmaması ilə bağlı qərar qəbul edir. Bunun üçün zərurət yaranarsa, vətəndaş əlavə müayinələrə cəlb oluna bilər: “Əgər bu gərəkli olmazsa, anamnestik məlumatlar (sağlamlıqla bağlı ətraflı informasiya) toplanmaqla və xəstənin şikayətini dinləməklə qərar qəbul edilə bilər. Komissiya yekunda pasiyentin səhhəti ilə bağlı müvafiq rəy tərtib edir. Rəyə əsasən müalicəsinə qərar verilmiş şəxslərin səhhəti göndəriş verən həkim tərəfindən müşahidə olunmalıdır. Hazırkı vəziyyətdə müalicəyə ehtiyacı olmayan vətəndaşlara da diqqətlə yanaşılaraq, onlara bütün lazımi tövsiyələr verilir”.
Sonda Komissiya müalicəyə cəlb olunan pasiyentə müvafiq dərman preparatları barədə tibbi resept təqdim edir. Bu reseptə əsasən vətəndaş Kliniki Tibbi Mərkəz tərəfindən dərman preparatları ilə təmin olunur.
Diqqətə çatdırırıq ki, hepatit B və C xəstəliyinin ambulator müalicəsi üçün təyin olunan dərman preparatlarının təminatı Xidmətlər Zərfinə daxil deyil. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə hepatit B və C virusunun müayinəsi və stasionar şəraitdə müalicəsi qarşılanır.
Xəbərlər
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10 Oktyabr 2023 11:07