Loading...

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli 2592 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən bu qurum fəaliyyətə başlamış, 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə onun əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır.

Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinin məqsədi:

  • Əhalini icbari tibbi sığortaya cəlb etmək;
  • Baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək;
  • Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək;
  • Sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq;
  • İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etmək.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • İcbari tibbi sığorta sahəsində vahid siyasətin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
  • Əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;
  • İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq;
  • İcbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
  • İcbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək.

Agentliyin strateji planı:

Gələcəyə baxış

Əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etmək.

Agentliyin missiyası:

Zamanından və məkanından asılı olmayaraq sığorta olunanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək.

Agentliyin dəyərləri:

  • Şəffaflıq
  • Əlçatanlıq
  • Güvənlilik
  • Peşəkarlıq
  • Ədalətlilik

Pilot layihə

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci il 16 fevral tarixli 1830 Fərmanına əsasən isə habelə Ağdaş rayonunda icbari tibbi sığorta pilot layihə şəklində 1829 tibbi xidməti əhatə edən baza zərfi əsasında həyata keçirilir. Gələcəkdə isə icbari tibbi sığortanın mərhələli şəkildə bütün ölkə üzrə tətbiqi planlaşdırılır.

Baza zərfi ilə əhatə olunmayan 1186 tibbi xidmət (istisnalar) mövcuddur. Bu xidmətləri əldə etmək üçün vətəndaşlar rəsmi qaydada ödəniş aparmalıdırlar.

İcbari tibbi sığortanın pilot layihəsindən faydalanmaq hüququna malik olan şəxslər:

  • “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında qeydiyyata alınmış Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında qeydiyyata alınmış müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər;
  • Sözügedən ərazilərdə məskunlaşmış məcburi köçkünlər.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:

  • Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
  • İlkin tibbi-sanitariya yardımı;
  • Ambulator şəraitdə müayinə və müalicə;
  • Stasionar müalicə;
  • Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);
  • Fizioterapevtik xidmətlər;
  • Laborator müayinələr;
  • Hamiləlik və doğuş xidməti;
  • Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);
  • Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
  • Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);
  • Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.1

Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri