26 Oktyabr 2023 12:08
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
Vaxtaşırı müxtəlif xəbər portalları və sosial media vasitəsi ilə əhalidən ayrı-ayrı şəxslərin sağlamlığı ilə bağlı problemlərin həlli məqsədi ilə vəsait toplanılır.
Belə ki, bəzi hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə müraciət etmək və burada icbari tibbi sığortanın qarşıladığı tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququndan istifadə etmək əvəzinə səhhətləri ilə bağlı yaranan problemləri həll etmək üçün maliyyə yardımı toplamağa çalışırlar.
Təəssüf ki, bəzən media mənsubları məsələni araşdırmadan, vətəndaşı tibbi xidmətlərdən istifadə etmək hüququnun olduğu barədə məlumatlandırmadan dəqiqləşdirilməmiş informasiyalar dərc edirlər. Məlumatların onlayn media məkanında tirajlanması cəmiyyətdə çaşqınlıq və cavabdeh qurumların fəaliyyətinə inamsızlıq yaradır.
Media nümayəndələrindən, vətəndaşlarımızdan bu kimi hallarla qarşılaşdıqda məsələnin araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məlumat vermələrini rica edirik. Vətəndaşlar Agentliyin “1542” Çağrı mərkəzi, qurumun rəsmi internet səhifəsi üzərindən “Zəng sifariş et” və "Elektron müraciət" bölmələri, eləcə də info@its.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Daxil olan hər bir müraciətə həssaslıqla yanaşılır və müraciətlər qanunvericiliyə uyğun olaraq cavablandırılır. Müvafiq tibbi xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə vətəndaşa ödənişsiz şəkildə göstərilməsi təmin edilir.
Qeyd edək ki, dəfələrlə qeyd edilən halların araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yardım toplayan şəxslərlə əlaqə saxlanılıb. Tələb olunan tibbi xidmətin icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz göstərildiyi barədə məlumat verilib, müvafiq tibb müəssisəsində xidmətin təşkili təklif olunub. Bir çox hallarda vətəndaşlar təklif olunan tibbi xidmətdən əsassız olaraq imtina ediblər.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 3315 tibbi xidmət ödənişsiz qarşılanır. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta hesabına aparılır. Həmin xidmətlərin sırasında sümük iliyi, böyrək və qaraciyər transplantasiyası, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, bud-çanaq və diz oynağının endoprotezləşdirilməsi, dirsək və çiyin oynaqlarının total dəyişdirilməsi və s. əməliyyatlar yer alır.
Vətəndaşlar icbari tibbi sığorta ilə tibbi xidmətlərdən ödənişsiz istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər.
İcbari tibbi sığorta ilə təminata alınmış xidmətlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10 Oktyabr 2023 11:07