Loading...

“Xəstəni 3 dəfə ölümdən geri döndərə bildik” - KTM-in Təcili tibbi yardım şöbəsindən reportaj

19.07.2023, 14:41

Üç ildən artıqdır ki, icbari tibbi sığorta çərçivəsində bütün ölkə vətəndaşları Xidmətlər Zərfinə daxil olan tibb xidmətlərdən rahatlıqla istifadə edə bilir. Bu, səhiyyə sisteminə olan inamı dirçəltməklə yanaşı, həm də illərdir adı neqativlə assosiasiya olunan bir çox tibb müəssisələrinə yeni müsbət imic qazandırır. “Qafqazinfo” bu gün onlardan biri – vaxtilə “Semaşko” kimi tanıdığımız Kliniki Tibbi Mərkəzin (KTM) Təcili tibbi yardım şöbəsinə baş çəkib, tamamilə yenidən qurulan şöbənin iş prinsipi ilə yerində tanış olub.

Xəstəxananın əsas dayaqlarından olan bu şöbə Cənubi Qafqazın ən böyük Təcili tibbi yardım şöbəsi hesab olunur. Avropa ölkələrinin təcili yardım xidmətindəki uğurlu təcrübəsi əsasında yaradılan şöbə triaj (təcili yardım xidmətində tibbi müdaxilənin prioritetləşdirilməsi) sisteminin qurulması ilə fərqlənir.

KTM-in Təcili tibbi yardım şöbəsinin təcrübəli həkimi Rüstəm Nəsirovun sözlərinə görə, sözügedən yeniliyin başlıca məqsədi xəstəxanaların stasionar və ambulator şöbələrinin iş yükünü azaltmaq və kadr potensialından səmərəli istifadəni təmin etməkdir: “Artıq bir neçə ildir ki, xəstəxananın Təcili tibbi yardım şöbəsi yenidən qurulub, yeni tələblərə cavab verən defibrilyatorlar, perfuzorlar, infuzomatlar, reanimasion tədbirlərin görülməsində həkimin əlindən tuta biləcək bir çox cihazlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınıb. İş prinsipimiz xəstələrə vaxtında və keyfiyyətli xidmət göstərməkdir və şöbəmizdə bu proses ideal şəkildə qurulub”.

Təcili tibbi yardım şöbəsi 3 – qırmızı, sarı və yaşıl zonalardan ibarətdir. Qırmızı zonaya adından da bəlli olduğu kimi, təcili yardımla gələn və ya özü müraciət edən ağır xəstələr yerləşdirilir. Burada xəstəyə ilk tibbi yardım göstərilir və vəziyyəti dəyərləndirildikdən sonra müvafiq şöbələrə yönləndirilir. Səhhəti düzələn xəstələr isə sarı zonaya keçirilir. Yaşıl zonaya əsasən, özləri müraciət edən nisbətən yüngül xəstələr daxil olurlar. Onlar triajlanır, lazım olarsa sarı və ya qırmızı zonaya göndərilir. Yaşıl zonadakı xəstələr həkim tərəfindən müayinə olunur, şikayətinə uyğun yardım göstərilir. Ehtiyac olarsa, stasionarda qalır və ya evə buraxılır.

R.Nəsirovun sözlərinə görə, xəstəxananın yeni təcili yardım avtomobilləri ilə təchiz olunması ağır xəstələrin qısa zamanda lazımi şöbələrə çatdırılmasına kömək edir: “Bu şöbədə gün ərzində 200-dən çox xəstə qəbul edə bilirik. Hər 3 zonada 40-a yaxın çarpayı mövcuddur. Klinikaya ən son avadanlıqlarla təchiz olunmuş 2 yeni reanimobil verilib və təcili yardım avtomobillərinin sayı 3-ə çatdırılıb. Bu da ağır xəstələrin qısa zamanda lazım olan şöbələrə çatdırılmasına imkan yaradır.

...Gələn ağır xəstələri qəbul edəndə, sanki, sən onun obrazına girirsən, onun yaşadıqlarını yaşayırsan. Yalnız bir istəyin olur ki, onu bu vəziyyətdən çıxarasan. Burada həkimin edəcəyi saniyələr və ani verilən qərarlardır. Fikrimizdə bir şey olur ki, xəstəni geriyə qaytaraq. Demək olar ki, hər həftə belə xəstələrimiz olur və KTM-in həkimi olaraq onlara lazımi yardım edə bilirik”.

Xüsusi mühafizə ilə qorunan girişdən sarı zonaya, oradan da qırmızı zonaya yönəlirik. Bizim üçün sadəcə ekskursiya səciyyəsi daşıyan bu zonalar ən ağır xatirələri özündə daşıyır. Hər gün çətin vəziyyətdə olan xəstələrlə həyat uğrunda mücadilə aparanlardan biri də Təcili tibbi yardım şöbəsinin terapevt həkimi Nicat Rzayevdir: “Həyati təhlükəsi olan xəstələr CPR otağına (kardiopulmonar reanimasiya otağı) daxil olur. Ən çox müraciətlər avtoqəzalar zamanı alınan travmalar, döyülmə, bıçaqlanma halları ilə bağlıdır və belə xəstələr cərrahi bölümə alınır. Sarı zonada fəsillə əlaqədar qida zəhərlənmələrindən, günvurmalardan, allergik və digər xəstəliklərdən əziyyət çəkən pasiyentlər yerləşdirilir”.

Həkimin sözlərinə görə, qırmızı zonaya daha çox insult, infarkt, beyin qansızması kimi şikayətlərlə daxil olurlar. Belə xəstələr dərhal beyin tomoqrafiyası olunur. İxtisaslı həkim baxışından sonra reanimasiyaya və ya stasionara yerləşdirilir.

Çox ağır rejimdə çalışmalarına baxmayaraq, buradakı tibb heyətinə motivasiya verən xəstələrin həyata qaytarılması, xəstəxananı məmnun tərk etmələridir: “Bir xəstəmiz “103” xidməti vasitəsilə, ağciyərin xroniki obstruktiv xəstəliyi ilə daxil olmuşdu. Saturasiyası 60 idi, nəfəs ala bilmirdi, nəfəsi hər an dayana bilərdi. Bir saat ərzində

xəstəyə bütün yetərli müdaxilələr olundu, onu vəziyyətdən çıxardım və reanimasiyaya yerləşdirdim. Hər gün məlumat alırdım, vəziyyəti yaxşılaşandan sonra stasionara yerləşdirilmişdi. 3-4 gün sonra eyni xəstə başqa bir şikayətlə təsadüfən mənim növbəmə rast gəldi. Yaxınlarının və özünün dəhlizdə insanların içərisində qaçıb məni qucaqlamaları, təşəkkür etmələri möhtəşəm hisdir, hər şeyə dəyərdi. Xəstə dəhlizdə qışqırır, camaata deyirdi ki, bu həkim məni xilas edib.

...Xatırlayıram ki, bir xəstə ritm pozuntusu ilə təcili yardım şöbəmizə daxil olmuşdu. Ürəyi dayanmışdı, dərhal CPR otağına aldıq. 2-3 dəfə ölüm baş verdi, 45-50 dəqiqə ərzində masaj, elektroşok verdik və personalımızın yüksək səviyyəli işi sayəsində xəstə 3 dəfə ölümdən geri döndü”.

Qeyd edək ki, ambulans xidmətindən yararlanmaq üçün vətəndaş 103 nömrəsinə zəng etməlidir. Ambulator və stasionar şəraitdə təcili və təxirəsalınmaz tibbi yardım icbari tibbi sığorta ilə vətəndaşa dərhal göstərilir. Bu zaman istifadə olunan dərman, tibbi sərf və qidalanma da icbari tibbi sığorta çərçivəsində qarşılanır.

Müsahibimiz deyir ki, son dövrdə xəstəxanaya cəlb olunan uzman həkimlərin sayı çoxdur. Həmçinin Təcili tibbi yardım şöbəsində də xaricdə təhsil almış peşəkar mütəxəssislər çalışır və təcrübələrini digər həkimlərlə bölüşürlər.

Tibb müəssisəsində müalicə alan pasiyentlərlə də həmsöhbət olduq, onların şəraiti ilə maraqlandıq. Bir həftə əvvəl xəstəxanaya ağır vəziyyətdə daxil olmuş Əsirbəyim Əhmədova artıq sağalmaq üzrədir: “Pilləkəndən yıxılmışdım, belimin fəqərə sümüyü sınmışdı. Ağır vəziyyətdə xəstəxanaya gətirilmişdim. İcbari tibbi sığorta ilə əməliyyat olundum. 1 həftədir buradayam, bu müddət ərzində bütün xərclərimizi - əməliyyat, qalmaq, yemək və dərman xərclərinin hamısı sığorta ilə qarşılanıb. Bütün işçilərdən razıyam...”

Xəstəxananı bu təəssüratla tərk etməyə macal tapmırıq. Girişdə bizi təcili yardım avtomobilinin sayrışan işıq siqnalı, xərəkdə qırmızı zonaya aparılan xəstə və əl-ayağa düşmüş həkimlər yola salır. Bura xəstəxananın Təcili tibbi yardım şöbəsinin gündəlik və vərdişə çevrilmiş halıdır.

Qafqazinfo.az

Son xəbərlər

Piylənmə və onun ağırlaşmaları
11.03.2025
Ətraflı oxu
Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
25.02.2025
Ətraflı oxu
Bu saytdan xəstəxanalarda göstərilən xidmətlər barədə məlumat öyrənə bilərsiniz - Müsahibə
29.12.2024
Ətraflı oxu
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26.02.2024
Ətraflı oxu
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17.02.2024
Ətraflı oxu
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10.02.2024
Ətraflı oxu
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02.02.2024
Ətraflı oxu
Трансплантация почки и печени. Сбор средств недопустим!
10.01.2024
Ətraflı oxu
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09.01.2024
Ətraflı oxu
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08.01.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri