Loading...

Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub

21.06.2025, 11:56

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub.

Səfərin məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini xəstəxananın fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan planlar, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini bildirib: 

“2025-ci ilin ilk 5 ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə ümumilikdə 10 546 023 müraciət qeydə alınıb. Onlardan 219 180-i stasionar, 10 326 843-ü ambulator olub. Eyni dövr ərzində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 37 481 249 (4 889 729-u stasionar, 32 591 520-si ambulator olmaqla) olub”.

Elnur   Hidayətoğlu əlavə edib ki, TƏBİB-in “Kommunikasiya Strategiyası”na uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyəti təkmilləşdirilir, bu istiqamət üzrə işə ixtisaslı kadrlar cəlb olunur və onların bilik-bacarıqlarının artırılması üzrə mütəmadi təlimlər keçirilir, eləcə də mütəxəssislərin fəaliyyəti qiymətləndirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifovanın sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra Qobustan RMX-da daha əvvəl icra olunmayan cərrahi əməliyyatlara start verilib: “Ən mühüm dəyişikliklərdən biri artıq xəstəxanada ginekoloji (o cümlədən qeysəriyyə), LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatların icrası ilə bağlıdır. Son bir il yarımda artıq 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib ki, bu da regionda tibbi xidmətlərə əlçatanlığın artdığını göstərir. Bundan əlavə, icbari tibbi sığortanın tətbiqi ilə xəstəxananın strukturunda yeni şöbələr yaradılıb. Yeni yaradılan Fizioterapiya şöbəsində ötən ildən bu günə qədər 12 minə yaxın fizioterapevtik xidmət göstərilib ki, bu da xüsusilə reabilitasiyaya ehtiyacı olan pasiyentlər üçün mühüm əhəmiyyət daşıyır”.

Daha sonra Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, strukturu və həyata keçirilən işlər barədə məlumat verib.

O bildirib ki, hazırda xəstəxananın nəzdində 3 ailə sağlamlıq mərkəzi, 5 tibb məntəqəsi və 10 kənd həkim məntəqəsi mövcuddur, bu tibb müəssisələrində 350 nəfər çalışır. Mərkəzin nəzdindəki tibb müəssisələrində çarpayı fondunun ümumi miqdarı 70-dir:

"Tibb müəssisəsində hazırda cərrahiyyə, ginekologiya, pediatriya,  terapiya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, şüa-diaqnostika, fizioterapiya şöbələri, laboratoriya fəaliyyət göstərir.

2023-cü il ərzində Qobustan Rayon Mərkəzi Xəstəxanasına 75 min 600 ambulator, 790 stasionar və təcili tibbi yardım üzrə 10 min 200 müraciət,  2024-cü il və 2025-ci ilin ilk 5 ayında ambulator xidmət üzrə 136 min 400, stasionar xidmət üzrə 2 600, təcili tibbi yardım üzrə 16 min 400 müraciət qeydə alınıb.  2025-ci ilin ilk 5 ayında həyata keçirilən əməliyyatların ümumi sayı 155, doğum sayı 12, radioloji xidmətlərin sayı 22 min 900, laborator xidmətlərin sayı isə 65 min 800 olub”.

Günay Muradova bildirib ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili üçün xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunub:

"Region əhalisinə hərtərəfli tibbi xidmət göstərilməsi üçün xəstəxanada geniş imkanlar yaradılıb. Xəstəxana exokardioqrafiya (EXO), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal ultrasəs müayinə cihazı, teleskopik rentgen, rəqəmsal DR rentgen qurğusu, laporoskop və digər müasir maddi-texniki avadanlıqlarla tam təchiz edilib. Bundan əlavə, tibb müəssisəsində bir sıra yeniliklər həyata keçirilib - yeni tibbi cihazlar alınıb, ixtisaslaşmış həkim-mütəxəssislər işə qəbul edilib, həmçinin LOR, oftalmoloji, uroloji, laporoskopik və travmatoloji əməliyyatların icrasına başlanılıb”.

Əlavə olaraq, Günay Muradova xəstəxananın qarşısına qoyduğu hədəflər barədə də məlumat verib. O, 2025-cü ildə  əməliyyatların sayının artırılması, regional travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılmasını, Fizioterapiya şöbəsinin stasionar xidmət formatına keçirilməsini xəstəxananın əsas məqsədləri kimi vurğulayıb.

Daha sonra mediatur iştirakçıları xəstəxananın müvafiq şöbələrinə baxış keçiriblər və tibb müəssisəsində müayinə olunublar.

 

 

Son xəbərlər

Zaur Əliyev Mingəçevirdə vətəndaşları qəbul edib
20.06.2025
Ətraflı oxu
Bərdə rayonunda Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirilib
19.06.2025
Ətraflı oxu
Xroniki böyrək çatışmazlığı olan vətəndaşlara icbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ xidməti göstərilib
18.06.2025
Ətraflı oxu
Miqrenin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
10.06.2025
Ətraflı oxu
Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri