07 Aprel 2022 10:00

İcbari tibbi sığorta: Əhalinin sağlamlığı etibarlı şəkildə qorunur

Bu sistem ötən müddət ərzində hansı tədbirlər həyata keçirib?

Səhiyyə sisteminin inkişafı, eyni zamanda, vətəndaşlara etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanın təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən səhiyyə islahatlarından biri də Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsidir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Bura təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ilkin tibbi-sanitariya yardımı, ambulator tibbi xidmət, fizioterapiya xidməti, laboratoriya xidməti, invaziv radioloji xidmətlər (angioqrafiya), cərrahi tibbi xidmətlər daxildir.

Xidmətlər Zərfi çərçivəsində 950 sayda cərrahi əməliyyat təminata alınıb. Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdə 2 istiqamət (Fizioterapiya xidməti və cərrahi tibbi xidmətlər) üzrə limit nəzərdə tutulub. Belə ki, Fizioterapiya xidməti üzrə Xidmətlər Zərfində 26 adda fizioterapiya və masaj xidmətləri yer alıb. Vətəndaşlar bu xidmətlərin hər birindən il ərzində 10 prosedur olmaqla istifadə edə bilərlər. Hər nahiyə üzrə 10 prosedur icbari tibbi sığorta çərçivəsində qarşılanır. İl ərzində artıq 11-ci prosedur üzrə tibbi xidmət vətəndaşın öz vəsaiti hesabına ödənilir. Cərrahi tibbi xidmətlər üzrə isə oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi cərrahi əməliyyatlarının hər biri üzrə illik limitin sayı 300-dür. 

Həmçinin, stasionar müalicə (xəstəxanada) və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri də Xidmətlər zərfinə daxildir. Lakin ambulator müalicə (ev şəraitində) üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər zərfi ilə təminata alınmayıb.

Hazırda icbari tibbi sığortanın tətbiq edildiyi 59 şəhər və rayonda qeydiyyatda olan sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər zərfindən yararlanırlar. Lakin vətəndaşın yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə faktiki yaşadığı ünvan fərqli olduğu hallarda, o, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyirsə, həmin yerə gəldikdən sonra 7 gün ərzində Daxili İşlər Nazirliyinə müraciət edərək olduğu yer üzrə müvəqqəti qeydiyyata düşməlidir. Bu halda, əgər vətəndaşa yaşadığı ərazidə icbari tibbi sığorta tətbiq edilirsə, Xidmətlər zərfindən yararlana bilər.

İcbari tibbi sığortanın tətbiqi başlandığı dövrdən bu sahədə ən vacib amillərdən biri ailə həkimi institutunun yaradılması idi. Vətəndaşlar icbari tibbi sığortalı olmaq üçün əvvəl yaşadıqları ərazi üzrə poliklinikaya yaxınlaşaraq qeydiyyatdan keçməli və hər kəs özünə ailə həkimi seçməlidir. Bundan sonra isə səhhətilə bağlı yaranan problem, tibbi sığortadan istifadə etmək üçün ilk olaraq ailə həkiminə müraciət olunmalıdır. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli özəl tibb müəssisəsinə göndəriş verilir. Çünki elə xidmətlər var ki, onları dövlət xəstəxanası göstərə bilmir. Ona görə də özəl tibb müəssisələri ilə müqavilələr imzalanır. Özəl xəstəxanaların seçimi prosesində müəyyən meyarlar nəzərə alınır. Məsələn, belə müəssisələr daha geniş spektrda xidmət təklif edən xəstəxanalar olmalıdır ki, vətəndaş ona lazım olan ambulator və ya stasionar tibbi xidməti əldə edə bilsin.

Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Hazırda vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı 43-ə qədər yüksəlib.

Ötən bir ilin ən mühüm yeniliklərindən biri də o idi ki, vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq, TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ambulator yardım üçün göndəriş vərəqəsi olmadan şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edə bilərlər. Dövlət tibb müəssisələrində stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim tərəfindən göndəriş vərəqəsi almalıdır.

Əgər vətəndaş TƏBİB-in tabeliyindəki müəssisədə ona göstərilmiş tibbi xidmətlərin keyfiyyətindən narazıdırsa və ya tibb personalı tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə, bununla əlaqədar ilk növbədə tibb müəssisəsinin məsul şəxslərinə, yaxud birbaşa rəhbərliyə müraciət etməlidir. Bununla yanaşı, vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa, TƏBİB-in 012 310 17 70 nömrəsinə zəng edə, info@tabib.gov.az elektron poçt ünvanına və ya rəsmi ünvanına (Bakı AZ1154, İsmayıl Hidayətzadə küç. 11) müraciət edə bilər. Vətəndaşın icbari tibbi sığorta sistemi ilə bağlı sualları yaranarsa, agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, qurumun internet səhifəsində “Elektron müraciət” bölməsinə və ya rəsmi ünvanına (Bakı AZ1095, Lev Tolstoy küç.170) müraciət edə bilər.

Qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur.

 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, 2021-ci il aprelin 1-dən 2022-ci ilin yanvar ayı daxil olmaqla (10 ay) Bakı tibbi ərazi bölməsi üzrə vətəndaşlara 3 187 225 müraciət əsasında 6 906 972, Sumqayıt tibbi ərazi bölməsi üzrə isə 679 649 müraciət əsasında 1 216 739 tibbi xidmət göstərilib.

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, cari ilin fevral ayı ərzində Bakı şəhəri üzrə 288 min 444 vətəndaşa 1 milyon 58 min 355 tibbi xidmət göstərilib. Ay ərzində tibb müəssisələrinə 514 min 896 müraciət daxil olub. Bu isə ölkə üzrə qeydə alınan bütün tibbi xidmət sayının 37, müraciət sayının isə 38 faizini əhatə edir. Fevral ayında paytaxtda müraciətlər üzrə tibbi xidmətlərin 78 faizi ambulator, 22 faizi isə stasionar şəraitdə göstərilib.

Fevral ayı üzrə Bakı şəhərində əhaliyə göstərilən tibbi xidmətlərə dair digər göstəricilər:

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzi, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Respublika Perinatal Mərkəzi.

Qeyd olunmalıdır ki, bir sıra tibb müəssisələri həm ambulator, həm stasionar tibbi xidmət göstərmiş müəssisələrin ilk onluğunda yer alıblar. Bunlar Nərimanov Tibb Mərkəzi, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır.

Diqqətə çatdıraq ki, yanvar-fevral ayları ərzində Bakı şəhəri üzrə 458 min 754 şəxsə 923 min 220 müraciət üzrə 1 milyon 962 min 775 tibbi xidmət göstərilib. Bu isə iki ay ərzində ölkə üzrə qeydə alınan bütün müraciət sayının 37, tibbi xidmət sayının isə 36 faizini əhatə edir.

2021-ci il yanvarın 1-nə olan rəsmi məlumata əsasən Bakı şəhəri üzrə qeydiyyatda olan əhalinin sayı 2 milyon 391 min 300 nəfər, ölkədə icbari tibbi sığortanın tətbiq olunduğu bütün bölgələr üzrə isə 9 milyon 657 min 600 nəfərdir.

Ölkə üzrə cari ilin yanvar-fevral ayları ərzində 1 milyon 244 min 351 vətəndaşa 5 milyon 465 min 999 tibbi xidmət göstərilib. Beləliklə, bu dövrdə əhalinin 13 faizi icbari tibbi sığortadan yararlanıb. 2 milyon 507 min 890 müraciət üzrə tibbi xidmətlərin 82 faizi ambulator, 18 faizi isə stasionar şəraitdə göstərilib. Həmin xidmətlərdən istifadə edənlərin 27 faizini uşaqlar, 73 faizini isə böyüklər təşkil edir.

Hazırda Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Dəyişikliyə əsasən 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.

Xatırladaq ki, “Tibbi sığorta haqqında” qanuna əsasən, icbari tibbi sığorta haqları toplanılır, yəni vətəndaşlar və çalışdığı müəssisə bunun üçün müvafiq quruma hər ay vəsait ödəyir. Belə ki, rəsmi əmək müqaviləsinə əsasən işləyən şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər icbari tibbi sığorta haqqı ödəməlidirlər. Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın “Xidmətlər Zərfi” çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına yararlana bilərlər. 2024-cü ildən isə bu kateqoriyadan olanların zərfdən istifadəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada tənzimlənəcək. Bununla bağlı icra mexanizmləri də hazırlanacaq.

Qeyd edək ki, ölkədə icbari tibbi sığorta haqqını ödəməyənlərin məsuliyyətə cəlbi də gündəmə gətirilib. Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə sığorta haqlarını ödəməkdən yayınmaya görə cərimənin, islah işlərinin, hətta azadlıqdan məhrum etmə ilə cəzalandırılmanın tətbiqi öz əksini tapıb.

Ümumiyyətlə, icbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və səhiyyə sistemində şəffaflığı, tibbi xidmətlərin keyfiyyətini artırır, tibb personalının əməkhaqlarını yüksəldir, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur və tibbi xidmətlərə xərclənən vəsaitlərin payını azaldır.

ikisahil.com