12 Mart 2019 10:58
Ağdaş rayonunda ümumi əhali arasında keçirilən sorğunun nəticələri açıqlanıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2018-ci ilin dekabr ayında keçirilən “İcbari tibbi sığorta sisteminin Ağdaş rayonunda tətbiqinə dair ümumi əhalinin məmnunluğunun qiymətləndirilməsi üzrə sosioloji sorğu”nun nəticələri əsasında hazırlanan analitik hesabatı ictimaiyyətə təqdim edib. Sorğu “Era Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilib.
400 nəfər arasında aparılan sorğuda respondentlərin icbari tibbi sığortanın (İTS) tətbiqi haqqında məlumatlılıq səviyyəsi, İTS-nin tətbiqinə münasibəti, İTS çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi, ödənişsiz tibbi xidmətlərə əlçatanlığı və s. öyrənilmişdir.
Sorğuda iştirak edən respondentlərin əksəriyyətinin İTS-nin tətbiq olunmasına münasibəti müsbət olub (85.1%).
Sorğunun nəticələri onu deməyə əsas verir ki, Ağdaş rayonunda İTS çərçivəsində göstərilən tibbi xidmətlərdən ümumi əhalinin 89.7%-i məmnundur. Respondentlərin 73.7%-i tibbi xidmətlərin keyfiyyətini yüksək qiymətləndirib.
Sorğu zamanı respondentlər tərəfindən cibdən ödənişlərin ləğv olunması (76.7%), tibb müəssisəsinin sanitar – gigiyenik şəraiti (85.9%), ödənişsiz tibbi xidmətlərə (76%) və həyati vacib-dəyəri yüksək olan əməliyyatlara əlçatanlıq (69.5%) müsbət qiymətləndirilib.
İTS-nin tətbiqi dövründə Ağdaş rayonunda 15 Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyət göstərməyə başlayıb. ASM-də olarkən göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinə gəldikdə sorğu nəticəsində məlum olmuşdur ki, respondentlərin 98.4%-i ailə həkimlərinin xidmətlərindən razıdır.
Sorğunun nəticələrinə əsasən İTS-nin tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən respondentlərin sayı kəskin şəkildə azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin 67.8%-dən 13.5%-ə qədər endiyi müşahidə edilib. Respondentlərin maddi sıxıntı keçirməsi hallarının azalmasına səbəb isə pilot ərazilərdə rəsmi qeydiyyatda olan sakinlərin baza zərfinə daxil olan 1829 adda tibbi xidmətdən ödənişsiz istifadə edə bilməsidir.
Qeyd edək ki, sözügedən hesabat 2018-ci ilin əvvəlində Ağdaş rayonunda keçirilmiş sorğunun nəticələri ilə müqayisəli şəkildə verilib.
Məlumat üçün bildirək ki, Ağdaş rayonunda ilin əvvəlində “Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzi” İctimai Birliyi tərəfindən İTS-nin tətbiqindən əvvəlki dövrü əhatə edən müddət (2017-ci il, 12 ay) üzrə sorğu aparılmışdır. İTS-nin Ağdaşda sorğunun keçirildiyi vaxtdan bir ay əvvəl tətbiq olunduğunu, burada yaşayan vətəndaşların İTS sistemi barədə az məlumatlı olduğunu nəzərə alaraq bəzi parametrlər üzrə ümumi əhalinin fikri bu regionda öyrənilməmişdir və 2018-ci ilin sonunda sorğunun təkrar keçirilməsinə zərurət yaranmışdır.
Sorğular Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 fevral tarixli 1830 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqinə dair tədbirlər planı”nın 14-cü bəndinə əsasən keçirilmişdir. Həmin bənddə pilot ərazilərdə əhali məmnuniyyətinin ölçülməsi məqsədilə sorğuların keçirilməsi nəzərdə tutulmuşdur.
Hesabatla Agentliyin rəsmi internet saytından (its.gov.az) tanış ola bilərsiniz.
Xəbərlər
Zaur Əliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
27 Yanvar 2023 17:16
Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
25 Yanvar 2023 17:11
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
25 Yanvar 2023 16:35
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib
24 Yanvar 2023 17:00
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
19 Yanvar 2023 16:19
Agentliyin maarifləndirmə kampaniyası uğurla icra olunub
18 Yanvar 2023 15:30
TƏBİB-in tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya təlimi keçirilib
27 Dekabr 2022 11:35
Zaur Əliyev Şamaxı rayonunda vətəndaşları qəbul edib
23 Dekabr 2022 17:30
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 Dekabr 2022 17:25
2022-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib
21 Dekabr 2022 16:45