Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Serebral iflicin stasionar müalicəsi üçün icbari tibbi sığorta hesabına 34 mindən çox tibbi xidmət göstərilib

06.10.2025, 10:12

Serebral iflic (uşaq serebral iflici) döldə və ya yenidoğulmuşda beynin inkişaf anomaliyaları və ya proqressivləşməyən zədələnməsi nəticəsində yaranan, hərəkət və duruş problemlərinin inkişafına səbəb olan nevroloji xəstəlikdir. Adətən uşaqlıq dövründə aşkarlanır və bəzən digər problemlərlə – intellekt, nitq, eşitmə və görmə qabiliyyətinin pozulması ilə müşayiət olunur.

Serebral iflicin diaqnozu əsasən kliniki əlamətlər və nevroloji müayinə əsasında qoyulur. Məsələn, nevroloji müayinə zamanı hərəkət və koordinasiya çətinlikləri, reflekslər və əzələ tonusu (əzələ gərginliyi) qiymətləndirilir, eşitmə və görmə qabiliyyətini ölçmək üçün bəzi müayinələr, laborator analizlər, elektroensefaloqrafiya (EEQ) müayinələri edilir. Beynin strukturunda anomaliyaları aşkarlamaq üçün isə ən effektiv üsul olaraq MRT-dən istifadə olunur. Həkim göstərişi ilə alternativ üsul kimi KT müayinəsi də seçilə bilər.

Serebral iflic tam müalicə edilə bilməsə də, simptomları idarə etmək mümkündür. Müalicənin əsas məqsədi əzələ gərginliyini aradan qaldırmaq və tonusunu azaltmaq, ağırlaşmaların qarşısını almaqdır. Bu məqsədlə həm konservativ, həm də cərrahi müalicə üsullarından istifadə olunur. Konservativ müalicə üsulları kimi əsasən fizioterapiya və reabilitasiyaya üz tutulur. Bu müalicə üsulu ilə tonusu normallaşdırmaq, hərəkətlərin koordinasiyasını yaxşılaşdırmaq mümkündür. Ağırlaşma hallarında isə stasionar terapevtik müalicəyə üz tutulur.

Ötən il ərzində icbari tibbi sığorta hesabına serebral iflicin stasionar müalicəsi üçün 34 mindən çox tibbi xidmət göstərilib.

Cərrahi müalicəyə neyrotomiya (sinirlərin kəsilməsi), tenotomiya (vətərlərin kəsilməsi), əzələ və vətərlərin uzadılması, köçürülmə və transplantasiyası, artrodez və osteotomiyaları misal göstərmək olar.

Serebral iflicli pasiyentlərin müalicəsi nevroloq, fizioterapevt, reabilitoloq, LOR, oftalmoloq, neyrocərrah, ortoped-travmatoloq və digər ixtisaslı həkimlərin birgə işi nəticəsində aparılır. Erkən diaqnoz və reabilitasiya çox vacibdir. Həyat keyfiyyətini artırmaq üçün müalicə uzunmüddətli və sistematik şəkildə aparılmalıdır.

Sadalanan müayinə və müalicə üsulları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində, göndəriş əsasında isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) icra olunur.

Xəstəlik barədə əhalinin məlumatlılığının artırılması erkən diaqnostika və müalicənin vaxtında təyin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, serebral iflic ana bətnində, doğuş zamanı və ya doğuşdan sonra beynin zədələnməsi ilə əlaqədar ola bilər. Serebral iflicin bətndaxili səbəblərinə bunlar aiddir: ananın kəskin və ya xroniki xəstəlikləri (hipertoniya, ürək qüsurları, anemiya, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzin xəstəlikləri və s.), hamiləlik dövründə müəyyən dərmanların qəbulu və  zərərli iş şəraitində işləmək, alkoqolizm, stress, hamiləlik zamanı travma, uşaqlıq qanaxması, plasentar qan  dövranının anomaliyaları, ana və dölün qanı arasında immunoloji uyğunsuzluq (ABO, Rh faktoru və digər sistemlər) və s. Vaxtından əvvəl doğuş, çoxdöllü hamiləlik, kəskin oksigen çatışmazlığı, travmatik doğuş, yenidoğulmuşda meningit, ensefalit və ya digər beyin infeksiyaları, baş travmaları, beyin qanamaları da serebral iflicin digər yaranma səbəblərindəndir.

Qeyd edək ki, uşaqda 3-4 aylığında başını düz tuta bilməmək, 6-7 aylığında oturmamaq, əllərini və ayaqlarını qeyri-bərabər hərəkət etdirmək, sıx-sıx qıcolmalar (epileptik tutmalar) keçirmək, nitqdə gecikmənin olması kimi əlamətlər olduğu təqdirdə erkən diaqnoz və müdaxilə üçün valideynlər diqqətli olmalı və həkimə müraciət etməlidirlər.

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue