Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır

23.08.2024, 11:31

Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın endoskopik müayinəsidir. İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 24 857 sayda qastroskopiya müayinəsi icra olunub.

Ürəkbulanma, qusma, iştahasızlıq, davamlı mədə ağrısı, udma aktının çətinləşməsi və ağrılı olması, qida qəbulundan sonra mədədə ağırlıq və tez doyma hissi, qarının yuxarı hissəsində ağrı, ishal və ya qəbizlik, anemiya, mədə-bağırsaq qanaxması və s. simptomlar qastroskopiya müayinəsi üçün göstəriş hesab oluna bilər. Qastroskopiya xüsusi endoskopik avadanlıqdan – ucunda linza olan uzun, nazik və elastik boru olan qastroskopdan istifadə edilməklə aparılır. Bu boru ağızdan qida borusu və mədəyə, sonra isə onikibarmaq bağırsağa qədər daxil edilir.

Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın selikli qişasının vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə, iltihab ocaqları, xora, törəmə və digər xəstəlikləri aşkar etməyə imkan verir. Digər instrumental diaqnostika metodları (USM, KT, MRT daxil olmaqla) mədə-bağırsaq traktının belə dəqiq təsvirini verə bilmir.

Qastroskopiya həm təcili, həm də planlı şəkildə aparıla bilər. Təcili qastroskopiyaya səbəb əsasən xəstənin həzm sistemində  qanaxma, qida borusu və mədədə yad cisimlər olduğu zaman aparılır. Bu zaman diaqnostika ilə yanaşı, xəstənin həzm sistemində olan yad cisim çıxarılır, qanaxma dayandırılır. Planlı müayinə isə qida borusu, mədə və onikibarmaq bağırsaqda xroniki xəstəliklər olduğu zaman aparılır. Müayinədən əvvəl mədə boş olmalıdır. 6-12 saat əvvəl heç bir qida və maye qəbuluna icazə verilmir.

Müayinə yerli və ümumi anesteziya (sedativ (yuxu gətirici) preparatın venadaxili yeridilməsi) ilə icra edilə bilər. Yerli anesteziya ilə (sedasiyasız) prosesin icrası adətən 4-5 dəqiqə, sedasiya ilə 35 dəqiqə davam edir. Pasiyentlər tibbi müayinədən sonra normal həyat fəaliyyətinə davam edə bilirlər. Qeyd edilən tibbi xidmətin ambulator və stasionar şəraitdə göstərilməsi zamanı aparılan anesteziya da icbari tibbi sığorta ilə qarşılanır. Bundan əlavə, qastroskopiya zamanı patoloji dəyişikliklər aşkar edilərsə, şübhəli sahələrin biopsiyası və götürülən materialın histoloji müayinəsi də sığorta hesabına aparılır.

Planlı qastroskopiyanın icrası üçün bir sıra əks göstərişlər mövcuddur. Buna görə də, qastroskopiya təyin edilmiş pasiyentlərin sağlamlıq vəziyyəti araşdırılır. Ağır tənəffüs və ürək-damar çatışmazlığı, kəskin miokard infarktı, onurğa sütunu və döş qəfəsinin artıq dərəcədə deformasiyası, beyin qan dövranının kəskin pozulmaları və digər xəstəliklər zamanı diaqnostika uyğun sayılmır.

Qastroskopiya TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi göstəriş əsasında ixtisaslı həkim təyinatı ilə icra olunur.

Son xəbərlər

İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib
16.12.2025
Ətraflı oxu arrow-right-blue
“İcbari tibbi sığorta ilə ambulator dərman təminatı” mövzusunda əczaçılıq şirkətləri və aptek təşkilatları ilə görüş keçirilib
16.12.2025
Ətraflı oxu arrow-right-blue
Xəzər Tibb Mərkəzinə mediatur təşkil olunub
11.12.2025
Ətraflı oxu arrow-right-blue
Media nümayəndələri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib
08.12.2025
Ətraflı oxu arrow-right-blue
Onkohematoloji xəstəliklərin diaqnostikası icbari tibbi sığorta hesabına həyata keçirilir
01.12.2025
Ətraflı oxu arrow-right-blue
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub
28.11.2025
Ətraflı oxu arrow-right-blue
“İcbari tibbi sığorta sisteminin işləmə prinsipləri və tibbi xidmətlərin təşkili” mövzusunda təlim keçirilib
27.11.2025
Ətraflı oxu arrow-right-blue