21 Dekabr 2022 16:00

Vaxtından əvvəl doğulan körpələr - Onlar həyata necə bağlanır?

Eşitmiş olarsınız, el arasında tez-tez, yarızarafat “altıaylıqsan?”, – deyə verilən bir sual var, əsasən səbirsiz adamlara ünvanlanır. İstər-istəməz düşünürsən, yarımçıq doğulanlar səbirsiz olur? Körpənin ana bətnində tamamlaya bilmədiyi həftələrin sayı onun həyatında, sağlığında, xarakterində necə iz buraxır? Dünyaya gəldikdən sonra “əvvəlki həyatlarında” yarımçıq qoyduqları inkişafı tamamlaya bilirlərmi?

“Qafqazinfo” bu dəfə yarımçıq doğulanları araşdırıb. Gəlin görək onlar kimlərdir?

Belə məlum olur, vaxtından əvvəl doğulanlar hamiləliyin 22-ci həftəsindən 37-ci həftəsinə qədər müddətdə anadan olan uşaqlardır. Onların bədən çəkisi 1 000 qramdan 2 500 qrama qədər, boyu isə 45 sm-dən az olur.

Xüsusi tibbi yardım mütləqdir

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Vaxtından əvvəl doğulmuş uşaqların patologiyası şöbəsinin müdiri Pəri Məmmədova deyir ki, vaxtından əvvəl doğuş inkişaf etməmiş bir vəziyyətdir: “Körpə vaxtından əvvəl doğulubsa, bu o deməkdir ki, bəzi daxili orqanları hələ tam formalaşmayıb və onun orqanizmində bir çox xəstəliklərin inkişafı üçün münbit şərait var”.

Vaxtından əvvəl doğulan orqanizm istiliyi saxlaya bilmir, ağciyər toxuması tam yetişməmiş olur və sərbəst nəfəs ala bilmir. Belə körpələr oksigen dəstəyinə, isinməyə ehtiyac duyur və bunun üçün küvəzə yerləşdirilirlər. Onlarda fizioloji reflekslər də inkişaf etmədiyindən uda bilmir, zondla qidalandırılırlar. Belə körpələrdə bağırsaq da tam formalaşmadığından funksiyasını yerinə yetirə bilmir.

Anemiya, demək olar ki, hər vaxtından əvvəl doğulan körpədə müşahidə olunur. Bundan başqa, hamiləlik müddəti başa çatmadığına görə yeni doğulan uşaqlar retinopatiya riski altında olurlar. Retinopatiya gözün tor qişasının görmə qabiliyyətinin pisləşməsinə səbəb olan xəstəlikdir. Buna görə də həmin körpələr oftalmoloqlar tərəfindən xüsusi cədvəl üzrə müşahidə altında saxlanılırlar.

Bir sözlə, kiçik ürəyin bu qədər çətinliklərə sinə gərə bilməsi, yaşaya və inkişaf edə bilməsi üçün onları ana bətnində olduqları mühitə yaxın xüsusi şəraiti olan tibb müəssisələrinə yerləşdirirlər. Üstəlik, bu şərait həm Bakıda, həm də regionlarda var. Gəncə və Sumqayıt şəhərləri, Quba, Lənkəran, Şəki və Sabirabad rayonlarında fəaliyyət göstərən perinatal mərkəzlər, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu vaxtından əvvəl doğulan körpələrin və analarının sağlam şəkildə həyatlarına davam etmələri üçün nə lazımsa, edir. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda isə yalnız uşaqlar hər cür qayğı ilə təmin edilirlər.

Yarımçıq doğuş ana üçün də təhlükəlidir

Yarımçıq gerçəkləşən doğuş, sadəcə uşaq üçün yox, ana üçün də təhlükəlidir. Hər ana evə körpəsi ilə qayıtmaq, onu qucağına almaq, qayğısına qalmaq istəyir. Bəs vaxtından əvvəl gerçəkləşən doğuş zamanı nə baş verir? Ana körpəsinə toxuna bilmir, onun müalicə və müxtəlif manipulyasiyalara ehtiyacı olduğunu dərk edir. Bir ana üçün uşağını

mürəkkəb tibbi avadanlıqların arasında, içərisində görmək çox çətindir. Ana olmağı bacarmadığı düşüncəsi fikrindən çıxmır. Bu və bu kimi düşüncələrlə təkrar hamilə qalmaq istəməyənlər belə olur.

Yarımçıq doğuş niyə baş verir: səbəb çox, nəticə birdir

Bu qədər ağır nəticəsi olan bir vəziyyətin səbəbi nədir, bilirsizmi? Güvənli ana bətnini buraxıb onlar niyə tələsir, hara tələsir? Belə görünür ki, hər şeyin səbəbkarı valideynlər, valideyn olmağa tələsənlər, ya da valideyn olmağa hazır olmayanlardır. Ya da, sadəcə ana bətnindəki mühit “güvənilməz” olur və o, yerini dəyişməyə “qərar” verir. Beləliklə, ana bətnində mühit nə zaman pozulur, ona baxaq. Həkim-pediatr Pəri Məmmədovanın sözlərinə görə, ananın keçirdiyi genetik və infeksion xəstəliklər, onun psixoloji vəziyyəti, zərərli vərdişləri və yaşı ilə əlaqədar müəyyən faktorlar doğuşun vaxtından əvvəl baş verməsinə səbəb olur. Məsələn, ata 17 yaşdan kiçik, ana isə 17 yaşdan kiçik və 35 yaşdan böyük olanda erkən doğum riski yarana bilir.

Amma bu, səbəblərin hamısı deyil. P. Məmmədova çoxsaylı faktorlar arasında vaxtından əvvəl baş verən doğuşa səbəb olaraq sosial-iqtisadi, sosial-bioloji və kliniki amillərə diqqət çəkir. Mütəxəssisin sözlərinə görə, qarşılaşdıqları faktlara bunlardan biri də səbəb olur, bir neçəsi də: “Məsələn, ən çox qarşılaşdığımız faktorlar sırasında sosial-iqtisadi səbəblər var. Yəni istehsalatda ağır metal duzların, kimyəvi reaktivlərin təsirinə məruz qalanlar, işi mütəmadi olaraq kompüterlə bağlı olanlar bu acı hadisə ilə qarşılaşa bilərlər”.

P. Məmmədovanın fikrincə, qadının hamiləliyə münasibəti çox önəmlidir: “Arzuolunmaz hamiləlik hallarında, xüsusən də sosial rifahın və psixoloji vəziyyətin qənaətbəxş səviyyədə olmadığı qadınlarda (məsələn, rəsmi nikahda olmayan) vaxtından əvvəl doğuş rast gəlinən haldır”.

Qadınların unutmaması gərəkən daha bir amil. Tütün aşağı bədən kütləsi olan uşağın doğulmasının risk faktorlarından biridir. Həkimlər alkoqol və ya narkotik, həmçinin tütün istifadəçisi olan qadınlarda hamiləliyin tipik fəsadları kimi ciftin öndə yerləşməsi, ciftin vaxtından əvvəl ayrılması və döl kisəsinin cırılması halları ilə tez-tez qarşılaşırlar: “Üstəlik, tütünün səbəb olduğu vaxtından əvvəl doğuşlar həm sosial təminatı aşağı, həm də yaxşı təmin olunmuş ailələrdə qeydə alınır”.

Həkimin sözlərinə görə, çoxdöllü hamiləliklərin yarısı vaxtından əvvəl doğuşlarla nəticələnir: “Doğuş yollarında müəyyən infeksiya və bakteriya daşıyıcılığı və istərsə də hamiləlik zamanı zəif qidalanma vaxtından əvvəl doğuşa səbəb ola bilər”.

P. Məmmədova deyir ki, ananın vəziyyəti, dölün sağlamlığı da hamiləliyi nəzarət altında yarımçıq sonlandırmağa gətirib çıxarır: “Ana şəkərli diabet və yüksək qan təzyiqindən əziyyət çəkirsə, çoxdöllü hamiləlikdirsə, həkimlər hamiləliyi vaxtından əvvəl sonlandırmağa qərar verə bilərlər. Uşaqda ağır dərəcəli ürək qüsuru, bətndaxili uşağın vəziyyətinin ağırlaşması, inkişafdan qalması və s. durumlarda, yaxud dölyanı maye vaxtından əvvəl axanda, cift vaxtından əvvəl ayrılanda ananın və uşağın sağlığı üçün hamiləliyin yarımçıq sonlandırılması yeganə çıxış yolu olur”.

Uşaq yarımçıq doğulmasın deyə

Dünyada uşaqların 10 faizindən çoxu vaxtından əvvəl doğulur. Hər il dünyada 1 milyondan çox körpə vaxtından əvvəl doğulma ilə əlaqədar müxtəlif ağırlaşmalardan tələf olur. Sağ qalan körpələrin bir qismində əlillik, əqli inkişafdan geriqalma, nitq, eşitmə, görmə funksiyalarının pozulmaları müşahidə edilir. Ona görə də mütəxəssislər bu riskin qarşısının alınmasında ailə planlaşdırılması və valideynlərin fizioloji, psixoloji sağlamlığının vacibliyini dönə-dönə vurğulayırlar. Eyni zamanda, hamilə qadınların qadın məsləhətxanalarında vaxtında qeydiyyata düşməsi, hamiləliyin həkim müşahidəsi altında keçirilməsi və ailələrin hamilələrin qidalanmasına, istirahətinə, psixoloji baxımdan rahatlığına çalışmaları tövsiyə olunur.

Valideyn olmağa tələsən cütlüklər bu məsələdə öz üzərinə düşəni yerinə yetirməyəndə həkimlər, xəstəxanalar, dolayısı ilə dövlət öz dəstəyini göstərir. Bundan sonrakı mərhələ uşaqlar üçün, ailələri üçün kifayət qədər ağrılı prosesdir. Bu yükü azaltmaq, xəstəxanaların problemin öhdəsindən gəlməyini təmin etmək üçün ölkəmizdə çox iş görülür. Həmin tədbirlərin Azərbaycanda icraçılarından olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bu istiqamətdə məqsədyönlü iş qurub.

Yarımçıq doğulanlara 221 adda xidmət

Belə ki, ana və uşaqların sağlamlığının müdafiəsi, uşaqlara, xüsusilə vaxtından əvvəl doğulan körpələrə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması Agentliyin fəaliyyətində prioritet sahədir. İlk növbədə xüsusi qayğıya ehtiyacı olan bu uşaqların ödənişsiz tibbi xidmətdən yararlanmasını təmin etmək və ailənin maddi rifahını qorumaq üçün icbari tibbi sığortanın Xidmətlər Zərfinə 221 adda tibbi xidmət daxil edilib. Stasionar şəraitdə göstərilən bu terapevtik xidmətlər körpələrin həyatının xilas edilməsində, yarana biləcək əlillik hallarının qarşısının alınmasında mühüm rol oynayır. Bu xidmətlərə ürək-damar və tənəffüs sistemlərinin xəstəlikləri, qan xəstəlikləri, yoluxucu xəstəliklər, həzm sisteminin pozulması, qanitirmə, qansızma, iflic, maddələr mübadiləsinin pozulması və başqa səbəblərdən yenidoğulmuşun zədələnmələri və travmaları ilə bağlı ağırlaşmaların müalicəsi daxildir.

Bu il ərzində 4 000 uşaq yardım alıb

Rəqəmlərə görə, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində vaxtından əvvəl doğulmuş 4 000-dən çox körpə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərlə əhatə olunub. Həmin xidmətlərin vaxtında və qüsursuz göstərilməsi üçün “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq davamlı surətdə müvafiq dövlət tibb müəssisələrinin avadanlıq, dərman vasitələri və tibbi ləvazimatla bağlı təchizatı da aparılır. Son iki ildə stasionar şəraitdə göstərilən tibbi yardımla bağlı 11 adda avadanlıq tibb müəssisələrinə təqdim olunub. Üstəlik, bu xidmətlərdən vaxtından əvvəl doğulmuş körpələrlə yanaşı, bütün yenidoğulmuşlar yararlanıblar. Tibb müəssisələrinin dərman vasitələri ilə təchizatı da daim diqqətdə saxlanılır. Xəstəxanalar vaxtından əvvəl doğulmuş uşağın inkişafında mühüm rol oynayan 15 adda preparatla, həmçinin 63 adda tibbi ləvazimatla təchiz olunub.

Söz yox, dövlət Agentliyin simasında vətəndaşın – anaların və körpələrin yanındadır. Xəstəxanalarda peşəkar və yardım üçün hər cür təmin olunmuş bir komanda hazır vəziyyətdə gözləyir. Amma valideyn olmağa hazırlaşarkən unutmamağımız gərəkən önəmli məqamlar var və onların başında məsuliyyət gəlir. Bətnində böyüyən canın sağlamlığı üçün verilən tövsiyələrə qarşı məsuliyyət!

Qafqazinfo.az

Zəng sifariş et