14 Noyabr 2019 10:52

Səhiyyə işçilərinə yüksək əməkhaqqı, vətəndaşlara keyfiyyətli tibbi xidmət...

İcbari tibbi sığortanın tətbiq olunduğu pilot rayonlarının təcrübəsi kifayət qədər uğurludur.
Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi, mühüm Dövlət proqramlarının qəbul olunması, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin prioritetlərini təşkil edir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühüm tərkib hissəsidir.
Ümumiyyətlə, icbari tibbi sığortanın (İTS) məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Hökumətin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin edəcək. Həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə potensialını gücləndirəcək. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edəcək. İcbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadəsi üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini təmin edəcək. İcbari tibbi sığorta sosial həmrəylik, səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərəcək.
İcbari tibbi sığorta pilot layihə şəklində Mingəçevir şəhəri və Yevlax rayonunda üçüncü, Ağdaş rayonunda isə ikinci ildir ki, tətbiq edilir.
Yeni maliyyələşmə sistemində dövlət vəsaitləri və icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşməsinin başlıca mənbəyi olacaq. Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad edilməklə dövlətin sosial dəstəyi ilə təmin olunacaqlar. Mövcud resurslardan səmərəli və şəffaf şəkildə istifadə icbari tibbi sığortanın digər rəhbər prinsipləridir. Burada məqsəd yeni maliyyələşmə metodlarının tətbiqi ilə tibbi xidmətin keyfiyyətinin daha da stimullaşdırılması, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli istifadəsinin təmin edilməsidir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hazırda icbari tibbi sığorta pilot layihə şəklində Mingəçevir şəhəri və Yevlax rayonunda artıq üçüncü, Ağdaş rayonunda isə ikinci ildir ki, tətbiq edilir. Pilot ərazilərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və tibbi xidmətlərə əlçatanlığı artırmaq məqsədilə bir sıra tədbirlər görülüb. Həmçinin tibb müəssisələrinin idarəedilməsi strukturu dəyişdirilib, tibbi təchizatı yaxşılaşdırılıb və diaqnostik laboratoriyalarının işi təkmilləşdirilib. Mərkəzi xəstəxanalarda 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb ki, onlar qanın nəinki ümumi və biokimyəvi analizini, hətta qanda hormonların müayinəsini də həyata keçirməyə imkan verir. Laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb. Eyni zamanda, qeyd edə bilərik ki, pilot ərazilərdəki tibb müəssisələrindən xəstəxanadaxili bütün göndəriş, tibbi sərfiyyat, dərman təchizatı və həyata keçirilən bütün manipulyasiyaların qeydiyyatı vahid elektron idarəetmə proqramı vasitəsilə həyata keçirilib. Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması tam təmin edilib.
Pilot layihənin başlanğıcında özündə 1829 adda tibbi xidməti (480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik, 459-u laborator müayinə və 166-sı həyati vacib - dəyəri yüksək olan xidmətlər) birləşdirən İTS-nin baza zərfi hazırlanıb və bura daxil olan tibbi xidmətlərin tarifləri müəyyənləşib.
Qeyd edək ki, pilot ərazilərdə əhalidən sığorta haqqı toplanılmır və pilot ərazilərin 340 min nəfər sakini və burada rəsmi qeydiyyatda olan 30 min nəfərə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərdən istifadə etmək hüququ əldə edib.
Pilot layihə hazırda Ağdaş rayonunda da uğurla davam edir. Qeyd edək ki, görülən işlər çərçivəsində 2018-ci ilin fevral ayında “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs (PHŞ) yaradılıb və dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərməyə başlayıb. İTSDA-nın əmr və sərəncamları əsasında Ağdaş RMX PHŞ-nin strukturu təsdiq edilib, sığortanın təşkili və innovasiya, dəstək xidmətləri, xəstə xidmətləri, informasiya texnologiyaları şöbələri, Ailə Sağlamlıq Mərkəzi bölmələri və s. ilk dəfə olaraq yaradılıb, proqram təminatı qurulub.
Ağdaşda həkimlərin əməkhaqları 2,5-3 dəfə, orta və kiçik tibb işçilərinin əməkhaqları 2 dəfə, inzibati idarəetmə işçilərinin əməkhaqları 2,5-3 dəfə artıb.
“Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Nuru Nuriyev bildirib ki, dünyanın əksər inkişaf etmiş ölkələrində icbari tibbi sığorta tətbiqi ilə səhiyyə sahəsində çoxsaylı uğurlar qazanılıb və inkişaf edib. O hesab edir ki, tibbi sığortanın tətbiq olunmasında əsas məqsəd tibbi xidmətlərin bütün xəstələr üçün əlçatan olmasını, tibb işçilərinin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılmasını, səhiyyənin maddi texniki bazasının yüksəldilməsini təmin etməkdir: “Mövcud qanunvericiliyin tələblərinə uyğun İTSDA-nın, Səhiyyə Nazirliyi və yerli İcra Hakimiyyəti ilə birgə işləməyin sayəsində qarşıya qoyulan vəzifələrə əsasən nail olunub, vətəndaş məmnuniyyətinin səviyyəsi xeyli yüksəlib. Ötən dövr ərzində həkim mütəxəssislərə xəstə müraciətlərinin sayı 2 dəfədən çox artıb. 2019-cu ildə orta hesabla həkimlərin əməkhaqları 2,5-3 dəfə, orta və kiçik tibb işçilərinin əməkhaqları 2 dəfə, inzibati idarəetmə işçilərinin əməkhaqları 2,5-3 dəfə artıb. Normativlərlə bağlı əlavələrin verilməsi ilə əlaqədar olaraq bəzi həkimlər 5-7 min manat əməkhaqqı alırlar. Demək olar ki, əsasən cərrahlar və mama-ginekoloqlar 2-3 min manat əməkhaqqı alırlar. 2019-cu ildə xəstəxanaya 80.000 manatlıq maşın və avadanlıq, 38.400 manatlıq yumşaq invertarlar, 352.000 manatlıq dərman və sarğı materialları, 132.500 manatlıq ərzaq məhsulları, 3 ədəd müasir avadanlıqlarla təmin olunmuş “Mersedes Bens 315 CDİ Sprinter” markalı yeni avtomaşın, 2 ədəd hemodializ qurğusu verilib, eləcə də xəstəxanada əsaslı təmir işləri aparılıb. Bu sahələrdə görülmüş işlər davam etdirilir”.
N.Nuriyevin sözlərinə görə, Ağdaş RMX PHŞ-də qurulmuş proqram təminatı əsasında xəstələrin qəbulu, müayinə və müalicə olunmaları üçün hər bir şərait yaradılıb, xəstələr sutkada 3 dəfə pəhriz stollarına uyğun isti yeməklərlə, geyimlərlə, dərmanlar və sarğı materialları ilə təmin olunurlar. Eləcə də xəstəxananın əsas korpusunda Şıxlı ASM bölməsində əsaslı təmir işləri başa çatdırılıb, digər struktur və bölmələrdə əsaslı təmir işləri davam etdirilir.
150 nəfər xəstədə qapalı və açıq ürək əməliyyatları aparılıb.
Direktor qeyd edib ki, müalicəsi Ağdaş RMX PHŞ-də mümkün olmayan xəstələrin müayinə və müalicəsi müqavilədə olduğumuz III səviyyəli xəstəxana və klinikalarda təşkil olunur. Belə ki, təkcə 2019-cu ilin 10 ayı ərzində Mərkəzi Neftçilər Xəstəxanasında 467, Mərkəzi Klinik Xəstəxanasında 98, Caspian İnternational Hospitalda 13, ATU Tədris Cərrahiyyə Klinikasında 230, Respublika Müalicə Diaqnostika Mərkəzində 460 nəfər xəstə müayinə və müalicə olunub. 150 nəfər xəstədə qapalı və açıq ürək əməliyyatları aparılıb, bu zaman ölüm və ağırlaşmalar olmayıb. 300-dək xəstədə göz, 120 nəfər xəstədə uroloji, 30 nəfər xəstədə neyrocərrahiyyə, 180 nəfər xəstədə damar-cərrahiyyə və s. əməliyyatlar aparılıb.
N.Nuriyev aparılan müalicələrdən sonra yaxşılaşma və sağalma hallarının çox yüksək olmasını isə xüsusi qeyd edib. “Səhiyyə sahəsində aparılan uğurlu islahatlar, bunun nəticəsi olaraq vətəndaş məmnunluğunun yüksək olması bizi çöx sevindirir. Aparılan islahatlara və onun çox yüksək müsbət nəticələrinə görə vətəndaşlarımız hörmətli Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardırlar”, - deyə o vurğulayıb.
Sakinlər yeni sistemin tətbiqindən çox razıdırlar.
Ağdaşda icbari tibbi sığortanın imkanlarından istifadə edən sakinlər də bu sistemin tətbiqindən çox razıdırlar. Bu razılığı sakinlərin özlərindən də eşitdik. Zakir Şakir oğlu Məmmədov 2018-ci ildə ürək nahiyəsində olan ağrı ilə əlaqədar Ağdaş RMX PHŞ-ə müraciət etdiyini deyib: “Həkimlər məni müayinə etdilər. Məlum oldu ki, ürəyim əməliyyat olunmalıdır. Əməliyyat olunmaq üçün mənə Gəncə şəhər Mərkəzi Klinikasına göndəriş verildi. Həmin klinikada mən açıq ürək əməliyyatı keçirdim. Hal-hazırda özümü yaxşı hiss edirəm”.
Onun sözlərinə görə, icbari tibbi sığortanın üstünlüyünü aydın şəkildə hiss edirlər. Bu il isə Z.Məmmədov Bakı şəhərində Mərkəzi Klinikada ayağında olan damar genişlənməsinə görə əməliyyat olunub. Ağdaş sakini müayinə və müalicə zamanı hər bir məsələnin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. “Yaradılan belə bir şəraitə görə ölkə başçımız cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, Ağdaş rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə və tibbi personala minnətdaram”, - deyə Z.Məmmədov vurğulayıb.
Ağdaş rayonunun Abad kənd sakini Məmməd Səməd oğlu İsgəndərov da səhhətində olan narahatçılıqla bağlı bir müddət öncə Ağdaş RMX PHŞ-ə müraciət edib. Ona Bakı şəhərinə müayinə və müalicə olunmaq üçün göndəriş verilib. Müayinələr nəticəsində məlum olub ki, M.İsgəndərov Bakı şəhər Mərkəzi Klinikasında koronar angioqrafiya əməliyyatı olunmalıdır. Pasiyent bu diaqnoz üzrə əməliyyat edilib və hazırda özünü yaxşı hiss edir.
M.İsgəndərov deyib ki, əgər rayonda icbari tibbi sığorta tətbiq olunmasaydı, əməliyyat olunmaqda problemlərlə üzləşə bilərdi: “Çünki Bakıda özəl klinakalarda bunun üçün yüksək məbləğdə vəsait tələb olunur. Mənim isə buna imkanım çatmırdı. icbari tibbi sığortanın vasitəsilə mən heç bir vəsait ödəmədən müayinə və müalicə olundum. Bizim üçün belə bir şəraiti dövlətimizin başçısı İlham Əliyev yaradıb. Cənab Prezident hər zaman vətəndaşların qayğıları ilə maraqlanır, sosial məsələlərin həllinə xüsusi diqqət yetirir”.
O həmçinin Ağdaş rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitdən də məmnunluğunu ifadə edib.
Rayonun digər sakini Səyyaf Məhəmməd oğlu Yusifov isə ötən il bel nahiyəsində olan ağrılar səbəbindən rayon xəstəxanasına müraciət edib. “Müraciətimlə bağlı məni həkim müayinəsindən keçirdilər və Gəncə şəhər Mərkəzi Klinikasına əməliyyat olunmağım üçün göndəriş verdilər. Əməliyyatım müsbət nəticə verdi. İndi özümü yaxşı hiss edirəm”, - deyən S.Yusifov söyləyib ki, icbari tibbi sığortanın üstünlüklərindən rayon sakinləri çox razıdırlar. Onun sözlərinə görə, pilot layihə tətbiq olunmamışdan əvvəl vəziyyət indiki kimi deyildi: “Təbii ki, fərqlər var və bu, icbari tibbi sığortanın üstünlüyüdür. Bu sistemin tətbiqindən sonra rayonumuzun xəstəxanasında xeyli işlər görülüb, onun şəraiti yaxşılaşıb. Eyni zamanda, xəstəxananın rəhbərliyi və kollektivi müraciət edən insanlarla ciddi şəkildə maraqlanırlar. Deyərdim ki, xəstəxananın rəhbəri Nuru Nuriyev imkan daxilində hər bir pasiyentin vəziyyəti ilə şəxsən maraqlanır. Yəni bu sistemin üstünlüklərini biz əyani şəkildə görürük. Bu gün ölkəmizin Prezidentinin rəhbərliyi ilə Azərbaycan inkişaf edir, yeniləşir. İcbari tibbi sığortanın tətbiq olunması da bu yeniliyin göstəricisidir. Bütün bunlar vətəndaşların rahatlığı üçündür. Mən buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

yeniazerbaycan.com