“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.
TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.
Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 13 may 2022-ci il tarixində Fərman imzalamışdır. Fərmana əsasən TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədrindən, Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, Agentliyin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır.
TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi isə TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirir. Fərmana uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti TƏBİB həyata keçirir.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir.
Vətəndaşlara tibbi xidmətlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaşa Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir.
TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 206 A "Capital Towers" Biznes Mərkəzi, AZ 1065
Rəhbərlik: Vüqar Qurbanov - TƏBİB-in icraçı direktoru.
TƏBİB Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmışdır. Həmin Fərmana uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (istisnalar olmaqla) TƏBİB-in tabeliyinə verilmişdir. TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilib. Qərar 2020-ci ilin yanvarın 1-dən qüvvədədir.