05 Yanvar 2022 15:47

Xidmətlər Zərfində tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanır

Gələn il ölkəmizdə tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə bir sıra yeniliklər həyata keçiriləcək. Bu yeniliklər, eləcə də mövcud imkanlar barədə “vergiler.az”ın suallarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova cavablandırıb:

- Aynurə xanım, 2021-ci ildə vətəndaşlara göstərilən tibbi xidmətlərin kəmiyyət baxımından ümumi mənzərəsi necə görünür?

- 2021-ci ilin yanvar-noyabr ayları ərzində bütün ölkə üzrə 3 milyon 781 min 748 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 9 milyon 266 min 53 müraciət üzrə 20 milyon 489 min 085 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 15 milyon 981 min 486-sı (78%) 18 yaşdan yuxarı, 4 milyon 507 min 599-u (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Agentlik dövlət tibb müəssisəsində göstərilməsi mümkün olmayan tibbi xidmətlərə əhalinin istifadə imkanını təmin etmək üçün 27 özəl və təsərrüfathesablı tibb müəssisəsi ilə müqavilələr bağlayıb. Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı daim yenilənir. 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 16 min 386 nəfər müvafiq göndərişə əsasən müqaviləli tibb müəssisələrinə yönləndirilib. Bunların 464 nəfəri uşaqlar olub. Ən çox əməliyyat kardiologiya, oftalmologiya, urologiya, neyrocərrahiyyə və travmatologiya üzrə olub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat olunanların 237-si uşaqlardır. Yanvar-noyabr ayları ərzində 129-u uşaq olmaqla ümumilikdə 144 nəfər koxlear implantasiya, 300 nəfər isə endoprotezləşdirmə əməliyyatı olunub.

- 2022-ci ildə icbari tibbi sığorta haqlarının ödənişlərində hansı dəyişiklik olacaq?

- “Tibbi sığorta haqqında” Qanuna əsasən, 1 yanvar 2021-ci il tarixindən icbari tibbi sığorta haqları toplanılır. 2021-ci ildə sığorta haqları ödəyən əhali qrupları arasında qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun fondunun 8.000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilmişdi. Hazırda qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 1%, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.

2022-ci ildən sözügedən sektor üzrə işəgötürən və işçilərə tətbiq olunmuş güzəşt müddəti bitdiyindən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2%, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

- Gələn il Xidmətlər Zərfində hansı yeniliklər gözlənilir?

- “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlinə ümumilikdə 2.550 tibbi xidmət daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən, 2.800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.

Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji əməliyyatlar, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib. Xidmətlər Zərfində sığorta limiti tətbiq olunan tibbi xidmətlər - endoprotezləşdirmə, koxlear implantasiya ilə bağlı sığorta limitinin artırılması nəzərdə tutulub. Bundan əlavə, orqan transplantasiyası da gələn ildən limitli şəkildə icbari tibbi sığorta çərçivəsində qarşılanacaq.

- Vətəndaş müraciətlərinə baxılması ilə bağlı dəyişiklik olacaqmı?

- Agentlik əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, xəstəliklərlə bağlı ağırlaşmaların qarşısını almaq, habelə vətəndaş məmnunluğunu təmin etmək üçün göndəriş vərəqəsinin verilməsi qaydasına dəyişiklik edib. Belə ki, vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ambulator yardım üçün göndəriş vərəqəsi olmadan müraciət edə bilərlər.

Bundan əlavə, müqaviləli özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə təcili tibbi yardım icbari tibbi sığorta vəsaiti hesabına göstəriləcək. Özəl tibb müəssisəsi tərəfindən Agentliyə edilən müraciət əsasında tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığı yoxlanılacaq və nəticəyə uyğun tədbir görüləcək.

Digər əhəmiyyətli yenilik müxtəlif dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə vətəndaşa tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır. Belə hallar baş verdikdə sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edəcəklər. Göstərilən xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına təmin ediləcək.

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ildə TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində struktur dəyişiklikləri aparılır. Nəticələr barədə nə deyə bilərsiniz?

- Aparılan dəyişikliklərin məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir. Qeyd edək ki, struktur dəyişiklikləri nəticəsində müalicə-diaqnostika mərkəzləri rayon mərkəzi xəstəxanalarına birləşdirilib, Nərimanov rayonundakı tibb müəssisələrində ailə sağlamlıq mərkəzləri yaradılıb, elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərində tibb müəssisələri müvafiq tibb müəssisələrinin tabeliyinə verilib və s.

Gələn il tibb müəssisələrinin birləşdirilməsi, bəzi tibb müəssiələrinin maddi-texniki resursu zəngin olan tibb müəssiələrinin tabeliyinə verilməsi, tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması, tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təminat-təchizat məsələləri, maddi texniki baza, qeydiyyat sisteminin qurulması kimi işlərin icrası nəzərdə tutulub.

- Səhiyyənin inkişafında əsas amillərdən olan kadr təminatının yaxşılaşdırılması, kadrların təkmilləşdirilməsi istiqamətində Agentlik nə kimi işlər görülür?

- Gələn ildən regionlarda tibb heyəti üzrə kadr təminatını gücləndirmək üçün paytaxtdakı tibb müəssisələrində çalışan tibb heyətinin regionlardakı tibb müəssisələrinə cəlb olunması planlaşdırılır. Bu məqsədlə Agentlik tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına dəyişiklik edilərək regionlara çalışmağa gedən tibb heyətinə əlavə məvaciblərin verilməsi nəzərdə tutulub.

Kadr təminatını yaxşılaşdırmaq üçün “Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi Proqramı” icra olunacaq. Proqram çərçivəsində 3 layihənin həyata keçirilməsi planlaşdırılır:

- xaricdə təhsil almış həkimlərimizi ölkəmizdə çalışmağa cəlb etmək;

- baş tibb bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdə təcrübə keçməklərini təmin etmək;

- biomedikal mütəxəssislər hazırlamaq.

Tibb işçilərinə verilən həvəsləndirici əlavələrin elektron qaydada hesablanması məqsədilə tibb müəssisələri üçün proqram təminatı istifadəyə veriləcək. Bu da öz növbəsində tibb və qeyri-tibb heyətinin aldığı yekun əməkhaqqının hansı əlavələr əsasında formalaşdığını müəyyənləşdirməyə və həvəsləndirici əlavələrin vaxtında alınmasına imkan verəcək. Əlavə olaraq Agentliyin saytında yeni xidmət - kalkulyator yaradılacaq. Kalkulyator vasitəsilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb və qeyri-tibb heyəti həvəsləndirici əlavələrini və əməkhaqlarını özləri rahat şəkildə hesablaya biləcəklər.