17 Avqust 2023 22:00

İcbari tibbi sığorta ilə sağlam ailə zənciri quraq

Ailə planlaşdırılması arzu olunmayan hamiləliyin qarşısının alınması, ailədə arzu olunan vaxt və istənilən sayda uşağın doğulması, habelə hamiləliklərarası intervalın düzgün tənzimlənməsi üçün imkan yaradır. Ailə planlaşdırılması insanın nəsilartırma funksiyasının müxtəlif kontrasepsiya (arzu olunmayan hamiləlikdən qorunma) üsulları ilə həyata keçirilir. Doğuşlararası müddətin və doğuşların sayının tənzimlənməsi qadının sağlamlığına, eləcə də hər hamiləliyin nəticəsinə bilavasitə təsirini göstərir.

Sevindirici haldır ki, hazırda qadınlarımız artıq dünya ölkələrində olduğu kimi, Azərbaycanda da tətbiq olunan icbari tibbi sığorta çərçivəsində ailə planlaşdırılmasını həyata keçirə, gələcək üçün arzuolunan övlad dünyaya gətirə bilirlər.

Ailə planlaşdırılması və icbari tibbi sığorta...

 

Ailə planlaşdırılması doğuşların arasında olan müddəti müəyyənləşdirməyə, eləcə də erkən hamiləliklə bağlı sağlamlıq riskləri barədə məlumat verməklə hamiləliyi ləngitmək imkanı yaradır, eləcə də yaşlı qadınlara hamiləlik və doğuşla bağlı riskləri nəzərə alaraq, hamiləlik ilə bağlı məlumatlı qərar qəbul etməyə yardım edir. Bəs, ailə planlaşdırılması zamanı ilk addım nədir?

10 nömrəli Qadın Məsləhətxanasının həkim, mama-ginekoloqu Xanım Məhərrəmova deyib ki, ailə planlaşdırılması ilə əlaqəli yaxınlaşan şəxslərdən anamnez toplanılır, xroniki xəstəlikləri barədə məlumat alınır:

 

“Bütün məlumatlar toplandıqdan sonra vətəndaşlar lazım olan analizlər üçün icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində müayinələrə göndərilirlər:

“Ailə planlaşdırılması imkan verir ki, qadın istədiyi vaxt hamilə qala bilsin və bu hamiləlik arzu olunaraq başa çatdırılsın”.

Mama-ginekoloq cütlüklərə valideyn olmamışdan əvvəl mütləq şəkildə müayinələrdən keçməyi tövsiyə edib:

“Yaxşı olar ki, cütlüklər düzgün zamanı seçsinlər ki, doğulacaq uşaq da arzuolunan olsun. Çünki arzuolunan övlad ailənin formalaşmış bütün sosial resurslarından faydalanır. Ona daha yaxşı gələcək təmin etmək üçün dünyaya gəlişi də arzuolunan olmalıdır”.

10 nömrəli Qadın Məsləhətxanasının həkim, mama-ginekoloqu Yeganə Əliyeva da hesab edir ki, hər bir ailə uşaq planlaşdırmadan əvvəl ailə həkimlərinə müraciət etməlidir:

“Cütlüklər ailə həkimlərinə müraciət edərək icbari tibbi sığortanın Xidmətlər Zərfindəki müayinələrdən yararlana bilərlər. Bu xidmətlərə hormonal analizlər, hamiləliyin düzgün tənzimlənməsinə kömək edən müayinələr daxildir. İlkin olaraq cütlük ailə həkiminin yanında olur. Ehtiyac yarandıqda ailə həkimi onları icbari tibbi sığorta çərçivəsində ixtisaslı həkimlərə yönəldir”.

Onu da qeyd etmək lazımdır ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində cari ilin yanvar-iyun ayları ərzində ailə planlaşdırılması xidməti üzrə 12 125 tibbi xidmət göstərilib.

Problemlər yarıbayarı paylanılıb...

Həkimlərimiz hazırda daha çox rast gəlinən sonsuzluq səbəbləri ilə bağlı da danışıblar.

Y.Əliyeva deyib ki, əvvəllər ailələr tərəfindən belə bir fikir formalaşmışdı: “kişi sağlamdır, onun müayinəyə, müalicəyə ehtiyacı yoxdur. Problem varsa, deməli qadındandır: “Amma son zamanlar aparılan müayinələrdə aşkarlanan nəticələrə görə, problemlər demək olar ki, 50-nin 50-yədir. Ona görə də, istər kişi, istər qadın, tez bir zamanda problemin həllində maraqlıdır. Xüsusilə də onu vurğulayaraq demək istəyirəm ki, sonsuzluq zamanı bəzi ciddi tibbi müayinələr də tələb edilir ki, həmin müayinələrin də aparılması icbari tibbi sığorta çərçivəsində qarşılanır”.

Ginekoloq Xanım Məhərrəmova da qeyd edib ki, ötən illərlə müqayisədə, indi kişilər bu məsələlərdə daha çox maraqlıdırlar:

“Yəni qadının sağlamlığı həm özü, həm də ailə üçün önəmli olduğuna görə, kişilər də mütəmadi olaraq bu barədə məlumatlandırılırlar.

“Evdə doğuşlar sıfır səviyyəsindədir”

 

Bir vaxtlar evdə doğuşa üstünlük verən qadınlarımız, hazırda müayinə və müalicələrini vaxtlı-vaxtında etməyə üstünlük verirlər.

Mama-ginekoloq Y.Əliyeva deyib ki, hamilələr əvvəlki illərlə müqayisədə indi özlərinə qarşı daha diqqətcildirlər:

“Vaxtında qadın məsləhətxanasına, ailə həkimlərinə müraciət edirlər. İcbari tibbi sığortanın qarşıladığı müayinələrdən keçirlər”.

Y.Əliyeva deyib ki, hazırda Bakıda evdə doğuşlar sıfır səviyyəsindədir: “Paytaxtda təsadüf nəticəsində evdə doğuş baş verə bilər. Yəni planlı şəkildə evdə doğuş həyata keçirilmir”.

Sağlam qadın, sağlam ana və sağlam övlad zənciri...

Ailə planlaşdırılması repreduktiv sağlamlıqdan danışarkən mama-ginekoloq Xanım Məhərrəmova deyib ki, qız uşaqlarında analıq funksiyası cinsi yetişkənlik dövründən başlayır:

“Zərərli vərdişlər, tütün, spirtli içki, narkotik qəbulu və s. bütün bunlar hüceyrə yumurtalığa güclü mənfi təsir göstərir. Bu, gəcəkdə qızlarda sonsuzluğa, ağırlaşmış hamiləliklərə, ağır doğuşlara, döldə ağır patologiyalara gətirib çıxara bilər. Ona görə də belə bir neqativ zəncir yaranır: xəstə qadın, xəstə ana, xəstə övlad. Mən üzümü xanımlarımıza tutub demək istərdim ki, icbari tibbi sığortanın bizə verdiyi imkanlardan faydalanaraq, neqativ zənciri qıraq, sağlam qadın, sağlam ana və sağlam övlad zəncirini yaradaq”.

qafqazinfo.az

Zəng sifariş et