11.04.2025, 17:05
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İsrail Dövlətinə işgüzar səfər edib. Səfərin məqsədi İsrailin qabaqcıl tibbi sığorta modeli, səhiyyənin maliyyələşdirilməsi mexanizmləri, tibb müəssisələrinin idarəedilməsində sığorta sisteminin rolu və bu sahədə tətbiq olunan innovativ yanaşmalarla tanışlıq olub.
Keçirilən görüşlər çərçivəsində nümayəndə heyəti səhiyyənin təşkili və maliyyələşdirilməsi üzrə aparıcı qurumların – “Clalit” və “Maccabi” tibbi xidmət təminatçıları, həmçinin ölkənin təcili yardım və fövqəladə hallar üzrə milli tibbi xidməti “Magen David Adom” və tibbi innovasiyalar sahəsində ixtisaslaşmış “Sheba Hospital” kimi nüfuzlu tibb müəssisələrinin rəhbər şəxsləri ilə bir araya gəlib.
Tərəflər arasında səhiyyə sisteminin elektronlaşdırılması, tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu məqsədlə tətbiq olunan strateji yanaşmalar, habelə pasiyent məmnunluğunu artırmağa yönəlmiş idarəetmə təcrübələrinə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda, İsrailin tibbi sığorta sistemində xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması və xərclərin optimallaşdırılması istiqamətində atılan addımlar, həmçinin bu sahədəki rəqəmsal həllər və texnoloji yeniliklər barədə məlumatlar verilib.
Səfər ölkəmizdə icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və bu təcrübənin ölkəmizə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.