İlkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsinin yerli səhiyyə tərəfdaşları ilə müzakirəsi keçirilib
30 Sentyabr 2022 20:39Avropa İttifaqının maliyyə dəstəyilə Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-in birgə həyata keçirəcəyi ilkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsinin yerli səhiyyə tərəfdaşları ilə müzakirəsi keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər səhiyyə qurumları, o cümlədən BMT-nin Azərbaycandakı nümayəndəliyi və Heydər Əliyev Fondunun təmsilçilərinin qatıldığı tədbir Azərbaycanda ilkin səhiyyə xidmətinin gücləndirilməsi üzrə təşəbbüslərin növbəti illərdə də dəstəklənməsinə həsr olunub.
Tədbirdə çıxış edən İTSDA-nın İdarə Heyəti sədrinin müavini Nigar Bayramova ilkin səhiyyə xidmətinin əhəmiyyətindən danışıb və Agentliyin bu sahədə gördüyü işlər barədə məlumat verib:
"İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara 35 adda ilkin səhiyyə xidməti göstərilir. Agentlik vətəndaşların tibbi xidmətdən rahat istifadə etmələri üçün regionlarda Ailə Sağlamlıq Mərkəzləri yaradıb. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda da ilkin səhiyyə xidmətinin effektiv təşkili istiqamətində tədbirlər görülür".
9 milyon avro dəyərində olan layihənin məqsədi dayanıqlı ilkin səhiyyə xidməti sistemi üçün səhiyyə siyasəti və idarəçiliyini gücləndirmək, ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıqlarını inkişaf etdirmək üçün institusional imkanları genişləndirmək və seçilmiş rayonlarda prioritet ehtiyaclar üzrə ilkin səhiyyə xidmətlərini təkmilləşdirməkdir.