Bölgələrdə yeni inşa edilmiş həkim tibb məntəqələri istifadəyə verilib
08 Oktyabr 2021 16:26Qazax rayonunun Çaylı kəndində Yaponiya hökümətinin dəstəyi ilə inşa edilmiş həkim tibb məntəqəsi istifadəyə verilib. 2 həkim və 12 tibb işçisinin çalışdığı həkim tibb məntəqəsi 9316 nəfər əhalisi olan Çaylı və Bala Çaylı kəndlərinin əhalisinə xidmət göstərir.
Yerləşdiyi əlverişli mövqeyə görə ümumi əhalisi 6797 nəfər olan Quşçu Ayrım, Məzəm, Fərəhli, Alpout, Abbasbəyli, Ürkməzli və Dəmirçilər kəndlərinin sakinləri həkim tibb məntəqəsinin xidmətlərindən istifadə edir.
Bundan əvvəl Yaponiya və Azərbaycan hökümətlərinin dəstəyi ilə həmçinin Şamaxı rayonunun Mədrəsə qəsəbəsi və Göylər kəndində, Beyləqan rayonunun İmamverdilər kəndində, Zərdab rayonunun Məlikumudlu və İsaqbağı kəndlərində, Şəki rayonunun İnçə, Oğuz rayonunun Muxas, Ağcabədi rayonunun Kəbirli, Qusar rayonunun Düztahir, Sabirabad rayonunun Zəngənə, Şəmkir rayonunun Əliyaqublu, Yeni Göyçə, Masallı rayonunun Lürən kəndlərində tibb və həkim məntəqələri inşa edilərək yerli sakinlərin istifadəsinə verilib.