12 Oktyabr 2023 14:30

İcbari tibbi sığortanın tətbiqi əhalinin səhiyyəyə əlçatanlığının təmin olunması üçün ən yaxşı modeldir- Müsahibə

Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovun APA-ya müsahibəsi

- Könül həkim, icbari tibbi sığortanın tətbiqindən xeyli müddət keçib. İlk vaxtlarda müraciətlərin sayının gündən-günə artdığını demişdiniz. Nəzərə alsaq ki, indi sığorta ilə müayinə və müalicələrlə bağlı əhali daha məlumatlıdır, o zaman indiki halda vəziyyət necədir, müraciətlərin sayı ilk vaxtlardakı kimi yüksələn xətt üzrə davam edir, yoxsa?

- Doğrudur, icbari tibbi sığortanın tətbiqinə pilot layihə olaraq başlanılan dövrdə belə, müraciətlərin sayı birdən-birə dəfələrlə yüksəldi. Nəticədə Bakıdan 300-350 km uzaqlıqda olan balaca bir şəhərdə gündəlik müraciətlərin sayı 1500-2000-ə çatdı. İcbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi xəstəxanalarda hərəkətlilik artsa da, digər xəstəxanalarda pasiyentlərin qəbul sayında artım müşahidə edilmirdi. Bunun özü də sübut edirdi ki, icbari tibbi sığortanın tətbiqi əhalinin səhiyyəyə əlçatanlığının təmin olunması üçün ən yaxşı modeldir. Pilot layihə bitdikdən və icbari tibbi sığortanın tətbiqinin bütün ölkəni əhatə etdiyindən sonra pilot layihənin həyata keçirildiyi xəstəxanalarla yanaşı, digər xəstəxanalarda da müraciətlərin sayı artdı. Nəticədə əvvəlki zamanlarda, məsələn, Kliniki Tibbi Mərkəzə gündəlik müraciətlərin sayı 350-400 civarında idisə, sonradan bu say 1500-2000-ə çatdı.

İcbari tibbi sığortanın tətbiq edildiyi ilk vaxtlarda regionlarımızda əhalinin və həkimlərin bununla tam tanış olmaması böyük şəhərlərə axınla nəticələnirdi. Müqayisə üçün deyim ki, 2021-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi zamanı Bakı xəstəxanalarında sıxlıq yaşansa da, Bakının yaxınlığında olan Abşeron Mərkəzi Xəstəxanasında bu, müşahidə olunmurdu. Lakin icbari tibbi sığortanın köklü tətbiqi, peşəkar həkimlərin cəlb edilməsi, texniki təchizatın yüksəlməsi, xəstəxananın proqram təminatına keçməsi nəticəsində Abşeron Mərkəzi Xəstəxanası da bu gün Kliniki Tibbi Mərkəz qədər yükə malikdir. Bu isə özlüyündə ölkə üzrə səhiyyənin əlçatanlığı deməkdir. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqindən sonra mütəmadi olaraq xidmətlər zərfinin genişlənməsi, təminat altına alınan xəstəliklərin çoxalması insanların sığorta təminatı ilə xəstəxanalara axınına səbəb olur.

- O zaman deyə bilərikmi, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xidmətlərin sayı artdığı müddətcə bu axın artan xətt üzrə davam edəcək?

- Bəli, əhalinin icbari tibbi sığorta çərçivəsində xəstəxanalara axınının artan xətt üzrə davam edəcəyi müəyyən bir dövrə qədər gözlənilən prosesdir. Bu da icbari tibbi sığortanın tətbiqi ilə xəstəxanalarımızın yeni strukturda, baza zərfi ilə işləməsi məsələsi tam formalaşana qədər davam edəcək. Sonradan bu rəqəmlər stabilləşəcək, ölkənin demoqrafik quruluşuna görə müəyyən olunacaq. Eyni zamanda, bu prosesdə xəstələnmə hallarının baş verməsi, təkrarlanması da müəyyən qədər rol oynayacaq. Proqram təminatının tam mükəmməl formaya çatdırılması, mütəxəssislərin ölkə üzrə bərabər paylanması və s. məsələlər var ki, bunların da tamamilə yekunlaşması nəticəsində axının stabilləşməsi gözlənilir.

Bir faktı da qeyd edim ki, ölkədə fəaliyyət göstərən həkimlərin təxminən 45-50%-i Bakıda çalışır. Bunun özü də axının istiqamətinə müəyyən dərəcədə təsir göstərən amillərdəndir. Zamanla regionlarda ixtisas həkimlərinin tam tərkibdə təmin olunması ilə müəyyən dərəcədə bu paylanma da bərabərləşəcək və xəstəxanalara axın bərabər şəkildə paylanacaq.

- Əsas məsələlərdən biri əməkhaqqıdır. Həkimlərin, tibb işçilərinin əməkhaqqında artım davam edirmi?

- Bildiyiniz kimi, icbari tibbi sığortanın tətbiqinə qədər həkimlərin aylıq orta əməkhaqqı çox aşağı idi. Lakin icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqindən başlayaraq əməkhaqları da ilbəil artmağa başladı. Son artım 2022-ci ilin iyun ayında olub. Stomatoloqlar xaric bütün həkimlərə stabil əlavələr verilib və bununla da əməkhaqqı 1200 manata çatdırılıb. Bildiyiniz kimi, icbari tibbi sığortada əməkhaqqı tək stabil əlavədən ibarət deyil, həvəsləndirici əlavə də var. Bu, həkim performansına bağlıdır. Kliniki Tibbi Mərkəzdə fəaliyyət dairəsinin genişlənməsi, əməliyyatların çoxalması əməkhaqlarının da kəskin şəkildə artımına səbəb olub. Bu artım hələ də davam edir. KTM-də 3 mindən başlayaraq 12, 15, 18 min manat maaş alan həkimlərimiz var. Keçən ay qəbul edilmiş baza zərfində xidmət göstərilən tariflər də dəyişdi, təxminən, 30-35% artım var. Bu da həkimlərin bonuslarının artmasına eyni həcmdə təsir göstərəcək.

Həkimlər bəzən əməkhaqqının aşağı olmasından narazılıqlarını bildirirlər. Lakin yenə də bildirmək istəyirəm ki, burada sağlam rəqabət var. Daha çox işləyən həkimlər daha yaxşı maaş alırlar.

- Həkimlərlə də bağlı şikayətlər daxil olur. Hətta şikayətlər arasında rüşvət almaqda günahlandırılanlar olur. Hazırda vəziyyət necədir, şikayətlər olur?

- Cəmiyyət elə qurulub ki, hamı eyni ola, eyni düşünə bilmir. Təəssüf ki, belə neqativ halların olmaması üçün nə qədər əziyyət çəkilsə də, hələ də belə hallara rast gəlinir. Desəm ki, hər şey qaydasındadır, yalan danışmış olaram. Lakin çox ciddi mübarizə aparılır. Belə halların ortaya çıxması ilə həmin həkimlər barəsində Klinik Tibbi Mərkəzin rəhbərinin prokurorluq orqanlarına müraciət etməsi çox ani hal çəkir. Mən hüquqşünas deyiləm, buna görə belə hallar ortaya çıxdığı anda düzgün şəkildə araşdırılması üçün birbaşa hüquq mühafizə orqanlarına müraciət edirəm. Bu belə də davam edəcək. Ola bilməz ki, həmin adamlar eyni abu-havada davam etsinlər.

- Bəs son dövrlərdə belə neqativ hallarla bağlı töhmət alan, işdən azad edilən həkimlər, tibb işçiləri var?

- Əgər rüşvət faktı varsa, burada töhmətdən söhbət gedə bilməz. Bu artıq cinayətdir. Ona görə dərhal həmin həkimlər haqqında hüquq-mühafizə orqanlarına müraciət edirik. Son iki-üç ildə təxminən 3-4 belə hadisə olub və hər birində də hüquq-mühafizə orqanlarına müraciət etmişik.

İcbari tibbi sığortanın tətbiqi dövlət xəstəxanalarında ciddi nizam-intizamı da bərpa edib. Yəni hazırda proqram təminatı imkan verir ki, pasiyent qəbul etmiş həkimi görək, prosesi izləyə bilək.

- Reanimasiya şöbələrində vəziyyət necədir? Kliniki Tibbi Mərkəzin reanimasiya şöbələrində beyin ölümü diaqnozu qoyulur?

- Kliniki Tibbi Mərkəzin icbari tibbi sığortaya keçiddən sonra apardığı islahatların ən böyüyü reanimasiya xidmətinə şamil olunub. Burada 80 çarpayılıq reanimasiya xidmət göstərir. Orada çox ciddi texnoloji islahat aparılıb və KTM-in bügünkü reanimasiyası texnoloji təchizatına görə ən müasir şöbələrdən biridir. İl ərzində reanimasiya şöbəsindəki çarpayıların orta dolma əmsalı 95-97%-dir. Yəni reanimasiya daim dolu olan şöbədir. Bu şöbədə xidmət alan vətəndaşlarımız Azərbaycan Respublikasının xəritəsini əhatə edir.

Beyin ölümünün diaqnostikasına gəlincə, bu, klinik protokola uyğun olaraq 3 həkimin konsiliumu nəticəsində EEG çəkilişindən sonra təsdiqlənir. Respublikamızda evtanaziya haqqında qanun yoxdur. Beyin ölümü təsdiqlənsə belə, xəstənin ürək fəaliyyəti dayanana qədər xidmət aparılır. Hazırda reanimasiyamızda təxminən 70 günə yaxındır ki, beyin ölümü diaqnozu qoyulmuş xəstəmiz var. Bir neçə xəstəmiz də var ki, onlarda da beyin qabığının ölməsi qeyd olunub. Lakin onların süni tənəffüs aparatından ayrılması qeyri-mümkündür. Biz xəstənin son durumuna qədər mübarizə aparırıq.

- Bildiyimizə görə, Kliniki Tibbi Mərkəzin helikopter meydançası da olmalıdır. Ondan istifadə olunubmu, istifadəsi hansı hallar üçün nəzərdə tutulub?

- Mənim klinikadakı fəaliyyətimdən çox əvvəllər helikopter meydançasından istifadə olunub. Xəstələrin təxliyə olunmasının ən müasir yollarından biri də helikopterlərdən istifadə edərək təxliyədir. Bu gün üçün regionlardan bizim xəstəxanaya təcili tibbi yardım maşınları ilə təxliyələr çoxdur. Helikopterlərlə də müəyyən meydançalara qədər təxliyələr olur. Son dövrdə antiterror tədbirlərində helikopterlərlə təxliyədən istifadə olundu. Xəstələr, zərərçəkmişlər müəyyən meydançalara qədər helikopterlərlə təxliyə edildikdən sonra maşınla xəstəxanaya gətirilirlər. Lakin çox istərdim ki, Kliniki Tibbi Mərkəzin həyətində helikopter olsun və istənilən vaxt təxliyəni həyata keçirə bilək.

- Bəs hazırda meydança fəaliyyət göstərir?

- Meydança texniki baxımdan tam yerindədir. Dəfələrlə texniki baxışdan da keçirilib. Əgər gələcəkdə ehtiyac olarsa, yenə də müvafiq qurumlar tərəfindən texniki baxışdan keçiriləcək və istifadə olunacaq.

- Hər ay Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edənlərin statistikası açıqlanır. Onlar arasında həyatını itirənlər də olur. Bayaq da qeyd etdiyiniz kimi, rayonlarda da zəhərlənmə halları olduqda ilkin tibbi yardımdan sonra ehtiyac yarandığı halda xəstələr Bakıya gətirilirlər. Vəfat edənlər tibbi müdaxilə üçün gecikmiş olanlardır, yoxsa nə baş verir ki, onların həyatını xilas etmək mümkün olmur?

- Zəhərlənmələrdə toksiki dərmanların ölüm dozası var. Birinci səbəb həmin dozanın keçilməsidir. Bu, xüsusilə yeyici, yandırıcı turşularla zəhərlənmələrə aiddir. Onlar zəhərlənmə ilə yanaşı, ağız boşluğundan başlayaraq həzm sistemində kimyəvi yanıqlar da törədir. Nəticədə kimyəvi yanıqlar müxtəlif fəsadlarla yanaşı, qanamalarla müşayiət olunur. Eyni zamanda, bu yandırıcı turşuların qəbulundan sonra qanda hemoqlobinin parçalanması da baş verir. Bu qırıntılar da böyrəkləri tutur və nəticədə böyrək yetməzliyi baş verir. Yəni ilkin tibbi xidmət göstərilsə də, ölüm dozası qəbul edilibsə, həmin şəxslərin həyatını xilas etmək mümkün olmur.

Zəhərlənənlərin həyatının xilas edilməməsində digər məsələlərin də öz payı olur. Zəhərlənmə zamanı ilkin tibbi yardımla bağlı çox sayda maarifləndirmə tədbirləri olsa da, təlimlər keçirilsə də, düzgün müdaxilə edilməyən hallar hələ də var. Məsələn, ilan zəhəri ilə zəhərlənmə hallarında ilan sancan nahiyənin məftil, kəndirlə bağlanması, kəsilməsi və s. olur ki, bu cür hallar da ölümlə nəticələnməyə təsir edən amillərdəndir.

Ölüm hadisələri klinikamızda mütləq təhlil edilir. Məlum olur ki, əksər vaxtlarda ölüm dozasını aşan şəxsləri xilas etmək mümkün olmur. Belə zəhərlənmələrdə öndə gedən səbəblərdən biri də sirkə turşusu ilə zəhərlənmədir.

- Bu daha çox intihar xarakterli olur, yoxsa qidanın tərkibində qəbul edilən sirkə turşusu ilə zəhərlənirlər?

- Mətbəxdə istifadə etdiyimiz 5-6%-lik sirkə turşusu ölümə səbəb olmur. Turşuların hazırlanmasında istifadə olunan 70%-lik sirkənin qəbulu ölümlə nəticələnir. Həmin sirkənin sərxoş vəziyyətdə və ya səhvən qəbulu mümkündür. Lakin ümumi baxdığımızda bu sirkə çox yandırıcı olduğu üçün sərxoş halda içilsə belə, ölümlə nəticələnəcək dozada qəbul edilməsi mümkün deyil. Bütün hallarda ölüm faktları polis tərəfindən araşdırılır və intihar məqsədilə qəbul edilməsi halları varsa, aşkarlanır. Kliniki Tibbi Mərkəzə müraciət edən xəstələr özləri etiraf etməsə belə, biz intihardan şübhələndiyimiz zaman onları psixoloq, psixoterapvetlə görüşdürürük və situasiya orada araşdırılır.

- Kliniki Tibbi Mərkəzdə Uşaq Nevroloji Xəstəxanası da fəaliyyət göstərir. Uşaqlarda son dövrlərdə hansı nevroloji xəstəliklər üstünlük təşkil edir?

- Uşaq Nevroloji Xəstəxanasının əsas fəaliyyəti uşaq serebral iflic və müxtəlif irsi nevroloji xəstəliklərlə bağlıdır. Orada genetik məqamlar da araşdırılır. Həm bir həkim, həm də bir valideyn kimi son zamanlarda uşaqlarda yaranan nevroloji problemlərin səbəbini kompüter, planşetlərin, mobil telefonların həyatımıza daxil olması ilə əlaqələndirirəm. Bəzən uşaqlar sərbəst qalırlar və uyğun olmayan, xüsusilə də aqressiyaya təşviq edən filmlərə baxırlar və bu da onların psixologiyasında müəyyən dəyişikliklərə səbəb olur. Eyni zamanda, uzun müddət hərəkətsiz qalmaq da nevroloji problemlərin yaranmasına təsirsiz ötüşmür və uşaqların xarakterini dəyişəcək gücə malikdir. Son dövrlərdə görürəm ki, müraciətlər arasında yuxu, davranış pozğunluqları, panik ataklar və s. daha çoxdur. Baxmayaraq ki, Kliniki Tibbi Mərkəzdə əsas işlər müalicə işinə yönəlib, amma profilaktika da unudulmur. Ona görə də bizim uşaqla bağlı müəssisələrimizin hər üçündə psixoloqlarımız fəaliyyət göstərir. Onlar xəstəxanaya qəbul olunan uşaqlarla görüşürlər və profilaktik tədbirlər aparırlar.

- Kliniki Tibbi Mərkəzlə bağlı tənqidi yazılara da tez-tez rast gəlirik. Bunlar arasında növbə problemi, müayinə və nəticənin əldə olunması prosesinin xəstələrin çox vaxtını alması barədə şikayətlər yayılır. Bu problemlər niyə yaşanır, həlli yolları yoxdur?

- Kliniki Tibbi Mərkəzin saytı fəaliyyət göstərir və xəstəxanada aparılan analizlərin cavablarını vətəndaşlarımız oradan əldə edə bilərlər. Növbə məsələsinə gəldikdə isə, bu problem təkcə bizim fəaliyyətimizlə bağlı deyil. Hələ icbari tibbi sığortanın pilot layihə dövründə, eləcə də sonrakı dövrdə KTM-də bir neçə dəfə onlayn növbə alma ilə bağlı sistemin işə düşməsi və pasiyentlərin istədikləri həkimi seçərək növbə götürə bilmələri üçün dəfələrlə cəhd etmişik. Lakin onlayn növbə sistemindən hər kəs istifadə etmir. Xüsusilə uzaq rayondan gələn xəstələr onlayn növbə götürmürlər. Nəticədə onlayn növbə götürmüş vətəndaşla canlı növbə götürən vətəndaş arasında mübahisə yaranır. Bəzən bu cür hallar ciddi konfliktə çevrilir, polis müdaxilə etməli olur. Onlayn gələn də, canlı növbə götürən də hər ikisi özlüyündə haqlıdır. Onlayn növbə götürən deyir ki, “mən bu cür növbə almışam ki, vaxtım çatanda xəstəxanaya gəlim, zamanıma qənaət edim”. Rayondan da gələn deyir ki, “mən nə kompüter işlədirəm, nə onlayn növbə bilirəm. Səhər tezdən rayondan gəlib növbəmi götürmüşəm, növbəm çatanda da sən kənardan gəlib içəri keçmək istəyirsən...” Nəticədə konflikt yaranır.

İcbari Tibbi Sığorta Agentliyi, eləcə də TƏBİB ilə növbə məsələsinin həll olunması, sıxlığın aradan qaldırılması istiqamətində daimi olaraq müzakirələr gedir. Sıxlığın yaşanmasında digər bir səbəb də həkim seçimi ilə bağlıdır. “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna görə, vətəndaşın həkimini seçmək hüququ var. Bəzən olur ki, hansısa həkimin qəbulunda ciddi sıxlıq yaşanır, həmin ixtisas üzrə fəaliyyət göstərən digər həkimin qəbulunda isə xəstə olmur. Vətəndaşlara növbə olmayan həkimi məsləhət gördükdə razılaşmırlar. Onlar daha çox güvənib etibar etdiyini əsas gətirərək öz seçimində qalırlar. Digər faktor isə müayinə üçün mövcud müraciət ardıcıllığının pozulmasıdır. Belə ki, icbari tibbi sığorta çərçivəsində vətəndaşın xəstəxanaya müraciətinin qaydası var. Bu qaydaya görə vətəndaş ilk olaraq öz ailə sağlamlıq mərkəzinə müraciət etməlidir. Sonra müraciət edənlərin təxminən 30%-nə həmin ailə sağlamlıq mərkəzi həkimi tərəfindən müalicə yazılmalı, proses tamamlanmalıdır. 70% isə vətəndaşın yaşadığı yerdəki poliklinikaya yönləndirilməlidir. Burada da vətəndaşların 30-35%-nin müayinə və müalicəsi tamamlanmalıdır. Yerdə qalan az bir qisim həmin rayonun xəstəxanasına stasionar xidmət üçün müraciət etməlidir. Rayon xəstəxanasında müəyyən səbəblərdən icra edilə bilməyən hallar olduğu zaman pasiyent digər xəstəxanaya elektron qaydada göndəriş almalıdır. Bizdə isə bu ardıcıllıq gözlənilmir və bu qayda formalaşmayıb. Bunun səbəblərindən biri də pandemiya oldu. COVID-19 dövründə rayonlarda bir çox xəstəxana koronavirusla mübarizəyə görə bağlandı. Nəticədə həmin rayonun əhalisi başqa bir yerə getmək məcburiyyətində qaldı və bu proses bu gün də davam edir. Regionlarımızda yaşayan vətəndaşlarımız birbaşa Bakıya, Kliniki Tibbi Mərkəzə gəlir. Mərkəzin gündəlik qəbulu də müəyyən bir saya hesablanıb. O hədd keçildiyi zaman belə sıxlıq yaşanır, növbə problemi yaranır. Vətəndaşların bundan narazılığının haqlı olduğunu deməzdim. Çünki qeyd etdiyim kimi, xəstəxananın pasiyent qəbulu üçün müəyyən hədd var, əgər bu hədd daxilində belə problem yaşanarsa, vətəndaşları haqlı hesab etmək olar, əks halda isə bu istiqamətdə narazılıqlarını bir qədər haqsız olduğunu hesab edirəm. Təəssüf ki, vətəndaş qaydaya uyğun ardıcıllığı qorumur. Ən bəsit əməliyyatın da Bakıda, məhz Kliniki Tibbi Mərkəzdə filan həkim tərəfindən icra olunmasında təkid edir.

Biz bu narazılıqların səbəbini daim araşdırırıq. Gün ərzində vətəndaşlar tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən, TƏBİB-dən və digər qurumlardan da şikayətlər alırıq. Onları araşdıranda görürük ki, əksəriyyətində vətəndaşın əldə etmək istədiyi, lakin mümkün olmayan məqamlara görə narazılıq yaşanır. Məsələn, “xəstəxanada mənə yaxşı baxılmadı, düzgün diaqnoz qoyulmadı” və s. deyirlər. Vətəndaşlar bəzən əlillik almaq üçün ona lazım olan diaqnozu tələb edir. Bu ola bilsin, digər tibb işçiləri tərəfindən öyrədilmiş formada olur, ola bilsin başqa səbəblərdən və s. Lakin nəticə odur ki, əksər vaxtda vətəndaş əlində kağız gətirir və müalicə həkiminə deyir ki, bunları yaz. Yazmayanda da şikayətçi olur. Hər bir halda biz belə şikayətləri araşdırırıq. Başqa həkimlər tərəfindən konsilium şəklində pasiyenti yoxlayırıq və əksər vaxtda xəstənin iddia etdiyi diaqnoz təsdiqini tapmır. Bu zaman hər şey əlindən çıxmış şikayətçi digər ittihamlarla çıxış edir, “bəs mən nə ilə dolanmalıyam?” deyir.

Bir neçə gün öncə bir vətəndaş şikayətlə müraciət etmişdi. Onu qəbul etdim. Sakitləşdirə bilmirdik. Şikayətinin səbəbini soruşdum, bildirdi ki, onu xəstəxanada qəbul etmirlər, deyiblər ki, stasionar müalicəyə ehtiyac yoxdur. Soruşuram xəstəliyin nədir? Deyir, belimdə yırtıq var idi, əməliyyat olunmuşam. Deyirəm, bəs sağalmısansa, niyə xəstəxanada yatmaq istəyirsən? Deyir, çünki əlilliyin təyini üçün ondan bu, tələb edilir. İzah edirəm ki, zənn edək, səni xəstəxanaya qəbul etdik, amma yenə də yırtıq olmadığını, funksional pozğunluğun müşahidə edilmədiyini yazacağıq. Yəni boşuna vaxt itirirsən...

Bəzən də olur ki, vətəndaş check-up müayinə üçün müraciət edir və bunun sığorta ilə qarşılanmasını istəyir. Bu, mümkün olmadığı halda da narazılığını bildirir, şikayət edir. Ya da özəl müəssisədə müayinədən keçir, analizlər üçün bizə müraciət edirlər. Həkimlərimizin müayinəsindən imtina edirlər. Qaydalara görə vətəndaş ixtisaslı həkim müayinəsindən keçmədiyi halda birbaşa analiz istəyirsə, bu, ödənişlidir.

Digər narazılıq isə başqa ölkənin vətəndaşı olan soydaşlarımız tərəfindən olur. Onlar hansısa səbəbdən Azərbaycana gəlirlər və burada icbari tibbi sığortadan istifadə etmək istəyirlər. Qaydalara görə isə xarici ölkə vətəndaşı Azərbaycana gəldiyi zaman miqrasiya xidmətindən keçirsə, iş icazəsi alırsa və sığorta ödəyicisi olursa, o zaman sığorta təminatına alınır. Əks halda xarici ölkə vətəndaşı olan şəxslərə təcili tibbi yardımdan başqa digər tibbi xidmətlər ödənişlidir.

Şikayətlərin bir qismi də özü-özünə diaqnoz qoyan xəstələr tərəfindən olur. İxtisaslı həkimin diaqnoz qoyması üçün yönləndirdiyi analizləri yetərli hesab etməyərək əlavə müayinələrdən keçmək istəyənlər olur. İxtisaslı həkim tərəfindən buna gərək görülməyəndə isə narazı qalırlar.

Bəli, bizdən şikayətçi olan adamlar var və onların əksər vaxtda tələbləri bu cür haqsız olur.

Sonda bir daha qeyd etmək istəyirəm ki, icbari tibbi sığorta planlı təminat deyil. Vətəndaşın həyatına təhlükə yaranırsa, bu zaman o, tibbi təminat altına alınır və müayinə, müalicə edilir.

Apa.az

Zəng sifariş et