30 İyul 2023 00:23

Pulsuz müalicə olunmaq istəyənlərin DİQQƏTİNƏ - Bunları etməlisiniz

İqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifov Azərbaycanda tətbiq olunan icbari-tibbi sığorta ilə bağlı müəllif yazısı yazıb.

Musavat.com mövzunun aktuallığını nəzərə alaraq həmin yazını təqdim edir: 

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə 2017-cı ildə pilot layihələr şəklində başlandı və sonradan  o, ölkənin bütün ərazisində tətbiq olundu.  Təəssüf ki, ölkə ərazisində tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlərin bir hissəsi zaman baxımından Ümumdünya COVİD - 19 Pandemiyasının tüğyan elədiyi dövrlə üst-üstə düşdü. Təbii ki, bu şəraitdə yerli tibb müəssisələrini yeni iş sisteminə keçirmək bir o qədər də asan deyildi. Lakin bütün bunlara baxmayaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu işi 2021-ci ilin aprel ayında ölkə üzrə uğurla başa çatdırdı.

Artıq iki ildən çoxdur ki, ölkəmizin bütün ərazisində vətəndaşlarımızın böyük əksəriyyəti tibbi xidməti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlardan bəhrələnməklə əldə edə bilirlər.Bəs insanlara tibbi xidmətləri daha sivil formada təqdim edən və dünyada artıq çoxdan öz möhürünü vurmuş bu xidmət Azərbaycanda necə təşkil olunub? Nədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən sorğuda vətəndaşlarımızın az qala 40%-ə qədəri yeni tətbiq olunan tibbi xidmətdən məmnun olmadıqlarını bildiriblər?

 

Öncə onu deyək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vətəndaşlarımızın onlara göstərilən tibbi xidmətlərdən məmnunluğunu öyrənmək məqsədilə kənar bir təşkilat vasitəsilə müstəqil sorğu keçirməsi təqdirə layiq bir addımdır. Bu o deməkdir ki, Agentlik ölkədə tibbi sığortanın necə işlədiyini, ortada hansı problemlərin olduğunu gerçəkdən bilmək və onların həlli istiqamətində real addımlar atmaq niyyətindədir.

Razılaşaq ki, cəmisi 2 ildən bir qədər artıq yaşı olan bir sistemin mükəmməl səviyyədə işləməsi mümkün deyil. Bu reallıqdır. Problemlər var, heç kim bunu inkar etmir. Lakin əsas olan budur ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlarımıza göstərilən xidmətlərin miqyasını genişləndirmək, onların keyfiyyətini yaxşılaşdırmaq istiqamətində ardıcıl addımlar atmaqdadır. Agentlik eyni zamanda tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən problemlərin ən qısa zamanda aradan qaldırılması yolunda israrlıdır.

Bu gün icbari tibbi sığorta vasitəsi ilə vətəndaşlarımıza təqdim olunan xidmətlərin sayının artması, keyfiyyətinin yaxşılaşdırılması istiqamətində əldə olunan nəticələr bu dediklərimizi bir daha təsdiq edir. Belə ki, əgər 2022-ci ildə icbari tibbi sığortadan istifadə etməklə tibbi xidmət almaq üçün edilmiş müraciətlərin sayı 18 milyona yaxın olmuşdursa, cari ildə bu rəqəmin 20 milyona çatması gözlənilir. Əgər 2022-ci ildə əhaliyə 44 milyon tibbi xidmət göstərilmişdirsə, 2023-cü ildə bu sayın 55 milyona çatması proqnozlaşdırılır.    

Əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsini təmin etmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi özəl xəstəxanalarla əməkdaşlığı getdikcə genişləndirir. Belə ki, əgər Agentliyin fəaliyyətinin başlanğıcında cəmisi 9 özəl tibb müəssisəsi ilə vətəndaşlara icbari tibbi sığorta vasitəsilə tibbi xidmət göstərmək üçün müqavilə bağlanmışdısa, bu gün həmin özəl klinikaların sayı 120-dən çoxdur. Əhaliyə göstərilən tibbi xidmətlərin zərfində nəzərdə tutulan tibbi xidmətlərin növləri də durmadan artır. Əgər bu zərfə fəaliyyətin başlanğıcında 1829 tibbi xidmət növü daxil edilmişdisə, sonradan həmin rəqəm 2550-yə çatdırıldı və hal-hazırda bu sayın 3000-ə çatdırılması reallaşmaq üzrədir.

İki ildən bir qədər artıq vaxt ərzində əhaliyə göstərilən özəl tibbi xidmət müəssisələrinin sayının 13 dəfədən çox, tibbi xidmətlərin çeşidinin isə az qala iki dəfəyə qədər artırılması vətəndaşlarımıza göstərilən tibbi xidmətin daha yüksək və daha sivil bir səviyyədə olması üçün atılan addımların gerçək mənzərəsidir.

İcbari tibbi sığorta sisteminə daxil olaraq fəaliyyət göstərən dövlət tibb müəssisələrində neqativ halların aradan qaldırılmasını təmin edən əsas məsələlərdən biri, həkimlərin və digər tibbi heyətin əmək haqlarının 3 dəfəyə qədər artırılması və xidmət sayından asılı olaraq həkimlərə əlavə bonusların ödənilməsidir. Bu gün artıq dövlət xəstəxanalarında ölkədəki orta aylıq əmək haqqından 5 və daha çox dəfə əmək haqqı alan həkimlərimiz var. Elə bunun nəticəsidir ki, son iki ildə xarici ölkələrdə tibbi təhsil almış, özəl xəstəxanalarda və xarici ölkələrin xəstəxanalarında çalışan 66 həkim onlara olunan təklifi qəbul edib dövlət xəstəxanalarında çalışırlar.

Bu gün ölkədə sosial proqramların reallaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri icbari tibbi sığorta vasitəsilə insanlarımıza təqdim olunan tibbi xidmətlərdən onların məmnunluğunun təmin edilməsidir. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu gün artıq bütün xəstəxanalarda tibbi xidmət alıb xəstəxananı tərk edən vətəndaşlardan xidmət məmnunluğunu öyrənmək üçün sorğu keçirir. Bir qədər sonra isə vətəndaş aldığı tibbi xidmətə dair belə sorğunu elektron formada əldə edə biləcək və ona göstərilən xidmətin səviyyəsini elə həmin məlumat səhifəsində dəyərləndirmək imkanlarına sahib olacaqdır. İndi artıq icbari tibbi sığorta üzrə tibbi xidmətlərin elektron xidmətlər şəklində təşkil olunması üzərində ciddi iş aparılır. Yaxın illərdə biz icbari tibbi sığorta vasitəsilə göstərilən tibbi xidmətlər zaman bu gün mövcud olan növbə və digər məsələlər üzrə problemləri görməyəcəyik.

Musavat.com

Zəng sifariş et