Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.31.10.2025, 11:54
30 oktyabr tarixində Bakı Ekspo Mərkəzində regionun tibb sahəsindəki mühüm və nüfuzlu tədbiri olan “Medinex 2025” sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə nazirinin müavini Rasim İsmayılov, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov çıxış edib.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov “Medinex” sərgsinin Azərbaycanda artıq ənənəyə çevrildiyini xüsusi vurğulayıb və bu tədbiri səhiyyənin inkişafı baxımından faydalı hesab edib:
“Demək olar ki, hər il biz belə bir sərgiyə toplaşırıq və bu tədbirdə Azərbaycanın səhiyyə sahəsində çalışan klinikalarının, xəstəxanalarının rəhbərləri, yüksək ixtisaslı mütəxəssislər iştirak edir. Mənə elə gəlir ki, bu, son dərəcə faydalı bir tədbirdir. Fürsətdən istifadə edərək ki, bildirmək istəyirəm ki, biz mütəmadi olaraq Tibbi Sığorta haqqında Qanuna dəyişiklik edirik. Bütün ölkə üzrə məqsədyönlü iş aparılır. Millət vəkilləri olaraq bölgələrdə əhali ilə görüşlərdə də vətəndaş məmnunluğunun səhiyyə sahəsində artdığının şahidi oluruq. Azərbaycan səhiyyə sahəsinin keyfiyyətinin yüksəldilməsi yalnız icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır”.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, dövlət başçısının rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən islahatlar nəticəsində tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı artıb:
“İcbari tibbi sığorta sistemi bu islahatların əsas dayaqlarından biridir. Hər il artıq 5 milyondan çox vətəndaş icbari tibbi sığortanın təqdim etdiyi xidmətlərdən yararlanır. Sevindirici haldır ki, ötən illər ərzində icbari tibbi sığorta təminatına daha çox xidmət əlavə olunub və olunmağa davam edəcək. Xidmətlər Zərfi ilə əhatə olunan xidmətlərin sayı 81% artırılaraq 3315-ə çatdırılıb. Bu artımlar yalnız rəqəmlərlə ölçülmür. Bütün bu göstəricilər vətəndaşların tibbi xidmətlərə daha bərabər və maliyyə yükü olmadan çıxış imkanının genişlənməsi deməkdir. Hər bir vətəndaşın maliyyə narahatlığı olmadan, vaxtında aldığı tibbi yardım və sağlam həyata qayıdışı ən böyük uğurumuzdur. 2025-ci ildə də əsas məqsədimiz Xidmətlər Zərfini əhalinin ehtiyaclarına uyğun təkmilləşdirmək, həmçinin resept əsasında yazılan dərmanları sığorta hesabına qarşılamaqdır".
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında bildirib ki, müasir texnologiyaların səhiyyədə tətbiqi daha çevik, səmərəli və şəffaf idarəetmə mexanizmləri formalaşdırır, pasiyent məmnuniyyətini artırır və xidmətlərin keyfiyyətini yüksəldir:
“TƏBİB olaraq biz yalnız tibbi xidmətlərin təşkilinə deyil, həm də innovasiyaların, sosial məsuliyyətin və dövlət-özəl əməkdaşlığının inteqrasiyasına əsaslanan layihələrin reallaşdırılmasına xüsusi önəm veririk. Bu istiqamətdə həyata keçirilən bir sıra yeniliklər arasında Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzinin yaradılmasını xüsusi qeyd etmək istərdim. Bu mərkəz ən müasir texnologiyalar vasitəsilə reabilitasiya xidmətlərinin səviyyəsini yüksəldəcək və pasiyentlərin bərpa prosesini daha səmərəli edəcək.
Digər mühüm istiqamət kimi təcili və təxirəsalınmaz tibbi yardım sistemində aparılan yeniliklər göstərilə bilər. Çağrı mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və logistik imkanların təkmilləşdirilməsi sayəsində bu xidmətin effektivliyi əhəmiyyətli dərəcədə artırılıb”.
Hazırda Azərbaycan ilə yanaşı, Belarus, Cənubi Koreya, Çin, Misir, Oman, Özbəkistan, Polşa, Qazaxıstan, İtaliya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan 80-ə yaxın şirkət sərgidə iştirakını təsdiq edib. Bu il “Medinex” sərgisinə xarici iştirakçıların marağı daha da artıb. İtaliya, Misir, Oman və Ukrayna “Medinex” sərgisində milli pavilyonlarla təmsil olunurlar. Bu, Azərbaycanda səhiyyə sahəsinə artan beynəlxalq marağın göstəricisidir və müxtəlif ölkələrin bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirir.
“Medinex” səhiyyə və tibb sahəsinin əsas sektorlarını əhatə edir. Sərginin əhatə etdiyi bölmələr tibbi avadanlıq və cihazlar, tibbi xidmətlərdə informasiya texnologiyaları, tibbi ləvazimatlar və istehlak materialları, əczaçılıq, vitaminlər və bioloji aktiv əlavələr, ortopedik cihazlar və avadanlıqlar, protez texnologiyaları və dəstəkçi cihazlar, stomatoloji avadanlıqlar, alətlər və xidmətlər, optik və oftalmoloji avadanlıqlar, uşaq tibbi avadanlıqları və ixtisaslaşmış xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik istehsal avadanlıqları və hazır həllər, tibb müəssisələri və apteklər üçün mebel, tibbi təhsil və hazırlıq, sağlam həyat tərzi üçün həllər, tibbi nəqliyyat və təcili yardım xidmətləri və s. ibarətdir.
Sərginin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Sərgi Agentlik və TƏBİB tərəfindən dəstəklənir. Eyni zamanda Agentlik və TƏBİB sərgidə öz stendləri ilə iştirak edirlər.
Sərgi noyabrın 1-nə kimi davam edəcək.