24 Oktyabr 2023 17:00
Qaraciyər köçürülməsi, artan həkim bonusları - Xidmətlər Zərfində nə dəyişdi?
Azərbaycanda vətəndaşlar üç ilə yaxındır ki, əvvəllər sağalması bəzi hallarda mümkünsüz görünən bir çox ağır xəstəliklərdən icbari tibbi sığorta sayəsində xilas ola bilir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daha 775 yeni tibbi xidmət əlavə olunaraq bu say 3315-ə çatdırılıb. Siyahıya sümük iliyi, böyrək və qaraciyər transplantasiyaları, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, qapalı icra olunan ürək qüsurlarının cərrahiyyəsi də daxil olmaqla böyük maliyyə tələb edən mürəkkəb əməliyyat daxildir.
Bəs Xidmətlər Zərfindəki mühüm dəyişikliklər hansılardır? Yeniliyin vətəndaşlar üçün faydası nədir? Tibbi xidmətlərin tarifindəki artım həkimlərin əməkhaqqında özünü necə göstərəcək? “Qafqazinfo” bu və digər suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri Nicat Şirinovun bildirdiyinə görə, əlavə və dəyişikliklər zamanı beynəlxalq təcrübə, ixtisaslı həkim rəyləri və vətəndaş müraciətləri nəzərə alınıb: “Hazırda Xidmətlər Zərfi təkmilləşdirilib, tamamlama işləri aparılıb və əvvəllər olmayan bir sıra xidmətlər Zərfə əlavə edilib. Xidmətlərin yenilənməsi və sayının artması vətəndaşların faydasınadır. Onların cibdən ödəniş etmədən, sığorta hesabına yararlana biləcəkləri tibbi xidmətlərin sayı artıb. Həmçinin tibb müəssisələrində maliyyə dayanıqlığı artıb. Əhatə olunan tibbi xidmətlər hesabına daha çox gəlir əldə etmək mümkün olacaq. O xidmətləri göstərən həkimlərin də əməkhaqqının artması imkanı yaranıb.
Xidmətlər Zərfi ilə təminata alınan stasionar cərrahi əməliyyatların sayında da artım olub. Müxtəlif cərrahi profillər üzrə ixtisaslı həkimlər bu prosesə cəlb olunub və istifadəsinə tibbi göstəriş olan və köhnə Zərfdə yer almayan bir sıra əməliyyatları da yeni Zərfə əlavə ediblər. Bu baxımdan, bud-çanaq və diz oynağı endoprotezləşdirilməsi ilə yanaşı dirsək və çiyin oynağı total dəyişdirilməsini qeyd edə bilərik. Həmçinin ürək-damar cərrahiyyəsinə aid əməliyyatlardan ürək qapaqlarının protezləşdirilməsi, anevrizma, qapalı icra olunan ürək qüsurlarının aradan qaldırılması yeni Xidmətlər Zərfinin təminatı ilə mümkün olub”.
N. Şirinov bildirir ki, laborator xidmətlərin sayında da artım olub. Xidmətlər Zərfinə 200-ə yaxın yeni laborator tibbi xidmət əlavə olunub. Daha konkret desək, vətəndaşları ən çox narahat edən laborator analizləri də artıq sığorta ilə qarşılamaq mümkündür: “Vətəndaş müraciətləri əsasında laborator analizlərdən allergenlərin müəyyən olunması üçün allergik panellər Xidmətlər Zərfində təminata alınıb.
Təkmilləşdirilmiş Xidmətlər Zərfində bir çox xidmətlərin limitlərinə də yenidən baxılıb. Koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatları limitli şəkildə icra olunurdusa, dəyişiklikdən sonra limitlər aradan qaldırılıb. Həmçinin fizioterapiya xidmətlərində ambulator şəraitdə istifadə limiti 30 müraciətədək artırılıb. Orqan transplantasiyası da limitli şəkildə artıq Xidmətlər Zərfi ilə təminata alınıb. Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20-dir”.
Agentliyin Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin baş məsləhətçisi Şamxal Cəmilzadənin sözlərinə görə, Xidmətlər Zərfindəki tibbi xidmətlərin tarifində artım olub: “Köhnə Xidmətlər Zərfi 2020-ci ilin əvvəlində təsdiqlənmişdi və 2019-cu ilin qiymətlərini özündə ehtiva edirdi. Bu illər ərzində 30%-dən çox kummulyativ inflyasiya baş verib və aktual bazar tariflərinə uyğunlaşma ehtiyacı səbəbindən cari ilin avqust ayında Xidmətlər Zərfi yenilənib. Tariflər dövlət və özəl tibb müəssisələrinin tibb heyəti ilə aparılan müzakirələr, bu müzakirələr nəticəsində müəyyənləşən personal, tibbi ləvazimat, avadanlıq, dərman və digər tələblər kimi amillər əsasında formalaşdırılıb. Araşdırma nəticəsində Xidmətlər Zərfində 1 464 tibbi xidmətin tarifi dəyişdirilərək, aktual bazar qiymətlərinə uyğunlaşdırılıb, beləliklə, tibbi xidmətlərin 56%-nin tarifində artım olub. Bununla həkimlərin bonuslarının 50 faizdən çox artacağı proqnozlaşdırılır”.
Agentliyin Təchizat və satınalma şöbəsinin müdiri Anar Rəhimov Xidmətlər Zərfinə yeni daxil olan sümük iliyi transplantasiyası üçün əhəmiyyətli avadanlıqlar alındığını qeyd edib: “Vətəndaşlar üçün dəyəri yüksək transplantasiya əməliyyatları icbari tibbi sığorta ilə artıq əlçatandır. Sümük iliyi transplantasiyası yeni satın alınmış avadanlıqlar vasitəsilə müasir müalicə üsulu olan aferez yolu ilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək. Artıq leykoz, mieloma, limfoma kimi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin icbari tibbi sığorta çərçivəsində effektiv müalicəsi mümkün olacaq. Müasir tələblərə uyğunlaşan effektiv müalicə üsulunun tətbiqi sümük iliyi transplantasiyası əməliyyatının icrası üçün lazımi avadanlıq və resurslara qənaətə də imkan verir”.
Şöbə müdiri Agentlik tərəfindən 2022-2023-cü illərdə dəyəri 40 milyon manatdan çox olan 254 adda 3344 sayda avadanlıq, cihaz, alət və ləvazimat alındığını deyib.
Bura həm də laparoskopik əməliyyatlar üçün cihazlar daxildir.
A.Rəhimovun sözlərinə görə, laparoskopik əməliyyatların əsas üstünlüyü bərpa müddətinin qısa olmasıdır. Açıq əməliyyatlarda xəstə 3-4 gün xəstəxanada qalmalı olurdusa, artıq bu cür əməliyyatlarda ağırlaşma yoxdursa, xəstə növbəti gün evə buraxılır. Əvvəl paytaxtda məhdud sayda tibb müəssisəsində laparoskopik əməliyyatlar icra olunurdusa, artıq regionlarda da bu əməliyyatlar icra olunur.
Dövlət tərəfindən vətəndaşların tibbi qayğısını daha da yaxşılaşdırmaq məqsədilə tətbiq olunmuş icbari tibbi sığorta travmatologiya sahəsində də böyük töhfə verir. Mərkəzi Neftçilər Xəstəxanasının travmatoloq - ortopedi Sənan Tağıyevin sözlərinə görə, icbari tibbi sığortanın olmadığı dövrdə əməliyyata maddi imkanının olmaması böyük təsir göstərirdisə, hazırda vətəndaşlar dövlət tərəfindən təmin olunmuş vəsaitlə əməliyyat oluna bilirlər: “Xüsusən də, travmatologiya sahəsində sınıq, çıxıq və ya zədələnmələrdə istər implant, istərsə də səhiyyənin təşkili baxımından hər cür şərait yaradılıb. Biz o imkanlardan yararlanaraq vətəndaşlara tibbi xidmət göstəririk. Ortopedik sahədə də məsələn, artrozdan əziyyət çəkən və külli miqdarda vəsait tələb olunan əməliyyatlar hazırda dövlətin təmin etdiyi implantlar hesabına pulsuz icra olunur. Artıq vətəndaş maddi vəsaiti düşünmədən sığorta ilə əməliyyat etdirə bilər”.
İcbari tibbi sığorta ginekologiya xidmətləri üzrə də əlçatandır. Mərkəzi Neftçilər Xəstəxanasının mama-ginekoloqu Elnurə Salmanova qeyd edir ki, əvvəllər xarici ölkələrdə qadınların sığorta hesabına uşaqlıq boynu xərçəngi müayinəsindən keçdiklərini gördükdə nə vaxtsa bizim ölkəmizdə də bunun tətbiq ediləcəyini ancaq xəyal etmək olardı. İndi isə bu xəyal real olub: “Xəyal edirdim ki, bizdə də səhiyyə sahəsində sığorta sistemi tətbiq olunar və bu sistemlə öz ölkəmdə qadınlara xidmət edə bilərəm. Ona görə həm bir həkim kimi, həm bir vətəndaş kimi deyə bilərəm ki, icbari tibbi sığortanın ginekologiyada rolu möhtəşəmdir. Mən həmin xəyalı gerçək olaraq yaşayıram. Öz ölkəmdə, öz qadınlarımıza xidmət edə bilərəm. Pap-testlər, HPV testləri var ki, özəl sektorda bunlar çox böyük maliyyə hesabına əldə olunur. Hazırda isə icbari tibbi sığorta ilə təmənnasız şəkildə dövlətimiz tərəfindən xəstələrə verilir.
Xidmətlər Zərfi ginekologiya üzrə çox genişdir. Əvvəllər erkən doğulan uşaq üçün mütləq özəl sektora baş vurulurdu və bu da ailəyə külli miqdarda zərərlə başa gəlirdi. Hazırda isə nə qədər erkən doğum olsa belə uşaqlara xidmət icbari tibbi sığorta tərəfindən qarşılanır”.
Agentlik mətbuatda
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26 Fevral 2024 18:02
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17 Fevral 2024 22:33
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10 Fevral 2024 22:00
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02 Fevral 2024 11:21
Трансплантация почки и печени. Сбор средств недопустим!
10 Yanvar 2024 16:44
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09 Yanvar 2024 15:58
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08 Yanvar 2024 13:42
ЛОР-операции в Азербайджане
07 Yanvar 2024 12:27
Государственное агентство медстрахования Азербайджана обеспокоено!
18 Dekabr 2023 13:42
“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”
03 Noyabr 2023 11:50