04 Oktyabr 2019 12:32

İcbari tibbi sığorta nə vaxt fəaliyyətə başlayacaq?

İcbari tibbi sığorta tibbi və dərman yardımını almaq üçün bərabər imkanları təmin edən, səhiyyə sahəsinin maliyyələşmə və idarəetməsinin  təşkilati formasıdır, bu həm də əhalinin sosial müdafiə forması kimi qəbul olunub. Respublikamızda “Tibbi sığorta haqqında” qanun 28 oktyabr 1999-cu ildə qəbul olunub. 2007-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyi yaradılması haqqında cənab Prezident tərəfindən sərəncam imzalanıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanına əsasən bu qurum fəaliyyətə başlamış, 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə onun əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb və Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə şəklində tətbiq olunmağa başlanılıb.   

Bildiyimiz kimi,  Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli fərmanına əsasən TƏBİB publik hüquqi şəxs yaradılıb. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək. Onu da qeyd edim ki, icbari tibbi sığortanın gec tətbiq olunmasının  səbəbi Sovetlər birliyindən miras qalmış dağınıq səhiyyə sistemi, həm də iqtisadi resurslarımızın olmaması idi. 

İlk dəfə olaraq İcbari tibbi sığorta və dərman təminatını elmi cəhətdən araşdırarkən məlum olub ki, “Sığorta təbabəti” anlayışı üç əsrdən artıq müddət ərzində Avropada formalaşıb.  Almaniyada bir sıra qanunvericilik aktlarının Bismark sistemini qəbul etməklə sığorta anlayışı qanunverici şəkildə rəsmiləşdirilib.  Sığorta təbabətinin elementləri,  Rusiyada ilk dəfə olaraq XVIII – XIX əsrlərdə yaranıb. Kapitalizm inkişaf etdikcə açılan sənaye müəssisələrində ilk qarşılıqlı yardım kassaları meydana çıxdı ki, bunlar da xəstəxana kassalarının sələfləri idi. Rusiya İmperiyasında ilk xəstəxana kassası 1958-ci ildə Riqada təşkil edilib, sonralar ölkənin sənaye mərkəzlərinin bir çoxunda analoji kassalar fəaliyyət göstərirdilər.

Türkiyə, Moldova, Xorvatiya ölkələrinin icbari tibbi sığorta təcrübəsindən istifadə etməklə müsbət keyfiyyətlərini ümumiləşdirib bütovlükdə respublikamız üçün sosial dayanıqlı model yaradılıb. Bunu milli model adlandırsaq daha yerinə düşər. Baxmayaraq ki, çox ölkələrdə məhdudlaşdırıcı tibbi xidmət və dərman təminatı mövcuddur, (sığorta haqlarından asılı olaraq) lakin ölkəmizdə bütün vətəndaşlarımıza eyni pulsuz tibbi xidmət göstərilməsi nəzərdə tutulub.         

TƏBİB-in tabeliyində olan müalicə müəssisələrində texniki təminatın  təmin edilməsi tamamlanmaq üzrədir. Pilot ərazilərdə aparılan uğurlardan belə qənaətə gəlmək olar ki, layihə gələcəkdə bütün Respublika ilə tətbiqi müsbət nəticələr verəcəkdir. Əlbəttə ki, ilkin mərhələlərdə problemlər, maneələr və catışmazlıqlar qaçırılmazdır. İnanırıq ki, müəyyən zaman kəsiyində Agentliyin operativ komandası, həkim mütəxəssislərimiz və vətəndaşlarımız bu problemlərin öhdəsindən məharətlə gələcəkdir. Agentlik çox mühüm vəzifəni üzərinə götürüb, həm tibbi sığorta haqlarının yığılması, tibbi personalın işə götürulməsi, vətəndaşların maraqların təmin edilməsi kimi vəzifələr vardır. Xarici ölkələrdə bu vəzifələri ayrı-ayrı qurumlar həyata keçirirlər. Ümid edirik gələcəkdə bu məsələlər də öz həllini tapacaq.                                                                           

Şübhəsiz ki, böyük layihənin həyata keçirilməsində əhalinin maariflənməsi vacibdir. Bu həm sosial layihələr, kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə ardıcıl davam etdirilməsi məqsədə müvafiq olardı. İcbari tibbi sığorta həm də həmrəylik prinsipinə əsaslanır ki, bu da öz növbəsində vətəndaşlarımızın sağlamlığının qarantı deməkdir. İcbari tibbi sığortanın əsas məqsədi vətəndaşlarımızın tibbi xidmətlərə əlçatanlığının və tibbi yardımının keyfiyyətinin təmin edilməsidir. Hesab edirik ki, icbari tibbi sığorta əhalinin sağlamlığının yaxşılaşmasına, qeyri- leqal işsizliyin və erkən əlilliyin qarşınının alınması istiqamətundə böyük dəyişiklik olmasına gətirib çıxaracaq. Bu da bilavasitə dövlətin maliyyə yükünün azaldılması deməkdir.

Milli Məclisin Əmək və sosial siyasət  komitəsinin eksperti,

Azərbaycan Tibb Universitetinin doktorantı  Nicat Xəlilov

modern.az