24 Oktyabr 2018 17:11

İcbari tibbi sığorta - sağlam gələcəyin və rifahın yuksəlişinin təminatçısı...

Uzun zamandır dünyanın bütün sivil dövlətlərində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində insanlar hər zaman özlərində şəxsiyyət vəsiqəsi ilə yanaşı, sığorta də gəzdirirlər ki, bu da onların sosial rifahlarına xüsusi diqqət ayırmalarından irəli gəlir. Digər tərəfdən, sığorta yalnız iqtisadiyyatda dəyərin yaradılması üçün deyil, həm də vətəndaşların gözlənilən ziyanlardan, itkilərdən qorunması üçün bir sistemdir. Sözügedən ölkələrdə bu sistemdən faydalanmaqla sığorta şirkətləri öz gəlirlərini artırır, vətəndaşlar isə planlaşdırılmayan itkilərdən özlərini qoruya bilirlər.

Mütəxəssislər qeyd edirlər ki, Azərbaycanın 2020-ci ilə qədərki inkişaf strategiyası konsepsiyasında mühüm vəzifələrdən biri də səhiyyə sisteminin icbari tibbi sığortaya (İTS) keçməsidir. Bu sistemin tətbiqi ölkəmizin səhiyyə sisteminin inkişafına xidmət edəcək. Azərbaycanda İTS-in tətbiqi üçün illərdir ki, qanunvericilik bazası yaranıb. Ölkəmizdə İTS vətəndaşların səhiyyə xərclərinin azalmasına, işsiz insanların səhiyyə xidmətlərindən yararlanmasına köməklik göstərəcək. Bu sistem əhaliyə istədiyi səhiyyə müəssisəsində müalicə və müayinə olunmaq imkanı verəcək. Maddi imkandan asılı olmayaraq, hər kəs arzu etdiyi şəkildə müalicə ala biləcək. Həkim və xəstə arasında qeyri-leqal ödəniş problemi də aradan götürüləcək. Bu sistemin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına da gətirib çıxaracaq.

Tibbi sığorta üzrə mütəxəssis Vüqar Şahbazlı bilidirir ki, İTS daha çox vətəndaşların mənafeyinə yönəlmiş, onların müvafiq tibbi sığorta proqramı çərçivəsində keyfiyyətli tibbi xidmət alması və dərman preparatları ilə təmin edilməsidir. Bu gün Azərbaycanda İTS-in tətbiqi üçün qanunvericilik baxımından heç bir problem yoxdur və bu sahədə qanunvericilik bazası kifayət qədər mükəmməldir: “1999-cu ildə Milli Məclis tərəfindən “Tibbi sığorta haqqında” qanun qəbul olunub, 2007-ci ildə isə həmin qanuna əlavə və dəyişikliklər edilib. Ölkə başçısının sərəncamı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) yaradılıb. Azərbaycanda İTS-in tətbiqi üçün maneələr aradan qaldırılmaq üzrədir. Bu sistem tətbiq olunduqda tibbi xidmətin keyfiyyəti istər-istəməz yüksələcək. Çünki bu sistemin tətbiqi ilə bu prosesdə iştirak edən tərəflərin də maraqları artacaq, İTS səhiyyə sisteminin maliyyələşməsinin ən mükəmməl forması olacaq. İşə götürən müəssisə İTS ayırmalarının sərfəli xərclənməsində, işçinin çox xəstələnməməsində, işçi xəstələndikdə də onun qısa vaxt ərzində müalicə olunması və işə geri qayıtmasında maraqlı olacaq. İTSDA xəstə olan şəxsin əlavə müayinələrə cəlb olunmamasına, onun reseptində əlavə dərmanların yazılmamasına, müalicə müddətinin həddindən artıq uzadılmamasına, bir sözlə, əlavə vəsaitlərin xərclənməməsinə çalışacaq. Səhiyyə müəssisəsinin marağı isə yaxşı, keyfiyyətli tibbi xidmət göstərmək olacaq. O, çalışacaq ki, icbari tibbi sığorta şirkəti yaxşı xidmət göstərən tibb müəssisəsi kimi onunla yenidən müqavilə bağlasın, seçim zamanı başqa tibb müəssisəslərinə üstünlük verməsin. Nəticədə isə bu sistemin tətbiqindən tərəflərin hər biri fayda götürəcək və “udacaq”. Bu sistemin tətbiqi dövlətin də “udmasına” səbəb olacaq. Çünki ölkədə göstərilən keyfiyyətli tibbi xidmətlərin sayı artacaq, dövlətin səhiyyə sektoruna ayırdığı xərclər ilbəil azalacaq. Çünki səhiyyə xərclərinin böyük bir hissəsi işəgötürənlərin hesabına icbari tibbi sığorta şirkətləri tərəfindən həyata keçiriləcək. Ən əsası əhalinin sığorta hesabına tam olaraq tibbi xidmətdən yararlanaraq sağlam olması dövlətə olan sevgisini və rəğbətini artıracaq. Bu sistemdən ən çox faydalananlar isə sıravi vətəndaşlar, başqa sözlə, xəstə şəxslər olacaq. Çünki xəstə az vəsait ödəməklə keyfiyyətli xidmət ala biləcək. Həm də onlar bu sistem əsasında yaxşı xidmət göstərməyən tibb müəssisələrini daha yaxşı görə biləcəklər, onların seçim etmək imkanları artacaq. Bu baxımdan da İTS-nin tətbiqi əhalinin sağlamlıq durumunun yaxşılaşmasına ciddi təsir göstərəcək. Bu sistemin tətbiqi Azərbaycanın sığorta bazarında sığorta haqlarını gücləndirəcək, onun həcmini böyüdəcək, sığorta şirkətlərinin bu sahədəki peşəkarlığını artıracaq, yeni işçi qüvvəsi yaradacaq. İTS-nin tətbiqi eyni zamanda sığorta şirkətlərinin gəlirlərini artıracaq, onların inkişafına səbəb olacaq, səhiyyə sektorunda canlanmaya gətirib çıxaracaq. Bu sistem dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemini inkişaf etdirdiyi kimi, Azərbaycan səhiyyə sistemini də inkişaf etdirəcək”.
Ekspertlərin fikrincə, İTS həmçinin rüşvətin, korrupsiyanın qarşısını alacaq sistemdir. Çünki İTS-nin tətbiqi sayəsində səhiyyə müəssisələri öz pasiyentləri ilə birbaşa “pul” münasibətlərinə girə bilməyəcəklər. Xəstəxanalar sadəcə öz xidmətlərini göstərəcəklər. Bunun müqabilində isə sığorta şirkətləri onlara xidmət haqlarını ödəyəcəklər.

Millət vəkili Rəfayel Cəbrayılovun fikrincə, İTS-nin tətbiqi səhiyyə sistemində korrupsiyanın qarşısını alacaq. Onun sözlərinə görə, bu sistemin tətbiqindən sonra artıq həkimlə xəstə arasında “pul” danışıqları aparılmayacaq: “Bu gün səhiyyə sistemində rüşvətin olması danılmazdır. Ancaq bu sistem tətbiq edildikdən sonra klinika göstərdiyi xidmətin haqqını sığorta şirkətindən alacaq. Buna görə də artıq rüşvət aradan qalxaca”.

İqtisadçı alimlər isə bildirirlər ki, maarifləndirmə, düzgün məlumatlandırma işləri aparılmadan İTS-də məhsuldar islahatlara nail olmaq mümkün deyil. İqtisadçı-ekspert Əli Əlirzayev qeyd edir ki, bu gün Azərbaycanda İTS-nin nisbətən zəif inkişaf etməsinin əsas səbəblərindən biri məhz əhalinin bu sahə üzrə biliyinin az olmasıdır: “Sorğu aparsaq, 10 nəfərdən 9-nun bu sığorta növü barədə çox zəif məlumatlı olduğu üzə çıxar. Bu problemi aradan qaldırmaq üçün sığorta şirkətlərinin üzərinə müəyyən vəzifələr düşür. Ona görə də biz bu gün həqiqətən sığorta bazarının inkişafını istəyiriksə, bu bazarın əsas iştirakçısı olan əhalinin maarifləndirilməsində birgə səy göstərməliyik. Ümumiyyətlə, İTS-nin tətbiqinin mümkünlüyü araşdırılarkən belə nəticəyə gəlinib ki, bu sistemin tətbiqi xüsusən əhalinin maddi imkanları aşağı olan kateqoriyasının tibbi problemlərinin həllində müsbət rol oynaya bilər. 1999-cu ildə Azərbaycanda “Tibbi sığorta haqqında” qanun qəbul edilsə də, bu istiqamətdə hələ xeyli islahat aparılmalıdır. İTS-nin tətbiqlənməməsi səhiyyənin maliyyələşdirilməsində qeyri-rəsmi ödənişlərin payının yüksək olaraq qalmasında əsas rol oynayır. Dünya Bankının apardığı tədqiqatlara əsasən, tibbi xidmətlərin ödənilməsində əhalinin ödənişlərinin payı 70 - 75 faizə çatır. Səhiyyənin maliyyələşdirilməsində dövlət büdcəsində əsaslı mənbənin payı 23, xarici yardımlar 2, özəl tibbi xidmət və tibbi sığorta 5, əhalinin qeyri-rəsmi ödənişləri isə 70 faiz təşkil edir. Ona görə də İTS-nin tətbiqi mütləq lazımlı və zəruridir. Bu zaman həm dövlətin maliyyə imkanları çoxalır, həm də vətəndaşların sağlamlıq təminatı üçün zəmanət yaranır. İTS şərait yaradacaq ki, gələcəkdə pensiyaya çıxan vətəndaş müalicə olunsun və s. Vətəndaş tibbi sığorta haqqı ödəyibsə, deməli, gələcəkdə pulsuz müalicə olunmalıdır”.

İqtisadçı-ekspert Vüqar Bayramov isə deyir ki, İTS-nin tətbiqinin səhiyyə ilə yanaşı digər sektorlara, o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsiri olacaq. Belə ki, İTS-nin tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halları azaldacaq, bu sistem sığorta şirkətlərinin gəlirlərini artıracaq: “Sözügedən islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən aztəminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvininq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda yazı müsabiqəsinə təqdim olunur.

Təbriz Vəfalı, azim.az