18 Mart 2024 12:40

Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb

16 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın İveco Daily 35S15/E4 markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı sadə differensiallı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir.

Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən ən müasir tibbi avadanlıqlarla təmin edilib. Avtomobillərin komplektasiyası ən ağır vəziyyətdə olan pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir.

Reanimobillər nəzarət monitoru, elektrokardioqraf, defibilyator, süni tənəffüs və ventilyasiya cihazı, injektomat, infuzomat, portativ аspirator, oksimetr, tonometr, oksigen balonu və reanimasiya tədbirlərinin icrası üçün digər zəruri təchizatla təmin edilib. 

Perinatal küvəzli təcili tibbi yardım avtomobilləri tibb müəssisələrində anadan olan patoloji yenidoğulmuşların burada göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları üçün müvafiq perinatal mərkəzlərə çatdırılması üçün nəzərdə tutulub.

Müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən xəstələrin daşınması üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobillərində xüsusi arakəsmələr quraşdırılıb. Özünə və ətrafdakılara zərər verməyə meyilli aqressiv şəxslərin daşınması üçün operativ nəqliyyat vasitələri dəmir barmaqlıqlarla təchiz olunub.

Bütün avtomobillər qatlanıb açılan xərək, onurğa taxtası, boyun şinası və ilkin tibbi yardımın göstərilməsi üçün zəruri cihaz və avadanlıqlarla dəstləşib. Ambulansların təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icrasına imkan verir. Nəqliyyat vasitlələri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.

Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlər bundan sonra da davam edəcək.

Qeyd edək ki, avtomobillərin bölgüsü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normalarına əsasən aparılacaq.

Zəng sifariş et