24.01.2025, 17:15
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yanvarın 24-də Bərdə Rayon Mərkəzi Xəstəxanasında Bərdə və Tərtər rayon sakinlərini qəbul edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Mingəçevir filialının rəhbərinin, Bərdə və Tərtər Rayon mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 30 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən icbari tibbi sığorta hesabına müayinə-müalicə, tibbi göndərişlərin verilməsi, dərman təminatı, əlillik məsələləri, iş və əmək münasibətləri ilə bağlı olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.