26 Noyabr 2018 09:21

Tibbi xidmətlərdən istifadə üçün bərabər şərtlər yaradan sığorta

Ölkəmizdə gedən sürətli iqtisadi yüksəliş əhaliyə göstərilən tibbi xidmətdən də yan keçməyib. Son illər müasir standartlara uyğun xəstəxana və müalicə ocaqlarının istifadəyə verilməsi, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb müəssisələrinin ən müasir avadanlıq və qurğularla təchiz olunması bu sahədə irəliyə doğru atılan çox böyük addımların nəticəsidir. Müstəqilliyimizin ilk illərində yaşanan çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən sosial siyasətin nəticəsi olaraq əhalinin sağlamlığının qorunması sahəsində mühüm nailiyyətlər əldə olunub ki, bu da gələcək üçün çox möhkəm bünövrə rolunu oynayıb. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı, eləcə də səhiyyə sistemində onun rəhbərliyi altında aparılan uğurlu islahatlar tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə səbəb olub. Son illər pilot layihə kimi həyata keçirilməyə başlanılan icbari tibbi sığorta da əhalinin sağlamlığının mühafizəsinə yönəldilmiş sosial layihələrdən biridir. İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsində yeni üsul hesab oluna bilər. Burada əsas məqsəd əhaliyə göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, tibbi xidmətlərin ödənilməsi üzrə maliyyə vəsaitinin paylanmasıdır. Belə ki, sosial müdafiənin bir növü olan və əhalinin tibbi xidmətlərdən istifadəsi üçün bərabər şərtlər yaradan icbari tibbi sığorta vətəndaşların sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi onları maddi yükdən əhəmiyyətli dərəcədə azad edir.

İcbari tibbi sığorta dövlət sosial sığorta sisteminin ən mühüm tərkib hissəsidir

Xüsusi tibbi və iqtisadi əhəmiyyətə malik icbari tibbi sığorta dövlət sosial sığorta sisteminin ən mühüm tərkib hissəsidir. Bir çox ölkələrdə bu modelin tətbiqində gecikmələr olsa da, uğurlu nəticələr əldə olunub. Belə ki, Türkiyədə 2003-cü ildən başlayaraq səhiyyə sistemində genişmiqyaslı islahatlar aparılıb. Son nəticə olaraq əhalinin həssas təbəqələrinin - özünü maliyyə baxımından təmin edə bilməyən şəxslərin, 18 yaşına qədər uşaqların, vətəndaşlığı olmayanların və qaçqınların sığorta haqları hökumət tərəfindən ödənilir. Moldovada isə icbari tibbi sığorta haqqında qanun 1998-ci ildə qəbul edilməsinə baxmayaraq, onun ölkə səviyyəsində tətbiqinə 2004-cü il yanvarın 1-dən başlanılıb. Orada sığorta haqları 8 faizə bərabərdir. Bunun da 4 faizini işəgötürənlər, qalan yarısını isə işçilər ödəyirlər. Gürcüstanda əhalinin 80 faizini əhatə edən icbari tibbi sığorta artıq 15 ilə yaxındır tətbiq olunur. Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun 1999-cu il oktyabrın 28-də qəbul olunub. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli 2592 nömrəli Sərəncamına əsasən yaradılıb. Qurum Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən fəaliyyətə başlayıb. 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə onun əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs təsis olunub.

Prezident İlham Əliyevin digər müvafiq fərmanlarına əsasən Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta pilot layihə şəklində, 1829 tibbi xidməti əhatə edən baza zərfi əsasında həyata keçirilir. Vətəndaşlar baza zərfində yer alan təcili və təxirəsalınmaz tibbi yardım, o cümlədən ambulans, ilkin səhiyyə, yəni ailə həkimi, ambulator, laborator və diaqnostik (USM, KT, MRT və s.) müayinələr, stasionar müalicə, funksional-fizioterapevtik xidmətlər, hamiləlik və doğuş, təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.), uşaqların təqvim əsasında planlı peyvənd olunması, cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.), eləcə də müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidəsi xidmətindən yararlana bilərlər.

Hazırda 370 min nəfəri əhatə edən icbari tibbi sığortanın gələcəkdə mərhələli şəkildə respublikanın bütün bölgələrində tətbiqi nəzərdə tutulur. Ölkəmizdə 18 yaşadək uşaqlar, sağlamlıq imkanları məhdud bütün vətəndaşlar, aztəminatlı ailələr, tələbələr və pensiyaçıların sığorta haqqı dövlət tərəfindən ödənilir.

İcbari tibbi sığorta sistemi çərçivəsində çalışan bir həkimin uğur hekayəsi

İcbari tibbi sığortanın tətbiqi bir tərəfdən tibb işçilərinin peşəkarlığının, nüfuzunun, sosial rifahının yaxşılaşdırılmasına yönəlib.

Pilot layihənin tətbiq olunduğu Yevlax Rayon Mərkəzi Xəstəxanasında (RMX) on ildir oftalmoloq işləyən Güləndam İsgəndərova icbari tibbi sığortanın tətbiqindən sonra Türkiyənin Ankara Tibb Universitetində okuloplastika kursu keçib. Oftalmoloqun dediyinə görə, hazırda okuloplastik əməliyyata ehtiyacı olanlar artıq Bakıya göndərilmir. Bu cərrahi əməliyyatlar Yevlax RMX-də uğurla icra olunur.

Oftalmoloq icbari tibbi sığortanın köməkliyi ilə yüzlərlə pasiyentin əməliyyat olunduğunu bildirib.

“Yevlax şəhərində məskunlaşmış Ağdam rayonundan məcburi köçkün olan və ailə başçısını itirmiş Günel Cəfərova sol gözündə sulanma-çirklənmə şikayəti ilə xəstəxanaya müraciət edib. Pasiyent dörd ildir xəstəlikdən əziyyət çəkdiyini və maddi imkansızlıq üzündən əməliyyat olunmadığını bildirib. Müayinə zamanı xəstənin sol göz yaşı kanalının obliterasiyası aşkarlandı. Onun sol gözü intubasiya olundu və tup qoyuldu. Günel Cəfərovanın vəziyyəti hazırda kafidir. Bundan başqa bu yaxınlarda Cahangir adlı bir uşaq da müayinə üçün xəstəxanamıza gətirilmişdi. Baxış zamanı onun göz qapağında aşkarlanan “dermoid kista” cərrahi yolla xaric edildi. Sonra digər azyaşlıda Cavanşir balamızda travmadan sonra sol gözünün alt qapağında bitişmələr yaranmışdı. Xəstə üzərində gözün alt qapağının rekonstruksiyası əməliyyatı aparıldı və nəticəsi uğurlu oldu”, - deyə oftalmoloq qeyd edib.

Əslində icbari tibbi sığortanın tətbiqi sosial həmrəyliyə söykənib. Burada kimsə il ərzində tibb məntəqələrinə müraciət etmirsə, onun ödədiyi vəsait hansısa bir xəstə və imkansızın müalicəsinə sərf olunur. Hər kəs az vəsait ödəməklə digər həmvətəninin həyatını xilas edə bilər. Həmçinin aztəminatlı ailələrin sığorta haqlarını dövlətin öz öhdəliyinə götürməsi onların da tibbi xidmətlərdən yetərincə yararlanmasına töhfə verəcək. Digər tərəfdən tibb işçilərinin xarici ölkələrdə öz ixtisaslarına uyğun təkmilləşdirmə və ixtisasartırma kurslarında iştirakının təşkili, mütəxəssislərin tövsiyələrini dinləməsi və peşəkarlıqlarının artırılması əhalinin yerli tibb işçilərinə inamını geri qazandırmağa yönəlib. Səhiyyə işçilərinin tibbi biliklərinin təkmilləşdirilməsi xəstəliklərin müayinəsi və müalicəsi üçün xəstələrin nəinki bölgələrdən paytaxta, o cümlədən digər xarici ölkələrə üz tutmasına ehtiyac qalmayacaq. Bir sözlə, icbari tibbi sığortanın tətbiqi səhiyyəmizin inkişafına təkan verəcək, bir yox, onlarla, yüzlərlə həkimin uğur hekayəsinə, neçə-neçə xəstənin həyata qayıtmasına vəsilə olacaq.

Göyçək Mahmudlu, AzərTac Dövlət İnformasıya Agentliyi