12 Fevral 2020 09:44

Müştərək maliyyələşmə məbləğləri nağdsız qaydada qəbul ediləcək

Artıq ölkənin 24 regionunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Digər bölgələrdə, o cümlədən paytaxtda fəaliyyət göstərən əksər xəstəxana və tibb müəssisələri də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarəetməsinə verilib. Sığorta ödənişlərinin toplanmasına isə bu il aprelin 1-dən başlanacaq. Agentliyin müəyyən etdiyi "yaşıl gediş"dən kənar tibb müəssisələrinə müraciət edən pasiyentlərə isə müştərək maliyyələşmə və ya azadolma məbləğləri tətbiq ediləcək. Bu sahədə maraq doğuran məsələlərlə bağlı suallarımızı Agentliyin Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin koordinatoru Nəsimi Nuriyev cavablandırıb:

- İcbari tibbi sığorta sistemində tətbiq edilən müştərək maliyyələşmə məbləğləri nə deməkdir və nə qədərdir?

- İcbari tibbi sığorta tətbiq edilən xəstəxanalarda "yaşıl gediş" və "qırmızı gediş"lər mövcuddur. Pasiyent "yaşıl gediş"lə xəstəxanaya müraciət edərsə, heç bir ödəniş etməyəcək. Bu zaman o, öncə ailə həkiminə müraciət edəcək. Ailə həkiminin göstərişi olarsa, ambulator poliklinikalara göndəriş veriləcək. Ambulator müayinədən sonra lazım olarsa, stasionar müalicəyə yönləndiriləcək. Tələb olunan hallarda cərrahi əməliyyatlar icra ediləcək. Bu qaydada müraciət olunarsa, sığortaolunanlar heç bir ödəniş etməyəcəklər. Əgər pasiyentlər birbaşa ambulator və ya stasionar xidmətə və ya yaşadıqları ərazidə deyil, digər rayonda, şəhərdə həkimə müraciət etmək istəyirsə və həmin xidmət təcili deyilsə, planlı şəkildə olursa, bu zaman müştərək maliyyələşmə və ya azadolma məbləği tətbiq ediləcək. Çünki biz ailə həkimi institutlarını genişləndirmək istəyirik ki, vətəndaşlar ilk olaraq onlara müraciət etsinlər, problemlərin qarşısı yerindəcə alınsın.

Əgər pasiyent ondan imtina edərək birbaşa xəstəxanaya müraciət edərsə, 5 manat məbləğində müştərək maliyyələşmə məbləğini ödəməlidir. Əgər yaşadığı regiondakı digər rayonda həkimə müraciət edirsə, bu zaman 15 manat ödəməli olacaq. Vətəndaşlar bir tibbi ərazi bölməsindən (TƏB) digərinə gedərək orada tibbi xidmət almaq istəyirsə, 30 manat ödəyərək tibbi xidmətlərdən yararlana biləcəklər. Əgər vətəndaşın alacağı xidmətlərin dəyəri 100 manatdan yüksək olarsa, pasiyent 90 manat ödəməli olacaq.

- Bəs həmin vəsaitlər necə toplanacaq?

- Bütün ödənişlər nağdsız qaydada qəbul ediləcək. Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hər bir xəstəxanada POS-terminalların quraşdırılması nəzərdə tutulub. Artıq birinci mərhələdə icbari tibbi sığorta sisteminin tətbiq edildiyi 24 regionda POS-terminallar quraşdırılıb. Heç bir ödəniş nağd şəkildə qəbul edilməyəcək. Biz Beynəlxalq Bankla əməkdaşlıq edirik. Ərazisi böyük olan rayonlardakı xəstəxanalarda bankın filialları yaradılıb.

- Kartı olmayan, ancaq nağd qaydada ödəmək imkanı olan vətəndaşlar müştərək maliyyələşmə məbləğlərini necə ödəyəcəklər?

- Layihədə onu da nəzərə almışıq. Beynəlxalq Bankla əməkdaşlığımız nəticəsində xüsusi plastik kartlar sifariş olunaraq xəstəxanalara çatdırılıb. Həmin vətəndaşlar bu adsız kartlar vasitəsilə öz ödənişlərini həyata keçirə biləcəklər. Bunun üçün xəstəxanalarda olan filiallara müraciət edərək həmin kartları pulsuz əldə edəcəklər. Ödəniş aparatları vasitəsilə öz vəsaitlərini həmin karta yatıracaqlar. Sonra POS-terminal vasitəsilə müştərək maliyyələşmə məbləğlərini və əlavə xidmətlərə görə digər ödənişlərini həyata keçirəcəklər.

- Xəstəxanalarda yaradılması nəzərdə tutulan filialların kassaları hansı funksiyanı həyata keçirəcək?

- Həmin kassalar böyük xəstəxanalarda, göndəriş sayı minimum 2000-3000 nəfər olan tibb müəssisələrində qurulacaq. POS-terminallar vasitəsilə xidmət haqlarının qəbulu mümkün olmadıqda bank əməkdaşları ödənişlərin qəbul edilməsində bizə yardım edəcəklər. Vətəndaşlar vaxt itirməsin deyə bəzi ödənişləri nağd qaydada bankın kassasına ödəyə biləcəklər.

- Müştərək maliyyələşmədən əldə edilən vəsaitlərin istifadə edilməsi, hara xərclənməsi ilə bağlı məlumat verərdiniz.

- Həmin vəsaitlər xəstəxanaların hesabında toplanacaq bu vəsaitləri öz ehtiyaclarına xərcləyəcəklər. Agentlik isə onlara nəzarət edəcək. Vəsaitlər avadanlıqların alınmasına, əmək haqlarının ödənilməsinə və digər xərclərə sərf ediləcək.

- Sığorta haqlarının ödənilməsi ilə bağlı bir məsələni də aydınlaşdırmaq istəyirik. İki yerdə işləyən vətəndaşlar sığorta haqqını necə ödəyəcəklər?

- "Tibbi Sığorta haqqında" Qanunda qeyd edilib ki, vətəndaş gəlirlərindən sığorta haqqı ödəməlidir. Ona görə də bir neçə yerdən gəlir əldə edilirsə, onlara uyğun ödəniş edilməlidir. Başqa sözlə, 2 yerdə işləyənlər hər iki iş yerindən əldə etdiyi gəlirə uyğun ayrıca icbari tibbi sığorta haqqı ödəməlidir. Bu məbləğlər "Tibbi Sığorta haqqında" Qanunda əksini tapıb. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 1 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8.000 manatadək (8.000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.

- Nəsimi müəllim, işsiz vətəndaşlarla bağlı məsələyə aydınlıq gətirməyinizi istərdik. Yeni qaydalara əsasən, işsiz vətəndaşlar hansı tibbi xidmətləri ala biləcəklər?

- 18 yaşdan yuxarı işləmək qabiliyyətində olan, lakin işləməyən şəxslər – evdar qadınlar, kənd təsərrüfatında məşğul olan şəxslər və digər bu kimi vətəndaşlara görə dövlət tərəfindən 90 manat sığorta haqqı ödəniləcək. Onlar da digər sığortaolunanlar kimi icbari tibbi sığortanın baza zərfinə daxil olan bütün tibbi xidmətlərdən yararlana biləcəklər.

Vergilər.az