Loading...

Süd vəzi xərçənginin diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır

24.10.2024, 10:23

Süd vəzi xərçəngi ilə mübarizənin əsas yolu erkən diaqnostikadır. İcbari tibbi sığorta hesabına süd vəzi xərçənginin diaqnostikası vətəndaşlara ödənişsiz şəkildə təqdim olunur.

Müxtəlif səbəbli müraciətlər əsasında icbari tibbi sığorta hesabına əhaliyə göstərilən süd vəzinin diaqnostik müayinəsi istiqamətində 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 22 294 sayda xidmət göstərilib.

Xəstəliyin əsas simptomlarına süd vəzisində və ya qoltuqaltı nahiyədə bərk və nahamar törəmənin əmələ gəlməsi, gilədən ifrazat, gilənin içəriyə doğru batması, süd vəzisinin ölçülərində böyümə və ya kiçilmə, yerli hərarət və qızartı, şişkinlik, dərinin portağal qabığına bənzər görünüş alması və s. aiddir.

Süd vəzi xərçənginin inkişaf etməsinə təsir edə bilən bir çox risk faktorları var. Məsələn, irsi və yaş faktorları, hormonal dəyişikliklər, 12 yaşdan tez başlayan mensturasiya, gec yaşda menopauza (55 yaşdan sonra), qadının ilk uşağını dünyaya gətirdiyi yaş və hamiləlik sayı, ana südü ilə qidalandırmamaq, siqaret və tütün məhsullarından istifadə, spirtli içkilərin qəbulu, artıq çəki və piylənmə, fiziki aktivliyin aşağı olması və s.

İcbari tibbi sığorta hesabına qarşılanan müayinələrə süd vəzi xərçənginin diaqnostikasında “qızıl standart” sayılan mammoqrafiya müayinəsi, ultrasəs müayinə (USM), maqnit rezonans tomoqrafiya (MRT), məmənin duktoqrafik müayinəsi, biopsiya və digər laborator testlər aiddir.

Süd vəzisinin yoxlanışına hər bir qadın özünü müayinə ilə başlamalıdır. 20 yaşdan yuxarı qadınlara hər menstrual siklin 5-10-cu günləri aralığında, menopauza və sonrası dövrdə olan qadınlara isə hər ayın eyni günündə  güzgü önündə vizual və əl ilə özünü müayinə etməsi tövsiyə olunur. Hər qadın süd vəzilərində baş verən dəyişikliklərə diqqət etməli və hər hansı dəyişiklik olduqda diaqnozun dəqiqləşdirilməsi üçün vaxtında həkimə müraciət etməlidir. Ümumiyyətlə, 20 yaşdan yuxarı qadınlara iki ildən bir ixtisaslı həkim tərəfindən müayinə olunmaq, 40 yaşdan yuxarı qadınlara isə ildə bir dəfə mammoqrafiya müayinəsindən keçmək məsləhət görülür. Mammoqrafiya müayinəsi zamanı alınan radiasiya (şüalanma) digər rentgenoloji müayinələr zamanı alınan radiasiyadan daha aşağı dozadadır.  Şübhəli düyün aşkarlanarsa dəqiq diaqnoz biopsiya yolu ilə qoyulur. Biopsiya zamanı süd vəzisindəki törəmədən nümunə alınır və hazırlanmış preparat mikroskop altında incələnir. Bu yolla əldə edilən nəticə dəqiq diaqnozun qoyulmasında mühüm rol oynayır.

Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınmış sözügedən müayinələrdən tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatı ilə yararlana bilərlər. Qeyd edək ki, icbari tibbi sığorta ilə qarşılanan süd vəzi xərçənginin diaqnostikası TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında həyata keçirilir.

Məlumat üçün bildirək ki, oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Dünyada hər 8 qadından biri bu xəstəlikdən əziyyət çəkir. Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə məlumatlarına əsasən Azərbaycanda süd vəzi xərçəngi qadınlar arasında yayılmasına görə xərçəng xəstəlikləri arasında birinci yerdədir.

 

Son xəbərlər

MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Parkinson xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
11.04.2025
Ətraflı oxu
Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
07.04.2025
Ətraflı oxu
Son dörd ildə icbari tibbi sığorta ilə əhaliyə 235 milyondan artıq tibbi xidmət göstərilib
01.04.2025
Ətraflı oxu
Qripin fəsadlarından qorunun – müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanır
19.03.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri