18 May 2023 10:06
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinin qiymətləndirilməsinin nəticələrini açıqlayıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı xüsusi komitə tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin 2022-ci il fəaliyyəti üzrə qrup və kateqoriyaları yenidən qiymətləndirilib.
Qiymətləndirmə tibb müəssisələrində qabaqcıl iş üsullarının tətbiqi, kadr potensialının gücləndirilməsi, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, tibb müəssisələrində çalışan heyətin layiqli həyat səviyyəsinə uyğun əməkhaqqı ilə təmin edilməsi məqsədlərini daşıyır və tibb müəssisələri arasında sağlam rəqabət mühitinin inkişaf etdirilməsinə xidmət edir.
Tibb müəssisələrinin dəyərləndirilməsi günlük orta müraciətlərin, illik stasionar cərrahi əməliyyatların sayı, tibbi avadanlıqların mövcudluğu kimi kəmiyyət meyarları və xəstələrin çarpayıda keçirdiyi orta günlərin, həkim ixtisaslarının, xaricdə təhsil almış həkim mütəxəssislərin sayı, laboratoriyalarda aparılan analizlərin çeşidlilik səviyyəsi kimi keyfiyyət meyarları üzrə həyata keçirilir.
Qiymətləndirmənin nəticələrinə gəldikdə isə qeyd olunmalıdır ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin əlçatanlığı və keyfiyyətinin yüksəldilməsi baxımından 2021-ci il ilə müqayisədə 2022-ci ildə tibb müəssisələrinin fəaliyyətində mühüm irəliləyişlər qeydə alınıb və onlar qrup və kateqoriya göstəriciləri üzrə yüksəlibər.
Belə ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının qrup və kateqoriyası 2B-dən 3B-yə yüksəlib. Müəssisənin geniş spektrli xidmət çeşidinə malik olması, xidmət göstərdiyi ərazinin genişliyi və sakinlərinin sayının çoxluğu nəzərə alınaraq o, ümumi profilli tibb müəssisəsi statusundan çoxprofilli tibb müəssisəsi statusuna keçid almışdır. Saray Modul tipli Xəstəxananın birləşdirilməsi hesabına Abşeron Rayon Mərkəzi Xəstəxanasında çarpayıların sayı 180-dən 372-yə yüksəlmiş, 2021-ci il ilə müqayisədə pasiyentlərə göstərilən ambulator və stasionar xidmətlərin, habelə aparılmış cərrahi əməliyyatların sayı artmışdır. Quraşdırılmış əlavə avadanlıqlar hesabına isə tibb müəssisəsinin laboratoriya səviyyəsi 3-cü səviyyədən 4-cü səviyyəyə yüksəlmişdir ki, bu da öz növbəsində vətəndaşların daha geniş laborator xidmətlərdən istifadə etməsinə imkan verir.
Şəmkir Rayon Mərkəzi Xəstəxanası və Quba Rayon Mərkəzi Xəstəxanasının kateqoriyaları isə 2B-dən 2A-ya yüksəlmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əlavə avadanlıqların quraşdırılması, cərrahi əməliyyatların sayının artması, habelə "Xəstələrin çarpayıda keçirdiyi orta günlərin sayı” və "İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin reyestr məlumatlarında xəta payı" kimi keyfiyyət göstəricilərinin yaxşılaşması müəssisənin kateqoriyasının artmasına səbəb olmuşdur. Quba Rayon Mərkəzi Xəstəxanasının kateqoriyasında baş vermiş yüksəliş isə COVID-19-la mübarizə aparan tibb müəssisəsi statusunun ləğv olunması nəticəsində günlük müraciətlərin orta göstəricisinin, həkim personalının sayının artması, "Xəstələrin çarpayıda keçirdiyi orta günlərin sayı" və "İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin reyestr məlumatlarında xəta payı" keyfiyyət göstəriciləri yaxşılaşması ilə əlaqəlidir.
Qaradağ və Pirallahı Tibb Mərkəzləri və Qobustan Rayon Mərkəzi Xəstəxanasında "Xəstələrin çarpayıda keçirdiyi orta günlərin sayı" və "İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin reyestr məlumatlarında xəta payı" keyfiyyət göstəricilərinin yaxşılaşması, həmçinin Qobustan Rayon Mərkəzi Xəstəxanasında bu göstəricilərlə yanaşı həkim sayının artması hesabına sözügedən tibb müəssisələrinin kateqoriyalarının 2D-dən 2C-yə yüksəlməsi ilə nəticələnmişdir.
Məlumat üçün bildirək ki, qiymətləndirmənin yekunlarına əsasən müəyyənləşən qrup və kateqoriyaları üzrə tibb müəssisələrinin heyəti həvəsləndirici əlavələr ilə təmin olunurlar. Belə ki, tibb müəssisəsinin fəaliyyət göstəriciləri həvəsləndirici əlavələr ilə düz mütənasiblik təşkil edir. Başqa sözlə desək, tibb və qeyri-tibb personalının aldığı həvəsləndirici əlavələrin məbləği tibb müəssisələrinin fəaliyyət göstəricilərindən asılı olaraq dəyişir. Sözügedən proses “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası” ilə tənzimlənir.
Sözügedən Qaydaya əsasən tibb müəssisələrində çalışan işçilərinin əməkhaqlarının formalaşdırılmasında ədalətlilik prinsipinin təmin olunması məqsədilə tibb müəssisələri 3 qrupa və hər qrup üzrə müvafiq olaraq A, B, C, D kateqoriyalarına bölünürlər. I qrup – ilkin səhiyyə xidməti göstərən tibb müəssisələri, II qrup – ümumi profilli tibb müəssisələri, III qrup – çoxprofilli və elmi-tədqiqat tibb müəssisələrini əhatə edir.
Ambulator fəaliyyət üzrə həkim-pediatrın 9-cu dərəcə aylıq vəzifə (tarif) maaşı 478 AZN, aylıq sabit həvəsləndirici əlavəsi 800 AZN və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavəsi 300 AZN (rəqəm şərtidir, məbləğ aylıq pasiyent qəbuluna görə dəyişir) təşkil edir. 2B kateqoriyalı xəstəxanada həkimin işin nəticəsinə görə həvəsləndirici əlavəsi 1.2 əmsalı ilə hesablanırdısa, dəyişiklikdən sonra, yəni 3B kateqoriyalı xəstəxanada 1.4 əmsalı ilə hesablanır. Beləliklə, 2B kateqoriyası üzrə həkimin aylıq ümumi əməkhaqqısı 1638 AZN (478+800+300*1.2), 3B kateqoriyası üzrə isə 1698 AZN (478+800+300*1.4) təşkil edəcək. Qeyd edək ki, məvaciblər vergilər və digər məcburi ödənişlər daxil olmaqla göstərilmişdir.
Xəbərlər
Zaur Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib
29 Sentyabr 2023 17:24
Yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirilib
28 Sentyabr 2023 17:58
İnformasiya texnologiyaları sahəsində təhsil almış növbəti könüllülər Agentlikdə işə qəbul olunub
25 Sentyabr 2023 11:29
Tvininq layihəsinin aralıq hesabatının təqdimatı keçirilib
14 Sentyabr 2023 17:59
Zaur Əliyev Qazax şəhərində vətəndaşları qəbul edib
18 Avqust 2023 17:43
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edildi
12 Avqust 2023 10:45
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 1.5 milyon manata yaxın müddətli əlavə ödənilib
07 Avqust 2023 16:19
Agentliyin “1542” Çağrı mərkəzi 94%-dən çox zəng qəbul edib
02 Avqust 2023 16:00
Bu ilin ilk 6 ayı ərzində əhalinin 34%-i icbari tibbi sığortadan yararlanıb
28 İyul 2023 14:55
İcbari tibbi sığorta ilə bağlı 171 maarifləndirmə tədbiri keçirilib
26 İyul 2023 10:00