29 Aprel 2021 16:19

Vüqar Qurbanov: “İcbari tibbi sığortanın tətbiqi ilə Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoydu”

– Vüqar müəllim, 1 apreldən icbari tibbi sığortanın tətbiqinə başlanıldı. Bu ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı hansı işlər görülüb?
– Bildiyiniz kimi, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Beləliklə, bütün ölkə əhalisi icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə etmək hüququ qazanıb.

Qeyd edim ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərən dövlət tibb müəssisələrində hazırlıq və təkmilləşdirilmə işləri davam etdirilir. Beynəlxalq qaydalara uyğun olaraq, ambulator-poliklinik xidmətlər poliklinikalarda göstəriləcək. Bu məqsədlə xəstəxanalarda ambulator-poliklinik xidmət göstərən heyətin poliklinikalara köçürülməsi işləri icra olunur. Eyni zamanda təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələrinin bazasında Təcili Tibbi Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub. Həmçinin tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları infra­struk­turunun qurulması, kompüter avadanlıqları ilə təchizatı və internetə çıxışın təmin olunması üzrə işlər aparılır.

– İcbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində hansı müsbət dəyişikliklərə səbəb olacaq?
– Bu gün dünyada cərəyan edən proseslər hər bir kəsi sağlamlığını daha dərindən düşünməyə vadar edir. Bu yöndə dövlət hər zaman vətəndaşının yanındadır və əhalinin sağlamlığının qorunması cənab Prezidentin daim diqqət mərkəzindədir. Səhiyyə sahəsində aparılan islahatlar, səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi, müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması buna bariz nümunədir.

2017-2019-cu illər ərzində respublikanın 3 inzibati ərazisində (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) həyata keçirilmiş icbari tibbi sığorta üzrə pilot layihənin müsbət nəticələri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilmiş və sistemin ölkənin digər ərazilərində mərhələli tətbiqinə dair qərar verilmişdir.
İcbari tibbi sığortanın məqsədi səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaqdır. İcbari tibbi sığorta həm də səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə zəmin yaradır.

Hesab edirəm ki, icbari tibbi sığorta nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoydu. Belə ki, əhalinin tibbi xidmətlərə əlçatanlığı artdı, səhiyyə müəssisələri, eləcə də tibb işçiləri arasında sağlam rəqabət mühiti formalaşdı, səhiyyə işçilərinin bilik və bacarıqlarının artmasına daha çox imkan yarandı. İlk dəfə olaraq səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilməyə başlandı və nəticədə, onların əmək haqlarının artırılmasına səbəb oldu. Belə ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına əsasən, hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinə aylıq sabit və xidmətə görə həvəsləndirici əlavələr verilir.

– İcbari tibbi sığortanın əhali üçün faydaları nələrdir? Vətəndaşlar hansı tibbi xidmətləri icbari tibbi sığorta çərçivəsində əldə edə biləcəklər?
– İcbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Sistemin tətbiqi nəticəsində tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq və əhalinin tibbi xidmətlərə əlçatanlığı artacaq. Vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində keyfiyyətli tibbi xidmətlərdən istifadə edəcəklər. İlkin səhiyyə xidmətinin inkişafı isə xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, vətəndaşların vaxtında müalicəyə cəlb olunmasına və əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda əhalinin səhiyyə ilə bağlı maliyyə yükü azalacaq.

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər Xidmətlər Zərfində əks olunub. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və əhalinin vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir.

Xidmətlər Zərfindən bütün sığortaolunanlar istifadə edə bilərlər. Buraya təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmətlər daxildir.

İlkin dövrdə Xidmətlər Zərfinə rəsmi statistik göstəricilərə əsasən, son 5 il müddətində əhali arasında əlillik və ölüm faizi yüksək olan xəstəliklər, eləcə də sayında davamlı artım müşahidə olunan sağlamlığın pozulması ilə bağlı digər xəstəliklər daxil edilib.

– Vüqar müəllim, qeyd etdiniz ki, icbari tibbi sığortanın tətbiqi ilə ilkin səhiyyə xidməti inkişaf edəcək. İlkin səhiyyə xidmətinin əhəmiyyəti nədədir və onun inkişafı istiqamətində hansı işlər görülür?
– Bildiyiniz kimi, ilkin səhiyyə xidməti ümumi səhiyyə sisteminin əsas başlanğıc nöqtəsidir. Vətəndaşın ilk müraciət etdiyi tibbi xidmət mərhələsidir. İlkin səhiyyə xidməti əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin və xəstəliklərin diaqnostikası və müalicəsidir. Bu xidmət sayəsində əhalinin tibbi xidmətlərə əlçatanlığı təmin edilir, xəstəliklərin erkən aşkarlanması və xəstənin vaxtında müalicəsi mümkün olur. İlkin səhiyyə xidməti əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dövlətin və vətəndaşların səhiyyə xərclərindən xeyli azad olmasına şərait yaradır.

İlkin səhiyyə xidməti ailə həkimi (sahə-terapevti, sahə-pediatrı) tərəfindən göstərilir. Sözügedən tibbi xidmət çərçivəsində ixtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin, xəstəliklərin diaqnostikası və müalicəsi, ixtisaslı həkimlərə sığortaolunanların müayinə və müalicəsi üçün göndərişlərin verilməsi, tibbi profilaktik tədbirlər və tibbi-sanitar maarifləndirmə işinin aparılması, eyni zamanda qanın ümumi analizi üçün qan nümunəsinin alınması və s. xidmətlər qarşılanır. İlkin səhiyyə xidməti ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisələrində (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) göstərilir.

Ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə icbari tibbi sığortanın tətbiq edildiyi bir sıra ərazilərdə Ailə Sağlamlıq Mərkəzləri yaradılmışdır. Ailə Sağlamlıq Mərkəzlərinin məqsədi xəstəxanaların üzərinə düşən yükü azaltmaqdır.

– Bəs Xidmətlər Zərfinə hansı cərrahi əməliyyatlar daxildir?
– İcbari tibbi sığortanın təminat verdiyi stasionar tibbi xidmətlərə əhali arasında ölüm və əlillik riski yüksək olan xəstəliklərin xəstəxanadaxili müalicəsi, eləcə də həyati vacib-dəyəri yüksək olan əməliyyatlar daxildir. Koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarında aparılan əməliyyatlar, ana­dangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və s. kimi 950 sayda cərrahi əməliyyat Xidmətlər Zərfi ilə qarşılanır. Tibb müəssisəsində stasionar müalicə zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi, nitq prosessoru, stent, endoprotez və digər xüsusi tibbi sərflər də Xidmətlər Zərfi ilə təminata alınıb.

– Stasionar tibbi xidmətlərə, həmçinin ixtisaslı həkimin müayinəsi, stasionar müalicə önü tələb olunan müayinələr, instrumental və laborator müayinələrin aparılması, medikamentoz müalicə, cərrahi müdaxilələr, fizioterapiya xidməti və s. xid­mətlər də daxildir. Həmin xidmətlər 3500-dən artıq diaqnozu əhatə edir. Bunlara miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər qan dövranı sistemi xəstəlikləri, eləcə də mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, o cümlədən hamiləlik, doğuş və zahılıq dövründə xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı müalicə və digər xəstəliklərin müalicəsi daxildir. Stasionar tibbi xidmətlər tibb müəssisəsində ixtisaslı həkim tərəfindən göstərilir.

– Vətəndaşlar dərmanları özləri almalıdır, yoxsa icbari tibbi sığorta bunu da təmin edir?
– Dərman vasitələri ilə təminat tibbi xidmətlər üzrə xərclərin əhəmiyyətli hissəsini təşkil edir. Vətəndaşların təcili təxirəsalınmaz tibbi yardım və stasionar müalicə zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfi ilə təminata alınıb. Tibb müəssisəsində ambulator tibbi yardım çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf də qarşılanır. Qeyd edim ki, ötən il tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təchizatının yax­şı­laşdırılması məqsədilə tədbirlər görülmüşdür. Belə ki, dərman vasitələrinin çeşid sayı 2019-cu il illə müqayisədə 2020-ci ildə 165%, tibbi sərflərin çeşid sayı isə 155% artırılmışdır.

Lakin ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil. Sözügedən dərman preparatları ilə təminat böyük maliyyə vəsaiti tələb etdiyi üçün ilkin dövrlərdə nəzərdə tutulmamışdır. Bu məsələ Agentliyin qarşısında duran prioritet məsələlərdən biridir və növbəti illərdə mütləq öz həllini tapacaq.

– Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının artırılması gözlənilir?
– Hər il Agentlik vətəndaşların tibb müəssisələrinə müraciətlərini araşdırır, ən çox rast gəlinən xəstəlikləri, ən çox müraciət edilən tibbi xidmətləri və Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərə ehtiyacları müəyyənləşdirir. Bütün bunların nəticəsində də Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi ilə bağlı əsaslandırılmış təklifin təqdim olunması barədə qərar verilir.

Qeyd edim ki, Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Dəyişikliyə əsasən, 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.

– İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar özəl xəstəxanalarda xidmət ala bilərlər?
– Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində ona lazım olan tibbi xidmət göstərilir. Tibbi xidmətin həmin xəstəxanada göstərilməsi mümkün olmadığı halda, müqaviləli tibb müəssisələrinə göndəriş verilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir. Müqaviləli tibb müəssisələrinə həm dövlət tibb müəssisələri, həm də Gəncə və Bakı şəhərlərində yerləşən özəl xəstəxanalar aiddir.

Elə xidmətlər var ki, onları dövlət xəstəxanası göstərə bilmir. Ona görə də özəl tibb müəssisələri ilə müqavilələr imzalanır. Özəl xəstəxanaların seçimi prosesində müəyyən meyarlar nəzərə alınır. Belə müəssisələr daha geniş spektrda xidmət təklif edən xəstəxanalar olmalıdır ki, vətəndaş ona lazım olan ambulator və ya stasionar tibbi xidməti əldə edə bilsin. Beləliklə, vətəndaş ödəniş etmədən həmin xidmətlərdən yararlana bilir. Məsələn, icbari tibbi sığorta tətbiq edilmədən öncə vətəndaş açıq ürək əməliyyatı üçün on min manata yaxın ödəniş etməli idi. Hazırda isə Agentlik müqaviləli özəl tibb müəssisələrində bu xidmətləri ödənişsiz şəkildə təmin edir. Bunun üçün ilkin mərhələdə vətəndaşın tibbi müayinələrdən keçməsi lazımdır. Həmin müayinələr TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində həyata keçirilir. Diaqnoz təsdiq olun­duqdan sonra növbəti mərhələdə həmin şəxsin açıq və ya qapalı ürək əməliyyatına ehtiyacı varsa, bu xidməti göstərmək imkanına malik olan müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

ailehekimi.az